Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2129/2023 22.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh): İddiaçı Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı): Cavabdeh1 və onun vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Zakirova (bundan sonra Şirinova) İlhamə Xəlifə qızına və Cavabdeh1 qarşı pul tələbinə dair ilkin, həmçinin cavabdehlər Şirinova (Zakirova) İlhamə Xəlifə qızının və Cavabdeh1 ilkin İddiaçı qarşı 2015-2021-ci illərdə “İncə” kafesinin işlədilməsinə görə əldə edilmiş gəlirin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehlərdən cəmi 25000 (iyirmi beş min) manat pulun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh2 və Cavabdeh1 ilkin İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 2015- 2021-ci illərdə “İncə” kafesinin işlədilməsinə görə əldə etdiyi 10000 manat gəlirin onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) işin məhkəmədə baxılmasına hazırlanması zamanı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması haqqında əlavə ərizə ilə müraciət edərək, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı 2015-2021-ci illərdə “İncə” kafesinin işlədilməsinə görə əldə etdiyi 25000 manat gəlirin onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) məhkəmə iclası zamanı ilkin iddia tələbini müdafiə etdi, əsasən ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdehlər ər-arvaddırlar və özlərini ona Mingəçevir şəhəri, Sağ sahildə yerləşən İnci kafesinin sahibi kimi təqdim edərək həmin kafeni özəlləşdirib ona satacaqları barədə vəd vermişlər. O da həmin kafeni, yəni qeyri-yaşayış sahəsini almaq üçün 2 saylı Notariat Kontorunda xx.xx.2015-ci il tarixdə iddiaçı Cavabdeh1 ilə 30000 (otuz min) manat məbləğində borc müqaviləsi bağlamış və həmin məbləğdə pulu cavabdehlərə dollar ekvivalenti ilə tam şəkildə ödəmişdir. Sonradan həmin kafenin güzəştli satışı ilə əlaqədar tələb olunan 1530 manat pulu xx.xx.2016-cı il tarixdə, 2894 manat pulu isə xx.xx.2016-cı il tarixdə digər Cavabdeh1 göstərişi əsasında Cavabdeh2 ödəmişdir. Ən sonda 600 manat pulu Cavabdeh2 sənədləşmə ilə bağlı vermişdir. Beləliklə o, cavabdehlərə cəmi 35024 manat pul vermişdir. Cavabdehlər kafenin sənədləşmə işini başa çatdıra bilmədiklərinə görə kafeni işlətmək mümkün olmadığına görə onlar arasında mövcud razılaşma pozulmuş və o, kafeni həmin il cavabdehlərə qaytarmış və cavabdehlərdən pulunu tələb etmişdir. Cavabdehlər isə hər dəfə ondan vaxt istəyərək pulu qaytarmamışdır. Uzun müddət cavabdehlər kafeni sənədləşdirmək adı ilə onu aldatmışlar. Nəticədə isə cavabdehlər kafeni özəlləşdirdikdən sonra qiymətini artıraraq ondan əlavə pul tələb etmişlər, onun isə maddi imkanı olmadığı üçün razılaşmamışdır. Bununla belə cavabdehlər 2021-ci ildə həmin kafeni satıb, satış pulundan ona cəmin 10000 (on min) manat qaytarmış, qalıq 25.000 manat məbləğində borcu isə qısa müddətə qaytarmağa söz vermişlər. Halbuki, cavabdehlər kafeni 31500 manata satmaqlarına baxmayaraq, onun pulunu tam ödəməmişlər. Guya özəlləşməyə xərcləri çıxdığına qalan borcu sonra ödəyəcəklərinə vəd vermişlər. Ondan sonra onlar arasında münasibətlər gərginləşmişdir. Çünki o, 30000 manat pulu bankdan kredit şəklində götürmüşdür. Pul məbləğini xarici valyuta kimi dollarla əldə etdiyi üçün maddi cəhətdən ziyana düşmüşdür. Qarşı tərəf borcundan 10000 (on min) manat ödəniş etsə də, o, bankdan götürdüyü borcu hələ tam ödəyib qurtarmamışdır. O, cavabdehlərin qanunsuz hərəkəti nəticəsində əlavə faiz ödəyərək maddi zərərə də məruz qalmışdır. Hazırda cavabdehlərin pulu qaytaracaqlarına dair verdikləri vədlərə inanmır. Belə ki, cavabdehlər hazırda da müddətin keçməsini bəhanə gətirərək, onun pulunu mənimsəmək istəyirlər. Hesab edir ki, onunla cavabdehlər arasında olan münasibət cavabdehlərin qanunsuz hərəkəti nəticəsində ona ziyan vurulması ilə nəticələnmişdir. Cavabdehlərin niyyəti onun aldadıb pulunu ələ keçirmək olmuşdur. Bu hal cavabdehlər tərəfindən məhkəmə iclası zamanı verilmiş iddia müddətinin keçməsi barədə ərizə ilə də təsdiq edilir. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşılıqlı iddia ərizəsinə qarşı etirazında göstərmişdir ki, həmin kafeni 2015-ci ildən 2021-ci ilə qədər işlətməyib, xx.xx.2015-ci ildə 30000 manat pulu 30000 ABŞ dolları ekvivalenti ilə ödəməklə qeyriyaşayış sahəsini satın almışdır. Həmin pulu bankdan dollar ekvivalentində kredit olaraq götürmüş və hesab etmişdir ki, işləyib qazanc əldə edəcəkdir. Cavabdehlər həqiqətən də kafeni ona təhvil vermiş, ancaq iki aydan sonra məcbur qalıb kafeni onlara qaytarmışdır. Buna səbəb isə kafenin özəlləşdirilməməsi, sənədlərinin qaydasında olmamasına görə sosial və vergi ödənişləri ilə bağlı problemlər yaranması olmuşdur. Kafeni təhvil verərkən cavadehlərə bildirmişdir ki, aralarındakı razılaşmaya əsasən kafe ona təhvil verildikdən sonra iki ay ərzində özəlləşəcəkdir. 2016-cı ilin sonunda cavabdehlərə sonuncu dəfə sənədləşmə üçün 600 manat pul ödəyib. Pulu ödədikdən bir müddət sonra cavabdehlər ona bildiriblər ki, kafe artıq sənədləşdirilib, lakin sənədin əldə edilməsinə çox vəsait xərcləyiblər, ona görə də ondan əlavə 10000 manat pul tələb ediblər. Əlavə pul ödəməyə imkanı olmadığı üçün ödədiyi pulları onlardan geri tələb edib. 2015-2021-ci illərdə kafeni işlətməsi üçün mütləq şəkildə vergi ödəyicisi olmalı, sosial ödənişlər ödəməli, həmçinin sosial ödənişlər ödəməli olan işçisi olmalı idi. Cavabdehlər tərəfindən isə bu hallarla bağlı hər hansı sübutlar təqdim edilməmişdir. Odur ki, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş edir. İddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi Nümayəndə (arvadı) məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən ilkin İddiaçı izahatına uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, 30000 manat pulu notariusda müqavilə bağlayaraq cavabdehlərə verdikdən sonra, bir müddət kafedə işləyən oğlan oradan çıxmaq istəməmiş, çıxarandan sonra da qeyri-yaşayış sahəsinin sənədləri qaydasında olmadığı üçün fəaliyyət göstərə bilməmişlər. Obyektin açarını qaytarandan sonra isə kafeni cavabdehin qardaşı işlətmişdir. Odur ki, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 məhkəmə iclası zamanı ilkin iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, əsasən qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı arvadı Cavabdeh2 mülkiyyətində olan kafeni özəlləşdirərək almaq istəyib, odur ki, xx.xx.2015-ci il tarixdə kredit müqaviləsini notariat kontorunda rəsmiləşdirməklə 30.000 (otuz min) manat pulu arvadı Cavabdeh2 borc vermiş, bundan sonra kafenin özəlləşdirilməsi və satışı ilə əlaqədar 1530 (bir min beş yüz otuz) manat pulu xx.xx.2016-cı il tarixdə, 2894 (iki min səkkiz yüz doxsan dörd) manat pulu xx.xx.2016cı il tarixdə banka ödəmiş, əlavə olaraq digər sənədləşmə işləri ilə əlaqədar iddiaçıdan 600 (altı yüz) manat pul alınmışdır. 2015-ci ildən başlayaraq kafeni işlətməyə başlamış, iddiaçı 2021-ci ildə kafenin açarını geri qaytararaq təhvil vermiş, ödədiyi pulları, eləcə də borc müqaviləsi üzrə ödədiyi pulları da geri tələb etmişdir. 2021-ci ildə məcbur olub kafeni başqa şəxsə satmışlar, satış pulundan 10.000 (on min) manat pulu isə iddiaçıya ödəmişlər. Həmçinin iddiaçı 2015-ci ildən kafeni işlətməyə başlamış, hər ay kafedə göstərilən xidmətə görə 200-250 manat gəlir əldə etmiş, beləliklə də, hər il ümumilikdə 2500-3000 manat olmaqla, 5 il ərzində cəmi 10000 (on min) manatdan yuxarı qazanc əldə etmişdir. Sonradan ona məlum olmuşdur ki, kafe iddiaçı tərəfindən ayrı-ayrı şəxslərə icarəyə verilmiş, həmin şəxslərdən aylar üzrə 300-350 manat icarə haqqı alınmış, belə olan halda 5 il ərzində ona 25000 (iyirmi beş min) manatdan yuxarı ziyan vurulmuşdur. Əlavə olaraq aralarındakı kredit müqaviləsi 6 ay müddətinə icra olunmalı olsa da, iddiaçı onlara pulun qaytarılması ilə bağlı heç bir iddia verməmiş, əvəzində isə kafeni işlətməkdə davam etmişdir. Dünyada baş verən Koronavirus pandemiyası ilə bağlı 2021-ci ilə qədər kafeni işlətdikdən sonra açarları bizə qaytarmış və pulun qaytarılmasını tələb etməyə başlamışdır. Odur ki, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, əri Cavabdeh1 ilə iddiaçı arasında kredit müqaviləsi xx.xx.2015-ci il tarixdə 6 (altı) ay müddətinə bağlanmış, müqavilənin müddəti xx.xx.2015-ci il tarixdə bitmiş, həmin müddət ərzində iddiaçı kafeni təhvil verməmiş, pulunu tələb etməmiş, kafe faktiki olaraq iddiaçının sahibliyində olmuş, iddiaçı pul tələbi barədə 3 illik iddia müddətini buraxmış, 8 il sonra məhkəməyə iddia qaldırmış, iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır. Odur ki, iddia tələbinin rədd olunması və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanladığı teleqramda xəstəliyi ilə əlaqədar olaraq məhkəmə iclasına gələ bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını və ikin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, Cavabdeh1la uşaqlıqdan bir-birlərini tanıyırlar. Həmkəndlisi və yerlisidir. Cavabdeh1 obyekti xüsusiləşdirə bilmədiyi üçün satmışdır. Tam yadında olmasa da, deyəsən icarəyə vermişdir. Xəqaninin xahişindən sonra qardaşı evini satmış, kafeni xüsusiləşdirmişlər. 10.000 (on min) manat pulu isə İddiaçı vermişdir. Qeyri-yaşayış binası təxminən 2014-2015-ci illərdə satılmışdır. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, İddiaçı ilə qonşudur. Cavabdeh1 isə dostudur. Həmin kafeni çayxana kimi əvvəllər işlədib, sonradan Xəqani obyekti satmadığını demişdir. Bu hadisə ölkədə dolların məzənnəsinin qalxmasından əvvəl baş vermişdir. O, hər ay Xəqaniyə 300 (üç yüz) manat icarə haqqı ödəmişdir. Qeyri-yaşayış sahəsinin sənədləri qaydasında olmamışdır. Bələdiyyə tərəfindən sənədləşmə həyata keçirilməmişdir. Tərəflərin vergi ödəyicisi olub-olmamalarından məlumatı yoxdur. Həmin Qeyri-yaşayış sahəsi onun istifadəsində olanda onun tərəfindən təmir və digər işlərə görə 10.000 manat pul xərcləmişdir. Ona görə də aralarında mübahisə olmuşdur. Kafeni işlədəndə isə hər ay 8000 manat qazanc götürmüşdür. Lakin Xəqani obyekti Uzaqiyə satdıqdan sonra o, qonşuluqda olan obyekti icarəyə götürmüş və müştəriləri də onun yanına getmişdir. Ona görə də Uzaqi obyekti kafe kimi işlədə bilməmişdir. İkinci obyekti 2020-ci ilə qədər atası işlətmişdir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ilkin iddia əsaslı olduğundan təmin, qarşılıqlı iddia isə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, işdə olan AR Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mingəçevir Şəhər üzrə Bölməsinin 862 saylı xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, Bayramov X2 şəhəri, M.Hüseynzadə küçəsi 10, mənzil 27 ünvanında qeydiyyatsız yaşayır. İşdə olan KapitalBank ASC-nin xx.xx.2016-cı il tarixli kassa qəbzindən görünür ki, 10% beh - 2894.34 manat pul Cavabdeh2 tərəfindən İncə kafesinin özəlləşdirilməsi üçün ödənilmişdir. İşdə olan AR ƏMDK yanında Hərracların təşkili üzrə Auksion Mərkəzinin xx.xx.2016cı il tarixli 439665 seriya BEB nömrəli kassa mədaxil order qəbzindən görünür ki. Cavabdeh2 tərəfindən 1530 manat pul İncə kafesinin güzəştli satışı məqsədi ilə ödənilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, İddiaçı heç bir faiz olmadan xx.xx.2015-ci il tarixə qədər ödənilməsi şərtilə Cavabdeh1 30.000 (otuz min) manat borc pul vermişdir. İşdə olan Reyestrdə 7E-8181 nömrəsi ilə qeydə alınmış xx.xx.2016-cı il tarixli etibarnamənin surətindən görünür ki, Şirinova X3 Uzaqi Hdayət oğluna 05 il müddətinə ünvan 2 ünvanında yerləşən “İncə” kafesinin özəlləşdirilməsi ilə bağlı bütün dövlət orqanlarında, idarə müəssisə və təşkilatlarda təmsil etməyi, sənədləşdirmə işləri aparmağı, AR ƏMDK yanında DƏDRX-nə sənəd təqdim etməyi, çıxarış almağı, çıxarış aldıqdan sonra həmin qeyri-yaşayış sahəsinin üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, ipoteka qoymağı, bununla əlaqədar lazımi sənədləri almağı, adından ərizə yazmağı, imzalamağı, notariat kontorunda alqı-satqı. İpoteka müqaviləsini rəsmiləşdirməyi, alqı-satqı müqaviləsi ilə əlaqədar bank əməliyyatlarını aparmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar etmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli AN – İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh2 X7 ünvan 3 ünvanında istifadədə olan 0,019630 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 179.1 kv/m olan qeyri-yaşayış binasını 31.500 (otuz bir min beş yüz) manata satmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, ünvan 3 ünvanında yerləşən İncə kafesinin özəlləşdirilməsi üçün Cavabdeh2 adından X8 AR əmlak Məsələləri Dövlət Xidmətinə 17340 (on yeddi min üç yüz qırx) manat pul ödəmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə ilkin iddia üzrə 25000 manat pulun cavabdehlərə verilməsini sübutetmə yükü iddiaçının, qarşılıqlı iddia üzrə isə 2015-2021-ci illərdə İncə kafesinin işlədilməsindən İddiaçı 25000 manat gəlir əldə etməsinin sübut etmə yükü isə qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 üzərinə dşür. Bununla bağlı məhkəmə cavabdeh tərəfin dəvət etdiyi və məhkəmə iclası zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrinin iş üçün əhəmiyyəti olan hallara aid olubolmamasının müəyyən edilməsi üçün həmin şahid ifadələrinə iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu halında qiymət verilməsinin zəruriliyini nəzərər alaraq hesab edir ki, iş üzrə dindirilmiş şahidlərin ifadələri iş üçün əhəmiyyəti olan hallara aid olmadığına, aid olan halları isə tərəflər mübahisələndirmədiyinə görə məhkəmə şahid ifadələrini sübut növü kimi qəbul etmir və nəzərə almır. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı cavabdehlərin istifadəsində olan, Mingəçevir şəhəri, sağ sahildə yerləşən “İncı” kafesini 30.000 manata satın almaq üçün Cavabdeh1 ilə şifahi qaydada razılaşmış, lakin həmin qeyri-yaşayış sahəsinin üzərində cavabdehlərin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığına görə alq-satqı müqaviləsinin notariat qaydada bağlanması mümkün olmamışdır. Ona görə də tərəflər arasında daşınmaz əmlakın alqı-satqısını pərdələmək məqsədi ilə xx.xx.2015-ci il tarixdə notariat qaydada kredit (borc) müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən İddiaçı heç bir faiz olmadan xx.xx.2015-ci il tarixə qədər ödənilmək şərtilə Cavabdeh1 30.000 (otuz min) manat borc pul vermişdir. Tərəflər arasında alqı-satqı müqaviləsini pərdələmək üçün kredit müqaviləsi bağlansa da, əslində onlar arasında əsas razılaşma Mingəçevir şəhəri, sağ sahildə yerləşən “İnci” kafesinin özəlləşdirildikdən sonra İddiaçı satılması olmuşdur. Bununla bağlı Cavabdeh2 tərəfindən xx.xx.2016-cı il tarixdə iddiaçıya 05 il müddətinə etibarnamə verilmişdir. Cavabdeh tərəf həmin etibarnamə ilə qeyri yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı bütün dövlət orqanlarında, idarə müəssisə və təşkilatlarda təmsil etməyi, sənədləşdirmə işləri aparmağı iddiaçıya tapşırmışdır. Cavabdehlər kafeni iddiaçıya qeyri-rəsmi qaydada satsalar da, hətta daşınmaz əmlakı iddiaçının faktiki istifadəsinə versələr də, həmin qeyri-yaşayış sahəsi mülkiyyətdə olmadığına görə iddiaçı ondan təyinatına uyğun olaraq istifadə edə bilməmişdir. Sonradan isə tərəflər arasında əmlakın qiyməti ilə bağlı mübahisə yaranmışdır. Hansı ki, iddiaçı ilkin olaraq kredit müqaviləsi üzrə 30.000 manat, sonradan səndələşmə üçün 5.024 manat, cəmi 35024 manat məbləğində pulu cavabdehlərə vermişdir. Bununla belə sonradan tərəflər arasında razılaşma pozulmuşdur. Ona görə də iddiaçı qeyri yaşayış sahəsini cavabdehlərə qaytararaq verdiyi pulları tələb etmişdir. Lakin tərəflər arasında uzun müddət pulun qaytarılması ilə bağlı danışıqlar olsa da, cavabdehlər hər dəfə qeyri-yaşayış sahəsinin özələşdirilməsi ilə bağlı vaxt istəməklə iddiaçı ilə razılaşmışlar. Nəticədə, cavabdehlər xx.xx.2021 tarixdə mübahisəli qeyri-yaşayış sahəsini 31.500 manata başqa şəxsə satmışlar və həmin puldan iddiaçının 10.000 manatını qaytarmışlar. Qalan məbləğin isə qısa müddət ərzində qaytaracaqlarına dair vəd vermişlər. Məhkəmə mübahisənin qanuni həll edilməsi baxımından hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibəti müqavilədən əmələ gələn öhdəliklərin yerinə yetirlməməsi ilə əlaqədar olaraq borcla bağlı mübahisədir və ilk növbədə ilkin iddia tələbinə qiymət verilməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə ilkin iddia tələbi əsaslıdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, ilk növbədə tərəflər arasında yaranmış hüquq münasibəti daşınmaz əmlakın alqı-satqısı ilə bağlı olsa da, tərəflər həmin müqaviləni pərdələmək üçün borc müqaviləsi bağlamışlar. Sonradan daşınmaz əmlakla bağlı aralarında mübahisə olduğuna görə razılaşma pozulmuşdur.Tərəflər əsl niyyətlərini pərdələmək üçün yalan əqd olan borc müqaviləsini bağladıqları halda, əslində eyni anda həm borc müqaviləsini, həm də daşınmaz əmlakın alqı-satqı müqaviləsini bağlamış kimi görünsələr də, həmin vaxt mübahisəli qeyri-yaşayış sahəsi üzərində cavabdeh tərəfin mülkiyyət hüququ olmadığına görə hər iki müqavilə əhəmiyyətsiz olmuşdur. Belə olan halda yalan əqd olan borc müqaviləsinə, tərəflərin həmin borc müqaviləsini bağlayarkən əslində nəzərdə tutduqları, daşınmaz əmlakın alqı-satqı müqaviləsinə aid qaydaların tətbiq edilməsi də istisna edilir. Tərəflər arasında yaranmış münasibətlər sonradan dəyişmiş və onlar arasında daşınmaz əmlakla bağlı mübahisə yaranmışdır. Beləliklə, tərəflər arasında hüquq münasibətinin xarakteri dəyişmişdir. Belə ki, cavabdeh tərəf razılaşdırılmış müddət ərzində daşınmaz əmlakı iddiaçının mülkiyyətinə verə bilmədiyinə görə iddiaçı tərəfin qeyri yaşayış sahəsinə marağı olmamışdır. Bununla da iddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsini cavabdeh tərəfə qaytarmış və şifahi alqı-satqı müqaviləsini pərdələmək üçün bağladığı borc müqaviləsi əsasında cavabdeh tərəfə verdiyi pul vəsaitini tələb etmişdir. Cavabdeh tərəf isə razılaşma pozulduğu vaxt mövcud borc müqaviləsini mübahisələndirməmiş, əksinə daşınmaz əmlak üçün aldığı pul məbləğinin borc şəklində qaytarılması ilə bağlı iddiaçı tərəflə şifahi qaydada razılığa gəlmişdir. Borc müqaviləsi yalan əqd olduğuna görə bağlandığı andan əhəmiyyətsiz olsa da, 2021-ci ildə cavabdeh tərəf iddiaçıya 10.000 manat məbləğində pul qaytarmaqla, borc müqaviləsini təsdiq etmişdir. Bununla da tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi borc müqaviləsinə yönəlmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, artıq tərəflər arasında 2021-ci ildə borc müqaviləsi yenidən bağlamışdır. Bu hal tərəflərin mənafeyinə uyğun olmuşdur. Göründüyü kimi tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağlanmış borc müqaviləsi başlanğıcda etibarsız olsa da, sonradan, yəni 2021-ci ildə iddiaçı və cavabdehlər tərəfindən təsdiq edilməklə bu etibarsızlıq halı aradan qaldırılmışdır. Ona görə də mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarının tətbiq edilməsi əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlarında yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə görə yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Həmin Məcəllənin 351.4-cü maddəsinə əsasən əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Həmin Məcəllənin 351.5-ci maddəsinə əsasən təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2023-cü il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə Mülki Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Məlum olduğu kimi, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bu səbəbdən onu bağlamış şəxsin həmin müqaviləni təsdiq etməsi (icra etməsi), əhəmiyyətsiz əqdin hüquqi qüvvə əldə etməsi kimi deyil, eyni məzmunlu yeni müqavilənin bağlanması kimi qiymətləndirilməlidir. Məhkəmə istinad olunan mülki hüquq normalarına və Konstitusiya Məhkəməsi Plenumunun formalaşmış hüquqi mövqelərinə, həmçinin işin müəyyən olunmuş həqiqi hallarına əsasən hesab edir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı cavabdehlərə 35024 manat məbləğində pul vermiş, cavabdehlər isə yalnız həmin məbləğin 10.000 manat hisəsini qaytarmışlar. Bununla da cavabdeh tərəf üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Belə olan halda iddiaçı tərəf əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehlərə qarşı tələb hüquq yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və çoxtərəfli iradə ifadəsidir. Həmin məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 739.1-ci maddəsin əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bununla yanaşı, məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsinə qiymət verərək hesab edir ki, hazırkı mübahisə üzrə iddia müddətinin tətbiq edilməsi istisna olunur. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, yuxarıda qeyd edildiyi kimi tərəflər arasında hüquq münasibəti cavabdehlərin qanunsuz sahibliyində olmuş qeyri yaşayış sahəsinin alqı-satqısı ilə əlaqədar olaraq yaransa da, həmin vaxt tərəflər öz həqiqi iradələrini ifadə edə bilmədiklərinə görə həmin niyyətlərini pərdələmək üçün xx.xx.2015-ci il tarixdə 6 ay müddətə yalan əqd olan borc müqaviləsi bağlamışlar. Müqaviləyə əsasən iddiaçı cavabdeh tərəfə 35024 manat məbləğində pul vermişdir. Bundan başqa Cavabdeh2 tərəfindən xx.xx.2016-cı il tarixdə iddiaçıya 05 il müddətinə etibarnamə verilmişdir. Cavabdeh tərəf həmin etibarnamə ilə qeyri yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı bütün dövlət orqanlarında, idarə müəssisə və təşkilatlarda təmsil etməyi, sənədləşdirmə işləri aparmağı iddiaçıya tapşırmışdır. Həmin vaxt tərəflərin əslində bağlamaq istədikləri əqd, daşınmaz əmlakın alqı-satqı müqaviləsi olmuşdur. Borc müqaviləsi yalan əqd olduğuna görə bağlandığı andan əhəmiyyətsiz olmuşdur. Sonradan daşınmaz əmlakın sənədləşməsi ilə bağlı problemlər yarandığına və iddiaçı tərəf daşınmaz əmlakdan təyinatına uyğun olaraq istifadə edə bilmədiyinə görə tərəflər arasında mübahisə yaranmış və iddiaçı tərəf daşınmaz əmlakı olduğu kimi cavabdeh tərəf qaytararaq pulunu tələb etmişdir. Cavabdeh tərəf isə daşınmaz əmlakı qəbul etmiş və iddiaçı ilə pulun qaytarılması ilə bağlı şifahi razılığa gəlmişdir. Ondan sonra cavabdeh tərəf daşınmaz əmlak üzərində hüquqlarını qeydiyyata aldırmış və xx.xx.2021-ci il tarixdə notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında 31500 manata həmin qeyriyaşayış sahəsini başqa şəxsə satmışdır. Bununla belə cavabdeh tərəf heç vaxt borc müqaviləsini mübahisələndirməmiş, əksinə 2021-ci ildə borclu olduğu məbləğdən iddiaçıya 10.000 manat qaytarmışdır. Yerdə qalan məbləğlə bağlı isə iddiaçı tərəflə şifahi qaydada razılaşmışdır. Bununla da cavabdeh tərəf borclu olduğunu etiraf edən hərəkətlər etmişdir. Göründüyü kimi tərəflər arasında 2021-ci ildə yenidən borc müqaviləsi bağlanmışdır. Belə olan halda tərəflər arasında borc müqaviləsi ilə bağlı iddia müddətinin axımı 2021-ci ildən başlamışdır. İddiaçı isə xx.xx.2023-cü il tarixdə borc tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti 10 (on) il təşkil edir. Həmin məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin məcəllənin 37.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin məcəllənin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 noyabr 2018-ci il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını, yəni müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi və borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsini nəzərdə tutur. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi; əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Məhkəmə işin müəyyən edilmiş həqiqi hallarına əsasən hesab edir ki, hazırkı iş üzrə cavabdeh tərəfin 2021-ci ildə iddiaçıya 10.000 manat məbləğində pul ödəməsi, borcun qismən ödənilməsi və borclunun borcu etiraf etməsini göstərən hərəkətlərdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, cavabdeh tərəfin bu hərəkətləri iddia müddətinin axımının kəsilməsi kimi qiymətləndirilməli və nəzərə alınmalıdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, cavabdehin ilkin iddia ərizəsinə qarşı etirazında, məhkəmə iclası zamanı izahatında, həmçinin qarşılıqlı iddia ərizəsində və iddia müddətinin tətbiq barədə ərizəsində iddiaçıdan 35.000 manat pul almasını və 2021-ci ildə 10.000 manat qaytarmasını etiraf etmişdir. Belə olan halda ilkin iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, həmçinin qarşılıqlı iddia tələbinə qiymət verərək hesab edir ki, qarşılıqlı iddia tələbi əsassızdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, cavabdeh tərəf qarşılıqlı iddia ərizəsində öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişlər. Halbuki, məhkəmə cavabdehlərə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün mötəbər dəlillər təqdim etmələrini təklif etmiş, lakin cavabdehlər öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişlər. Cavabdeh tərəfin istinad etdiyi dəlillər, öz izahatından başqa heç bir sübutla təsdiq olunmamışdır. Belə ki, cavabdeh tərəf iddiaçının 2021-ci ilə qədər qeyri-yaşayış sahəsində (kafedə) fəaliyyət göstərməsini, Cavabdeh2 əvəzinə bütün vergiləri, rüsumları ödəməsini, həmçinin 2015-2021-ci illər ərzində İnci kafesində 7 il ərzində hər ay 2500-3000 manat olmaqla, ümumilikdə 25000 (iyirmi beş min) manat qazanc (gəlir) əldə etməsini iddia etsələr də, bunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər. Eləcə də, tərəflər arasında qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair yazılı razılaşma olmamışdır. Ona görə də tərəflər arasında nə qanundan, nə də müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmamışdır. Belə olan halda cavabdehlərin (qarşılıqlı iddiaçıların) ilkin iddiaçıya tələb hüquqları yaranmamışdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.–cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehlərə 35.024 (otuz beş min iyirmi dörd) manat borc verməsi, cavabdehlərin isə göstərilən məbləğdən yalnız 10.000 (on min) manat qaytarması sübuta yetirildiyindən və ilkin iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlərdən müştərək qaydada 25.000 (iyirmi beş min) manat məbləğində pul alınıb iddiaçıya verilməli, qarşılıqlı iddia tələbi isə əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlkin iddia əsaslı olduğundan təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada cəmi 25.000 (iyirmi beş min) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qarşılıqlı iddia rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı 2015-2021-ci illərdə “İncə” kafesinin işlədilməsinə görə əldə edilmiş 25000 (iyirmi beş min) manat gəlirin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-2129/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2129/2023
22.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver