Məhkəmə qərarları › İş №2(051)-2131/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2131/2021

30.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2131/2021 30.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkil) Vəkil Cavabdehlər: Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Mingəçevir şəhəri, Koroğlu küçəsi, 21 saylı evin 36 saylı mənzilin tərkib hissəsindən cavabdehlər Cavabdeh2 4000 (dörd min) manat, Cavabdeh3 4000 (dörd min) manat kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh1 isə 4000 (dörd min) manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və onun əşyaları ilə birlikdə həmin mənzildən məcburi qaydada çıxarılması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Vəkil məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmsil etdiyi şəxsin adından əlavə olaraq göstərdi ki, iddiaçı 01,07.1956-cı il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. Uzun müddət əmək fəaliyyəti ilə məşğul olmuş, işlədiyi müddətdə növbəlik əsasında dövlət tərəfindən iddiaçıya üç otaqlı mənzil verilmişdir. Onun mərhum arvadı X5 ilə birgə nikahlarından xx.xx.1982-ci il tarixdə X2, 06.07.1985-ci il tarixdə X3, xx.xx.1990-cı il tarixdə X4 və xx.xx.1995-ci il tarixdə Cavabdeh1 adlı uşaqları doğulmuşdur. Dövlət tərəfindən mənzil onlara ayrılanda qızları Aysel və oğulları Röyal doğulmamışdır. Dövlət fondu olan mənzil iddiaçının adına özəlləşdirilən vaxt Cavabdeh1 iki yaşı olmuşdur. Mənzil iddiaçının adına 1997-ci ildə özəlləşdirilmişdir. Uşaqlarının dördünü də evləndirmişdir. Mingəçevir şəhəri Koroğlu küçəsi 21 saylı evin 36 saylı mənzili tam mülkiyyət hüququ əsasında Qeydiyyat Vəsiqəsinə əsasən təmsil etdiyi şəxsin mülkiyyətindədir. Təmsil etdiyi şəxsin arvadı X5 28 noyabr 2020-ci il tarixdə vəfat etmişdir. Cavabdeh Röyal Cavabdeh1 evləndikdən sonra təmsil etdiyi şəxslə yola getməmiş, onu bir valideyn kimi saymamışdır. Halbuki, təmsil etdiyi şəxs onkoloji xəstə olduğu üçün (qırtlağın xərçəngi) nitq qüsuru vardır və ona görə də öz fikirini ifadə edə bilmir. Cavabdeh1 isə onu daima əsəbləşdirir. Hazırda Cavabdeh1 təmsil etdiyi şəxsin mülkiyyətində olan mənzildə yaşayır. Digər cavabdehlər Günay, Aysel və Xalidə isə ər evində yaşasalar da, onun mülkiyyətində olan mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar. X1 vəfat etdikdən sonra Cavabdeh1 ona baxmaq əvəzinə, fiziki və psixi təsirlərlə qalan ömrünü bir az da azaltmaq istəyir. Təmsil etdiyi şəxs ağır xəstədir, nə qədər ömrü qalıbsa onu rahat yaşamaq istəyir. Ona qulluq və qayğını qızı Süleymana (Mürşüdova) Günay Süleyman qızı göstərir. İddiaçı ona məxsus istənilən daşınar və daşınmaz əmlaklarını qızı Süleymana (Mürşüdova) Günay Süleyman qızına iyirmi altı avqust iki min iyirmi birinci il tarixli vəziyyətnaməyə əsasən vəsiyyət etmişdir. Daşınmaz əmlakın siyahısında mülkiyyətində olan Mingəçevir şəhəri Koroğlu küçəsi 21 saylı evin 36 saylı mənzili də vardır. Qanunun tələbinə görə vəsiyyətnamədən sonra məcburi pay almaq hüququ olan digər iki qızları Aysel və Xalidə və oğlu Röyala onlara çatacaq payın yarısı çatmalıdır. Buna baxmayaraq iddiaçı düşünmüşdür ki, qızlarına da mənzildən düşəcək paylarını sağ ikən versin, o öləndən sonra ona baxıb, qulluq edən Günaydan nə isə tələb etməsinlər. Qızları Aysel və Xalidə ailəlidirlər və iddiaçıdan ayrı yaşayırlar. Oğlu Röyal isə onun ölümünü tezləşdirmək istəyir. Rahat yaşamağı üçün Cavabdeh1 onunla bir mənzildə yaşaması qeyri-mümkündür. Atanı döyüb çənəsini sındıran oğul, bir az da irəli gedib öldürə bilər. Belə ki, daima onlar arasında mübahisə və münaqişə kəskin həddə olmuşdur. Həmin şəraitdə təmsil etdiyi şəxs öz mənzilində istədiyi kimi yaşaya bilməmişdir. Həmişə onun dincliyi və sakitliyi pozulımuş, nəticədə xəstəlikləri kəskinləşmişdir. Cavabdeh1 isə gənc və sağlam olmasından istifadə edərək daima ona qarşı qərəzli münasibət nümayiş etdirmişdir. Təmsil etdiyi şəxs cavabdehin qeyri–səmimi rəftarına dözə bilməmiş, bu səbəbdən də cavabdehə bir neçə dəfə kompensasiya təklif etsə də, cavabdeh onunla razılığa gəlməmişdir. Ona görə də cavabdehin fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququna kompensasiya müqabilində xitam verilməsi üçün məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Hesab edir ki, təmsil etdiyi şəxsin iddiası əsaslıdır. Hazırkı vəziyyətdə təmsil etdiyi şəxsin mənzilinin yerləşdiyi, Mingəçevir şəhəri, Koroğlu küçəsi, şəhərin Sağ sahil qəsəbəsində həmin şəraitli evlərdə kirayə haqqı 100–120 manat arasında dəyişir. Onun təklif etdiyi 4.000 manat kompensasiya isə cavabdehin həmin ərazidə, eyni şəraitli evdə uzun müddət yaşaması üçün yetərli olduğuna görə ədalətlidir. Eləcə də mübahisəli mənzil üç otaqlı olmaqla beş mərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Həmin mənzil bu gün üçün olan bazar dəyəri 35 000 (otuz beş min) manat qiymətləndirilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 işin məhkəmədə baxılmasğa hazırlığı zamanı təqdim etdiyi etiraz ərizəsində iddianı qəbul etməsə də, sonrakı məhkəmə iclası zamanı iddianı qəbul etdi və göstərdi ki, iddiaçı onun atasıdır. Bununla belə anası vəfat etdikdən sonra iddiaçı onu yola vermir, daima ona qarşı qərəzli münasibət bəsləyir. Ona görə də onlar arasında bir neçə dəfə sözlə mübahisə olmuşdur. Belə olan halda o, ailəsi ilə birlikdə kirayəyə çıxmışdır. Hazırda iddiaçının təklif etdiyi məbləğ az olsa da, atasının iradəsinə əleyhinə getmək istəmir. Ona görə də onunla razıdır. Hesab edir ki, iddiaçının təklif etdiyi kompensasiya məbləği hazırkı vəziyyətdə onun ehtiyaclarına uyğun deyildir. Bununla belə atasının yaşılı və xəstə olmasını nəzərə alır. Odur ki, məhkəmədən iddianın təmin olunması haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəməyə təqdim etdiyi ərizəsində və məhkəmə iclası zamanı verdiyi izahatında iddianı qəbul etdi və göstərdi ki, iddiaçı onun atasıdır. Mingəçevir şəhəri Koroğlu küçəsi 21 saylı evin 36 saylı mənzili atasının mülkiyyətindədir. Orta təmirli mənzilin bu gün üçün olan bazar dəyərinin 35 000 (otuz beş min) manat olduğunu nəzərə alaraq ona kompensasiya kimi 4000 manat məbləğində pulun verilməsinə etiraz etmir. Odur ki, iddianın təmin olunması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bununla belə məhkəməyə təqdim etdiyi notarius tərəfindən təsdiq edilmiş ərizəsində iddianı qəbul etmiş, iddiaçının təklif etdiyi 4000 manat kompensasiya məbləği ilə razı olduğunu göstərmişdir. Məhkəmə Cavabdeh3 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddianın dəlillərini, tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına 17.12.1997-ci il tarixli, 2655 nömrəli qeydiyyat vəsiqəsi ilə Mingəçevir şəhər DTİ və MHQİ tərəfindən qeydiyyata alınmışdır. İşdə olan Mingəçevir “ASAN Xidmət” mərkəzinin 28.09.2021-ci il tarixli arayışından görünür ki, iddiaçının arvadı X5 28.11.2020-ci il tarixdə vəfat etmişdir. İşdə olan daşınmaz əmlakın qiymətləndirilməsi barədə 30.09.2021-ci il tarixli rəydən görünür ki, orta təmirli mənzilin bu gün üçün olan bazar dəyəri 35 000 manat olaraq qiymətləndirilmişdir. İşdə olan Cavabdeh3 tərəfindən yazılmış və Mingəçevir regional “ASAN Xidmət” mərkəzinin notariat ofisi tərəfindən təsdiq edilmiş ərizədən görünür ki, o, ünvan 1 ünvanında yerləşən mənzildən 4000 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddianın təmin edilməsinə etiraz etmir. İşdə olan Cavabdeh2 tərəfindən yazılmış və Mingəçevir regional “ASAN Xidmət” mərkəzinin notariat ofisi tərəfindən təsdiq edilmiş ərizədən görünür ki, o, ünvan 1 ünvanında yerləşən mənzildən 4000 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddianın təmin edilməsinə etiraz etmir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçıya məxsusdur. Cavabdehlər isə iddiaçının doğma uşaqlarıdır. Cavabdehlərin hər biri iddiaçıya məxsus mənzildə qeydiyyatdadırlar. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ailə quraraq başqa evdə yaşayırlar. Lakin digər Cavabdeh1 iddiaçı ilə birlikdə iddiaçıya məxsus mübahisəli mənzildə yaşayır. Aralarında olan narazılığa görə iddiaçı Cavabdeh1 ilə birlikdə yaşamaq istəmir. İddiaçı 4000 manat məbləğində kompensasiya verilməklə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməsini, Cavabdeh1 isə 4000 manat məbləğində kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və ona məxsus mübahisəli mənzildən çıxarılmasını tələb edir. Cavabdehlər isə iddiaçının təklif etdiyi məbləğə etiraz etmirlər. Mübahisəli mənzil tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Ona görə də cavabdehlərin mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququ yaranmışdır. Məhkəmə ilk növbədə qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8–ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14–cü maddəsinin 1–ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6–cı maddəsinin 1–ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququndan istifadə edən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Mülki hüquq münasibətlərində iddiaçı cavabdehdən, yəni hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərini tənzim edən qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən əlaqəli hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2–ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, cavabdehin həmin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ qanunla müəyyən olunmuş qaydada tanınmalı, tərəflər arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmamalı, lakin iddiaçı bazar qiymətinə müvafiq olaraq cavabdehə kompensasiya təklif etməlidir. Cavabdeh isə həmin təklifi qəbul etməməlidir. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2–ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur və həmin norma iddianın düzgün həll olunması üçün hüquqi əsasdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının adına qeydə alınmış və həmin evə faktiki sahibliyi də iddiaçı həyata keçirir. Yəni, iddiaçı mülkiyyətçidir. Cavabdehlər isə mübahisəli mənzilin tərkib hissəsindən istifadə etmək hüququna malikdirlər. İddiaçı ilə cavabdehlər arasında məhkəməyə qədər yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmamışdır. Ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddiaçı mülkiyyətçi kimi kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malikdir. Məhkəmə, göstərilən hüquq normalarına istinadən iddia tələbinin təmin olunmasına dair özünün mövqeyini onunla əsaslandırır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29–cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verildiyini nəzərə alaraq, eyni zamanda onu da nəzərə alır ki, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüququ mütənasib şəkildə tarazlaşdırılmalıdır. R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu özünün 26 sentyabr 2007–ci il tarixli Qərarında mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin Qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxslər arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Məhkəmə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsinə dair yuxarıda göstərilən qanunvericilik müddəalarını və onların şərhinə dair Konstitusiya Məhkəməsinin Qərarını rəhbər tutmaqla, ödəniləcək kompensasiyanın məbləği ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. Məhkəmə araşdırması zamanı iddiaçının təklif etdiyi 4000 manat kompensasiya məbləği cavabdehlər Cavabdeh2 və Cavabdeh3 başqa yaşayış yerləri olduğu üçün onlara münasibətdə kifayət qədərdir. Digər Cavabdeh1 münasibətdə isə onun davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməsi üçün kifayətdir. Məhkəmə yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla belə hesab edir ki, cavabdehlərin ünvan 1 ünvanında yerləşən mənzilə olan yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi müqabilində onlara 4000 manat məbləğində kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilər. Bu zaman məhkəmə iddiaçının təqdim etdiyi, cavabdeh tərəflərin isə təkzib etmədiyi, Mingəçevir şəhərində yerləşən orta təmirli 3 otaqlı evlərin bu günə olan bazar dəyərinin 35000 manat həddində olmasına dair rəyi də nəzərə almışdır. Məhkəmə, həmçinin nəzərə almışdır ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın məbləği mübahisəli mənzilin bazar qiymətindən asılı deyildir. Məhkəmə bu qənaətə gələrkən “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 26 sentyabr 2007–ci il tarixli qərarındakı hüquqi mövqelərini rəhbər tutmuşdur. Həmin qərardakı hüquqi mövqe isə ondan ibarət olmuşdur ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır, yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusu müəyyən edilərkən, yaşayış sahəsi üzərində mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüququ arasındakı fərq daim dıq ətdə saxlanılmalıdır və nəzərə almaq lazımdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ vermir. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödəməklə xitam verilməsinə dair işlərə baxılarkən, mübahisəli yaşayış evinin bazar qiyməti deyil, davamlı müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. Beləliklə, məhkəmə çəkişmə və tərəflərin hüquq bərabərliyi şəraitində iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və bu səbəbdən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4–cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM–in 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 4000 (dörd min) manat kompensasiya verilməklə, İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən onların istifadə hüquqlarına xitam verilsin. İddiaçı tərəfindən Cavabdeh1 4000 (dörd min) manat kompensasiya verilməklə, İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən onun istifadə hüquqlarına xitam verilsin. Cavabdeh1 İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsın. Kompensasiyanın verilməsi ilə Cavabdeh1 mənzildən çıxarılması eyni vaxtda icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar