Məhkəmə qərarları › İş №2(051)-209/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-209/2022

10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-209/2022 10.02.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 4700 (dörd min yeddi yüz) ABŞ dolları borc pulun və dövlət rüsumu kimi ödənilmiş 110 (bir yüz on) manatın alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, o, Əliyeva Səkinə Əliban qızı Cavabdeh uzun müddətdir ki, tanıyır. 2020-ci ildə cavabdeh ona yaxınlaşaraq pula ehtiyacı olduğunu bildirdi və ondan borc pul istədi. Özündə pul olduğuna görə o, cavabdehə hissə-hissə olmaqla 4700 ABŞ dolları məbləğdə borc pul vermişdir. Belə ki, o, cavabdehə 23 sentyabr 2020-ci il tarixdə 2000 ABŞ dolları. 26 yanvar 2020-ci il tarixdə 650 ABŞ dolları, 30 yanvar 2020-ci il tarixdə 650 ABŞ dolları, 01 avqust 2020-ci il tarixdə 900 ABŞ dolları və 24 sentyabr 2020-ci il tarixdə 500 ABŞ dolları olmaqla, cəmi 4700 ABŞ dolları məbləğdə pul vemrişdir. Cavabdehə ondan aldığı borc pulu yaxın vaxtda qaytaracağına söz vermiş və ondan pul almasına dair qəbz yazaraq öz imzası ilə təsdiq etmişdir. Aradan bir müddət keçəndən sonra o, Cavabdeh ona olan borcunu qaytarmasını tələb etmişdir. Lakin bunun heç bir nəticəsi olmamış və cavabdeh hər dəfə ona müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınmışdır. O, pulunu başqa qaydada cavabdehdən ala bilmir. Buna görə də əlacsız qalıb məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də məhkəmədən Cavabdeh 4700 (dörd min yeddi yüz) ABŞ dolları borc pulun və dövlət rüsumu kimi ödənilmiş 110 (bir yüz on) manatın alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbini qismən etiraf edərək məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, iddiaçıdan borc pul almış və sonradan borcundan ödənişlər etmişdir. Hazırda onun iddiaçıya 2700 ABŞ dolları borcu qalmışdır. Ona görə də məhkəmədən qətnamə çıxararkən izahatında göstərdiyi halları nəzərə almasını xahiş edir. İşə əlavə olunmuş qəbzlərdən görünür ki, Cavabdeh İddiaçı ümumilikdə 4700 (dörd min yeddi yüz) ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi əsaslıdır. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli hallar kimi müəyyən etmişdir ki, İddiaçı şifahi əqd bağlayaraq Cavabdeh 4700 ABŞ dolları məbləğində borc pul vermişdir. Cavabdeh borcu götürərkən iddiaçıya qəbz yazıb vermişdir. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim olumuş Cavabdeh tərəfindən yazılmış qəbzləri mötəbər sübut kimi qəbul etmişdir. Lakin sonradan borcalan tərəfindən aralarındakı əqdin şərtlərinə əməl olunmamışdır. Məhkəmə iclası zamanı Cavabdeh borcunun bir qismini qaytardığını iddia etmişdir. Məhkəmə hesab edir ki, bu halda borcunun qismini ödəməsi iddiasını sübut etmək yükü cavabdehin üzərinə düşür. Lakin cavabdeh bu iddiasını sübut edə biləcək hər hansı bir mötəbər sübut irəli sürə bilməmiş və yalnız formal mülahizələrlə kifayətlənmişdir. İddiaçı tərəf isə öz növbəsində cavabdehin ona 4700 ABŞ dolları borcu olduğunu bildirmiş və bununla əlaqədar Cavabdeh tərəfindən yazılmış qəbzləri sübut qismində məhkəməyə təqdim etmişdir. Məhkəmə həmin qəbzləri sadə yazılı əqd kimi qəbul edir. Ona görə də məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehin iddiaçıya 4700 ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri borc münasibətləri ilə bağlı yaranan mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Mülki Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 324.1-ci maddəsində əqdin anlayışı müəyyən edilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsində göstərilmişdir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iclasında iddiaçı öz iddia tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirə bilmişdir. Məhkəmə həmin sübutları qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitələri ilə əldə edilmiş hesab edir və qiymətləndirir. Azərbaycan Respblikası MPM-in 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respblikası MPM-in 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Cavabdeh 4700 ABŞ dolları məbləğində pul alınıb İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 110 manat məbləğdə pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə bu normaların tələblərindən çıxış edərək, işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 238-241, 357 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 4700 (dörd min yeddi yüz) ABŞ dolları (Azərbaycan Respublikası Milli pul vahidinin məzənnəsi ilə) məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 110 (bir yüz on) manat pul alınıb İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar