Məhkəmə qərarları › İş №2(051)-2113/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2113/2021

29.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2113/2021 29.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sarvvan oğluna qarşı kredit müqavilələrin ləğv edilməsi və kredit borcunun ödənilməsi tələbinə dair işə baxaraq Müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sarvvan oğluna qarşı kredit müqavilələrin ləğv edilməsi və kredit borcun tutulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X1 məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı QSC-nin məhkəməyə göndərdiyi iddia ərizəsində göstərilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 27.12.2019-cu il tarixdə 015A********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə aylıq 0.0833 faiz hesablanmaq şərti ilə 352.82 manat, 27.12.2019-cu il tarixli 015A********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə aylıq 0.0833 faiz hesablanmaq şərti ilə 463.25 manat məbləğində kredit verilmişdir. Kreditin ödənilməsinin təminatı olaraq İddiaçı QSC ilə Cavabdeh2 Sarvvan oğlu arasında 015G**********01 saylı və 015G**********01 saylı zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 müqavilənin şərtlərini pozaraq, krediti və kredit üzrə hesablanmış faizləri vaxtında ödəməmişdir. Kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməyən cavabdehlərin 27.12.2019-cu il tarixli 015A********** saylı kredit müqaviləsi üzrə 463.25 əsas borc, 6.79 manat faiz borc, 249.67 manat cərimə olmaqla, 719.71 manat borc və 27.12.2019-cu il tarixli 015A********** saylı kredit müqaviləsi üzrə 352.82 manat əsas borc, 5.10 manat faiz borc və 181.11 manat cərim olmaqla, cəmi 539.03 manat kredit borcu yaranmışdır. İddianın təmin olunmasını, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 27.12.2019-cu il tarixli 015A********** saylı və 27.12.2019-cu il tarixli 015A********** saylı kredit müqavilələrin ləğv edilməsi, kredit borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehdən alınaraq İddiaçı QSC ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sarvvan oğluna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmişlər. Məhkəmə hesab edir ki, MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə olunmuş İddiaçı QSC ilə kredit olan Cavabdeh1 arasında bağlanmış 27.12.2019-cu il tarixli 015A********** saylı kredit müqaviləsindən görünür ki, bank Cavabdeh1 60 ay müddətinə 463.25 manat məbləğində kredit verməyi, Cavabdeh1 isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşlər. İşə əlavə olunmuş İddiaçı QSC ilə kredit olan Cavabdeh1 arasında bağlanmış 27.12.2019-cu il tarixli 015A********** saylı kredit müqaviləsindən görünür ki, bank Cavabdeh1 60 ay müddətinə 352.82 manat məbləğində kredit verməyi, Cavabdeh1 isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşlər. İşdə olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 015G**********01 saylı və 015G**********01 saylı 27.05.2019-cu il tarixli zaminlik müqavilələrdən görünür ki, cavabdeh zamin kimi kredit müqaviləsinin kredit alan tərəfdən tam yerinə yetirilməməsi halda məsuliyyəti öz üzərinə götürmüşdür. İşə əlavə edilmiş kreditin köçürülməsi barədə sənəddən görünür ki, İddiaçı QSC tərəfindən 27.12.2019-cu il tarixdə Cavabdeh1 hesabına 352.82 manat pul köçürülmüşdür. İşə əlavə edilmiş kreditin köçürülməsi barədə sənəddən görünür ki, İddiaçı QSC tərəfindən 27.12.2019-cu il tarixdə Cavabdeh1 hesabına 463.25 manat pul köçürülmüşdür. İşə əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 27.12.2019-cu il tarixdə 015A********** saylı müqaviləyə əsasən cavabdehin banka 352.82 manat əsas kredit borc, 5.10 manat faiz borc və 181.11 manat cərimə olmaqla, cəmi 539.03 manat kredit borcu vardır. İşə əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 27.12.2019-cu il tarixdə 015A********** saylı müqaviləyə əsasən cavabdehin banka 463.25 manat əsas kredit borc, 6.79 manat faiz borc və 249.67 manat cərimə olmaqla, cəmi 719.71 manat kredit borcu vardır. İşə əlavə edilmiş xəbərdarlıqlardan və bildirişlərdən görünür ki, iddiaçı məsələni prenteziya yolu ilə həll etmək istəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinin tələbinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişdir. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirələn, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Müqavilənin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı cavabdehə 27.12.2019-cu il tarixli 015A********** saylı müqaviləyə əsasən 181.11 manat məbləğində cərimə, 27.12.2019-cu il tarixli 015A********** saylı müqaviləyə əsasən 249.67 manat cərimə hesablamışdır. Lakin məhkəmə hesab edir ki, cavabdehə hesablanmış cərimənin məbləği azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında da göstərmişdir ki, “MM-nin 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. (§71) Borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır”. İş materiallarından göründüyü kimi kreditor borcluya 27.12.2019-cu il tarixli 015A********** saylı müqavilə üzrə 181.11 manat, 27.12.2019-cu il tarixli 015A********** saylı müqavilə üzrə 249.67 manat məbləğində cərimə hesablamışdır. Cərimənin tənasübsüzlüyü qənaətinə gələrkən məhkəmə, cavabdehin maddi imkanını nəzərə alır. Ona görə də məhkəmə iddianın cərimənin alınması hissəsində 27.12.2019-cu il tarixli 015A********** saylı müqavilə üzrə 18 manat, 27.12.2019-cu il tarixli 015A********** saylı müqavilə üzrə 24 manat məbləğində təmin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 27.12.2019-cu il tarixli 015A********** №li və 27.12.2019-cu il tarixli 015A********** saylı kredit müqavilələri ləğv olunmalıdır. 27.12.2019-cu il tarixli 015A********** saylı müqavilə üzrə 352.82 manat əsas borc, 5.10 manat faiz borc, 18 manat cərimə olmaqla, cəmi 375.92 manat, 27.12.2019-cu il tarixli 015A********** saylı müqavilə üzrə 463.25 manat əsas borc, 6.79 manat faiz borc və 24 manat cərimə olmaqla, cəmi 494.04 manat kredit borcu cavabdehlərdən müştərək qaydada alınıb İddiaçı QSC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat alınıb iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi : İddia qismən təmin olunsun. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 27.12.2019-cu il tarixli 015A********** №li və 27.12.2019-cu il tarixli 015A********** saylı müqavilələri ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sarvvan oğlundan müştərək qaydada 27.12.2019-cu il tarixli 015A********** saylı müqavilə üzrə 352.82 (üç yüz əlli iki manat səksən iki qəpik) manat əsas borc, 5.10 (beş min on qəpik) manat faiz borc, 18 (on səkiz) manat cərimə olmaqla, cəmi 375.92 (üç yüz yetmiş beş manat doxsan iki qəpik) manat, 27.12.2019-cu il tarixli 015A********** saylı müqavilə üzrə 463.25 (dörd yüz altmış üç manat iyirmi beş qəpik) manat əsas borc, 6.79 (altı manat yetmiş doqquz qəpik) manat faiz borc və 24 (iyirmi dörd) manat cərimə olmaqla, cəmi 494.04 (dörd yüz doxsan dörd manat dörd qəpik) manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar