Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-215/2024 08.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, Cavabdeh ilə 2008-ci ildə faktiki ailə münasibətlərinə daxil olmuş və nikahlarını 12 iyun 2012-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahdan onların xx.xx.2009-cu il tarixdə Seyid adlı bir uşaqları doğulmuşdur. O, 2010-cu ildə Cavabdehla ailə münasibətlərində problemləri olduğu üçün ona qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddiası qismən təmin edilmişdir. Belə ki, Cavabdeh Seyidin atası olması faktı müəyyən olunmuş və 50 manat aliment və uşaq 3 yaşına çatana kimi saxlanması üçün ona 10 manat verilməsi qət edilmişdir. Bir müddət sonra o, cavabdehlə barışmış və aliment təyin edilsə də, ondan aliment tələb etməmişdir. Lakin cavabdehlə aralarında olan münasibətlər yenidən pozulmuşdur. Mingəçevir şəhər məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən uşağın yetkinlik yaşına çatanadən saxlanılması üçün hər ay 93 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdr. Uşaq böyüdükcə onun maddi ehtiyacları da artmağa davam edir. Təkbaşına uşağa baxmaqda çətinlik çəkir. Cavabdehin kifayət qədər maddi imkanı vardır. Ona görə də iddiaçı məhkəmədən aliment miqdarının dəyişdirilərək cavabdehdən xx.xx.2009-cu il tarixdə doğulmuş Seyid adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 500 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Cavabdehlə telefon əlaqəsi saxlanılmış, o, uşağının saxlanması üçün 150 manat aliment ödəmək iqtidarında olduğunu bildirmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin olunmalıdır. İş materiallarında olan Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 mart 2010-cu il tarixli, AZ-İİ № 408373 seriyalı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2009-cu il tarixdə anadan olmuşdur. Ata qrafasında X3, ana qrafasında İddiaçı yazılmışdır. İş materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(051)- 1240/2013 saylı qətnaməsinin surətindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 03 sentyabr 2010-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artrılsın və Cavabdeh X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 93 manat sabit pul məbləğində aliment 30 iyul 2013-cü il tarixdən başlayaraq İddiaçı xeyrinə tutulması qət edilmişdr. Beləliklə məhkəmə baxışında müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə 2008-ci ildə faktiki ailə münasibətlərinə daxil olmuş və nikahlarını 12 iyun 2012-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahdan onların xx.xx.2009-cu il tarixdə Seyid adlı bir uşaqları doğulmuşdur. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(051)-1240/2013 saylı qətnaməsinə əsasən, Mingəçevir Şəhər Məhkəməsinin 03 sentyabr 2010-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artrılsın və Cavabdeh X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 93 manat sabit pul məbləğində aliment 30 iyul 2013cü il tarixdən başlayaraq İddiaçı xeyrinə tutulması qət edilmişdr. Hal-hazırda iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik olmuşdur və iddiaçının maddi cəhətdən çətinlikləri yaranmışdır. Ona görə də iddiaçı alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsini məhkəmədən xahiş edir. Lakin məhkəmədə iddiaçı cavabdehin qazancının və digər gəlirlərinin alimentin 500 manat məbləğində tutulacağı həcmdə olmasını tam sübuta yetirə bilmədi. Odur ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istəlinən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Odur ki, məhkəmə tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq hesab edir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı artırılaraq hər ay 180 manat müəyyən edilməsi ədaləti və məqsədə müvafiqdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(051)-1240/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2009-cu il tarixdə doğulmuş Seyid adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. İddianın qalan hissəsi əsassız olduğundan təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəsinə aldığı vaxdan hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-215/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-215/2024
08.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver