Məhkəmə qərarları › İş №2(051)-2153/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2153/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2153/2021 20.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı Cavabdeh : Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 15.10.2019-cu il tarixli, 167 nömrəli müqavilə üzrə 380 (üç yüz səksən) manat borcun və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhərində yerlşən “Galaxy Telekom” mağazasından Cavabdeh ilə aralarında bağlanmış 15.10.2019-cu il tarixli, 167 nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 780 manat dəyərində Samsung A50 2019 Blue 4/128 gb markalı telefon verilmişdir. Cavabdeh müqavilənin şərtinə əsasən 11 ay ərzində hər ay 65 manat ödəməli idi. Lakin Cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. Hazırda onun 15.10.2019-cu il tarixli müqavilə üzrə 380 manat borcu yaranmışdır. Dəfələrlə cavabdehə borcun qaytarılması bildirsə də, cavabdeh borcunu qaytarmaqdan imtina etmişdir. Cavabdehin ona borclu olduğu 380 manat pulun ona geri qaytarılması yalnız məhkəmə qaydasında mümkündür. Ona görə də məhkəmədən Cavabdeh 15.10.2019-cu il tarixli, 167 nömrəli müqavilə üzrə 380 (üç yüz səksən) manat borcun və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı iddia tələbini qəbul edərək məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, X1 ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianı tam şəkildə qəbul edir. İddiaçı olan 380 manat borcu hissə-hissə, telefonunu açdıqdan sonra razıdır. O, məhkəmədən qətnamə çıxararkən izahatında göstərdiyi halları da nəzərə almasını xahiş edir. İşə əlavə olunmuş əşyaların hissə-hissə ödəmə şərti ilə alqı-satqı haqqında 167 №-li, 15 oktyabr 2019-cu il tarixli müqavilədən görünür ki, Galaxy telecom mağazası telefon Samsung A 50 2019 Blue 4/128 gb Cavabdeh 780 manata hissə-hissə ödəmə şərti ilə satmışdır. Müqavilə bağlanarkən 65 manat məbləğində ilk ödənişi həyata keçirmişdir. Qalan 715 manat borcu malın satıldığı gündən 1 ay sonra hər ayın 15-nə qədər 65 manat olmaqla 11 ay ərzində ödənilir. İşə əlavə olunmuş 15 oktyabr 2019-cu il tarixli, 167 №-li girov müqaviləsindən görünür ki, girov qoyan Nəsirov X3 Samsung A 50 2019 Blue 4/128 gb-i Galaxy telecom mağazasında girov qoymuşdur. İşə əlavə olunmuş 15 oktyabr 2019-cu il tarixli, 1 saylı müqaviləyə 167 saylı Əlavədən görünür ki, Cavabdeh GalaxyS Telecom-dan aldığı qarşılıqlı razılaşma əsasında dəyərini hissəhissə ödəmək nəzərdə tutulmuş Telefon Samsung A 50 2019 Blue 4/128 gb markalı, İMEİ kodu borcu yarandığı təqdirdə GalaxyS Telecom tərəfindən bu mobil cihazın İMEİ nömrəsini deaktiv edilməsinə etirazı yoxdur. İşə əlavə olunmuş Ödəniş Cədvəlindən görünür ki, Nəsirov X3 Samsung A 50 2019 Blue 4/128 gb üçün 15.11.2019-15.09.2020-ci il tarixləri ərzində aylıq 65 manat ödəniş etməyə razı olmuşdur. İşə əlavə olunmuş Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 20.12.2021-ci il tarixli ərizədən görünür ki, X1 ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianı tam şəkildə qəbul edir. İddiaçı olan 380 manat borcu hissə-hissə, telefonunu açdıqdan sonra razıdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi əsaslıdır. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli hallar kimi müəyyən etmişdir ki, Nəsirov X3 Samsung A 50 2019 Blue 4/128 gb hissə-hissə ödəmək şərtilə müqavilə ilə satın almış və onun dəyəri olan 780 manat pulu 11 ay ərzində aylıq 65 manat ödəməyə razı olmuşdur. Lakin cavabdeh borcu iddiaçıya tam qaytarmamışdır və onun iddiaçıya 380 manat borcu qalmışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri borc münasibətləri ilə bağlı yaranan mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Mülki Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 324.1-ci maddəsində əqdin anlayışı müəyyən edilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 389.1-ci maddəsində müqaviləyə verilən tərifə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Sadalanan hüquq normalarını sistemli təhlil edib işin faktik halları ilə müqayisə edəndə müəyyən olunur ki, Nəsirov X3 Samsung A 50 2019 Blue 4/128 gb hissə-hissə ödəmək şərtilə müqavilə ilə satın almış və onun dəyəri olan 780 manat pulu 11 ay ərzində aylıq 65 manat ödəməyə razı olmuşdur. Bu razılıq onların arasında mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 389.1-ci maddəsi baxımından yanaşdıqda isə, iddiaçı ilə cavabdehin mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi haqqında razılaşması, yəni müqavilədir. Bu müqavilə qanuna zidd deyildir və tərəflər üçün öhdəliklər yaradır. Tərəflər arasında bağlanan müqavilənin növünü müəyyən etmək üçün onun həqiqi məzmunu tərəflərin iradəsi, rəftarı və s. xüsusatlar nəzərə alınmalıdır. Mülki Məcəllənin 324.5-ci maddəsinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu baxımdan tərəflər arasında bağlanmış yazılı müqavilə, hüquqi təbiətinə görə əşyanın hissə-hissə ödənilməsi haqqında müqavilədir. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilmişdir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 191.3-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-241, 357 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 380 (üç yüz səksən) manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul alınıb İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar