Məhkəmə qərarları › İş №2(051)-2070/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2070/2024

15.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2070/2024 15.11.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən xx.xx.2009-cu il tarixdə doğulmuş Leyla adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin miqdarının artırılaraq, 235 manat sabit pul məbləğində alimentin və ödədiyi 60 manat məbləğində mediasiya xərcinin tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikah qeyd etdirməklə ailə münasibətlərinə daxil olmuşdur. Onların birgə nikahlarından xx.xx.2009-cu ildə Leyla adlı bir uşaqları doğulmuşdur. Nikahlarının ilk dövrlərində ailə münasibətləri normal olmuş, mehriban yaşamışlar. Bir müddət sonra münasibətləri pozulmağa başlamışdır. Buna səbəb xasiyyətlərinin uyğun olmaması olmuşdur. Nikahları məhkəmə qaydasında pozulmuşdur. Birgə nikahdan dogulmuş uşaq onun yanında qalmışdır. Cavabdeh uşağın saxlanması üçün ona heç bir köməklik göstərməmiş, bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Bərdə Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli 2(021)-2870/2019 saylı qətnaməsinə əsasən xx.xx.2009-cu ii tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşağa 110 (yüz on) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 verilməsi, alimentin tutulma müddəti məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 25 iyun 2019-cu il tarixdən müəyyən edilməsi qət edilmişdir. Qətnamə qəbul edildiyi vaxtdan beş ildən artıq vaxt keçmişdir. Cavabdeh qətnamə ilə müəyyən olunmuş aliment məbləğini qərəzli olaraq hissə-hissə ödəyir və tam ödəmir. Hazırda aliment borcları vardır. Qətnamə çıxarılanda qızı Leyla nisbətən kiçik idi. Hal-hazırda övladı böyümüş, tələbatı artmışdır. Cavabdeh fərdi əməklə məşğuldur. Maddi imkanı çox yaxşıdır. Kifayət qədər gəlirə malikdir. Cavabdehin uşağın saxlanması üçün kifayət qədər aliment ödəməyə maddi imkanı vardır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh iddia ərizəsinə etiraz təqdim etməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə, cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, fəhlədir və ikinci ailəsi də var, özü də ağır damar xəstəsidir. 150 manat məbləğində aliment ödəyə bilər. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

«Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanunu

“Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

«Uşaq hüquqları haqqında» Konvensiya

12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaq barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir.

Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında AR Qanunu

“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024–cü il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.

Məhkəmənin mövqeyi

Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2009-cu ildə doğulmuş Leyla adlı uşağın anası X3, atası Cavabdehdur. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X3 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 72 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Əliyeva soyadı verilmişdir. İşdə olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-2870/2019 saylı qətnaməsindən görünür ki, xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh xx.xx.2009-cu ildə doğulmuş Leyla adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 110 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, tərəflər rəsmi nikah bağlamaqla evlənmiş, onların birgə nikahlarından xx.xx.2009-cu il tarixdə Leyla adlı uşaqları doğulmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-2870/2019 saylı qətnaməsinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh xx.xx.2009-cu ildə doğulmuş Leyla adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 110 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməsi qət edilmişdir. Hazırda iddiaçı təyin edilmiş alimentin məbləğinin artırılmasını xahiş edir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, Ailə Məcəlləsinin 112.1–ci maddəsi alimentin miqdarının dəyişdirilməsini (artırılmasını, azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağladığından, hazırkı iddia tələbi üzrə alimentin miqdarının artırılması üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur. İş materiallarının əlaqəli təhlili və işin müəyyən olunmuş halları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ödənilən alimentin miqdarının dəyişdirilib yaşayış minumumu həddi daxilində sabit pul məbləğində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, azyaşlı uşaq iddiaçının yanında yaşayır və onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Nəzərə alsaq ki, 2024–cü il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmiş, hazırda 110 manat sabit pul məbləğində aliment uşağın əvvəlki təminatının səviyyəsinə uyğun deyildir. Bu da onu deməyə əsas verir ki, aliment məbləğinin dəyişdirilməsi ilə bağlı iddia tələbi Ailə Məcəlləsinin 112.1–ci maddəsində göstərilən əsasları ehtiva edir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, hər iki tərəfin maddi və ailə vəziyyəti, uşağın üstün mənafeyi və iddiaçının himayəsində yaşaması, habelə digər hallar nəzərə alındıqda, aydın şəkildə görünür ki, hazırda uşaq üçün ödənilən alimentin miqdarı, onun üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır. Bundan başqa, ötən müddətdə uşaq böyüməklə onun maddi tələbatı da artmışdır. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, uşağa təyin olunmuş alimentin məbləğinin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşağın mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan hər ay 110 manat sabit pul məbləğində alimentin alınmasının müəyyən edilməsi, hazırda uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və uşağın maddi tələbatlarını tam təmin etmir. Bundan başqa məhkəmə hesab edir ki, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının artırılaraq hər ay 210 manat sabit pul məbləğində müəyyən edilməsi uşağın mənafeyinə uyğundur, həmçinin yuxarıda qeyd olunduğu kimi uşağı saxlamaq hər iki valideynin borcudur. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay 210 manat sabit pul məbləğində alimentin alınması uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Məhkəmə, həmçinin hesab edir ki, cavabdehin daha yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçı sübuta yetirə və bu barədə məhkəməyə sübut təqdim edə bilmədiyindən, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləği olan 60 manatın cavabdehdən tutulub ona ödənilməsinə dair tələbinə münasibətdə qeyd edir ki, ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, cavabdeh alimentin artırılması tələbinə dair mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 60 (altmış) manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də ilkin mediasiya xərcinin yarısı, yəni 30 (otuz) manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2009-cu ildə doğulmuş Leyla adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-2870/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay 210 (iki yüz on) manat sabit pul məbləği həddində müəyyən edilsin və Cavabdeh alınıb İddiaçı verilsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 60 (altmış) manat məbləğində pulun yarısı, yəni 30 (otuz) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar