Məhkəmə qərarları › İş №2(051)-2152/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2152/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2152/2021 07.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı:"xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 Cavabdeh2 nümayəndəsi X3 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 2649.30 manat əsas, 913.14 manat faiz borcu olmaqla, cəmi 3562.44 manat məbləğində pulun və ödənilmiş 20 manat dövlət rüsumunun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 25.10.2021-ci il tarixi qərardadı ilə həmin məhkəmənin 31.07.2015-ci il tarixli, 2(051)-2800/2015 saylı məhkəmə əmri borclu Cavabdeh2 21.06.2021-ci il tarixli etiraz ərizəsinə əsasən ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir. İddiçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi bankla Cavabdeh1 arasında 03 dekabr 2013-cü il tarixli M-040-AZN saylı kredit, Cavabdeh2 ilə bank arasında isə həmin tarixdə zamainlik müqaviləsi bağlanaraq borcalana 18 ay müddətinə, illik 24 faiz ödəmək şərti ilə, 3000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Borcalan kredit və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclulara dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hal-hazıradək kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. Məhkəmə əmri çıxdıqdan sonra da borclular banka olan borclarını ödəməmişdir. Hazırda borclu Cavabdeh1 banka 2649.30 manat əsas, 913.14 manat faiz borcu olmaqla cəmi 3562.44 manat borcu vardır. Digər borclu Cavabdeh2 da zamin kimi əsas borclu ilə birgə məsuliyyət daşımasına baxmayaraq, kredit borcunu ödəməkdən yayınmışdır. Hesab edir ki, cavabdehlər kredit borcunu ödəməklə təmsil etdiyi hüquqi şəxsi əlverişsiz vəziyyətə salmışlar. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini təmsil etdiyi şəxsə münasibətdə qəbul etmədi və göstərdi ki, təmsil etdiyi şəxs əsas borcluya zamin durmuşdur. Hazırda əsas borclunun krediti qaytarmaq imkanı olduğu halda, təmsil etdiyi şəxsdən həmin borcun tələb edilməsini əsaslı hesab etmir. Odur ki, məhkəmədən təmsil etdiyi şəxsə münasibətdə iddianın rədd edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı bankla Cavabdeh1 arasında bağlanmış, 03 dekabr 2013-cü il tarixli M-040-AZN saylı kredit müqaviləsindən görünür ki, cavabdeh bankdan 18 ay müddətinə, illik 24 faiz ödəmək şərti ilə, 3000 manat borc almışdır. İşdə olan iddiaçı bankla Cavabdeh2 arasında bağlanmış, 03 dekabr 2013-cü il tarixli zaminlik haqqında razılıqdan görünür ki, Cavabdeh2 Cavabdeh1 3000 manat məbləğində kredit öhdəliklərinin icrası ilə bağlı bank qarşısında borcalanla birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. İşdə olan 15 iyul 2015-cü il tarixli 49 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh1 03 dekabr 2013-cü il tarixdə “Azərbaycan Beynəlxalq Bankı “ASC-nin Mingəçevir filialından 3000 manat vəsait almışdır. İşdə olan ödəniş cədvəlindən görünür ki, cavabdeh tərəfindən kreditin qaytarılmasının hissə–hissə həyata keçirilməsi nəzərdə tutulmuş, o, 03.12.2013– 27.05.2015-ci illər ərzində hər ay krediti hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 15.07.2015-cü il tarixli, maliyyə arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 “Azərbaycan Beynəlxalq Bankı “ASC-yə 2649.30 manat əsas, 913.14 manat faiz borcu vardır. İşdə olan xəbərdarlıq məktublarından görünür ki, cavabdehə xəbərdalıq edilərək kredit müqaviləsi üzrə borcu xatırladılmış və ödənilməsi tələb olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında 03 dekabr 2013-cü il tarixli M-040-AZN saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank Cavabdeh1 18 ay müddətinə, illik 24 faiz ödəmək şərti ilə, 3000 manat məbləğində kredit vermişdir. Bankla digər Cavabdeh2 arasında isə həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh krediti hər ay qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş və nəticədə onun 2649.30 manat əsas, 913.14 manat faiz borcu olmaqla, cəmi 3562.44 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla Cavabdeh1 arasında predmeti pul məbləği olan kredit (borc) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə illik illik 24 faiz ödəmək şərti ilə, 3000 manat məbləğində pul (kredit) vermiş, cavabdeh isə razılaşdırılmış qrafikə uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin icrasının təminatı kimi digər cavabdeh Əhmədov Elşad İlyas oğlu ilə bank arasında eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh1 öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı bankın cavabdehlərə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası MM–nin 739.1.–ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə, həmçinin iddianın cavabdeh Əhmədov Elşad İlyas oğluna aid hissəsi ilə bağlı qeyd edir ki, cavabdeh Əhmədov Elşad İlyas oğlu da zamin olaraq bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1–ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə–hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2–ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1–ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2–ci maddəsində göstərilmişdir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi cavabdehlərin iddiaçı banka 3551.76 manat əsas və 355.25 manat faiz borcu olmaqla, cəmi 3907,01 manat borcu qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, 03 dekabr 2013-cü il tarixli M-040-AZN saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2649.30 manat əsas, 913.14 manat faiz borcu olmaqla, cəmi 3562.44 manat məbləğində pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə əmri ləğv edildikdən sonra iddia icraatı qaydasında işə baxıldığından, ödənilməmiş 10 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınıb elektron hökumət portalına ödənilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏ T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2649 (iki min altı yüz qırx doqquz) manat 30 qəpik əsas, 913 (doqquz yüz on üç) manat 14 qəpik faiz borcu olmaqla, cəmi 3562 (üç min beş yüz altmış iki) manat 44 qəpik məbləğində pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 (iyirmi) manat məbləğində pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilməmiş 10 (on) manat məbləğində dövlət rüsumu alınıb elektron hökumət portalına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar