Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-22/2021 12.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtaği oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Cavabdeh1 iştirakı ilə, İddiaçı: İddiaçı ASC-nin Cavabdehlər: Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «Kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək:
1. 11.07.2014-cü il tarixli 111LN.2004.110714.00001 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 178007.12 manat əsas, 21671.91 manat faiz, 15912.55 manat cərimə olmaqla, cəmi borcu 215591.58 manat məbləğində borcun tutulması;
2. Tutmanın Cavabdeh1 məxsus Mingəçevir şəh., H.Əliyev prospekti, ev.50B saylı qeyri-yaşayış binasına 0.0098 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin qeyriyaşayış binasının torpaq sahəsilə birlikdə açıq hərracda satılması və borcun qeyri-yaşayış binasının açıq hərracda satışından əldə olunan vəsait hesabına ödənilməsi;
3. Cavabdeh1 məxsus olan Mingəçevir şəh., H.Əliyev prospekti, 50B saylı qeyri-yaşayış binasından istifadə hüquqlarının itirilmiş hesab edilməsi və boşaldılması;
4. Dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun və 0.40 manat xidmət haqqının və 31 manat məbləğində bildirişin DƏDRX-da qeydiyyata alınmasına dair xərcin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmişlər. İddiaçı ASC-nin nümayəndəsi teleqram ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, 11.07.2014-cü il tarixli 111.LN.2004.110714.00001 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 illik 6% 60 ay müddətinə 200000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. 11.07.2014-cü il tarixli 111.LN.2004.110714.00001 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh1 (ipoteka qoyan) arasında 11 iyul 2014-cü il tarixli 111.CL.110714.00001/a saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə görə İddiaçı ASC-yə Mingəçevir şəhər, H.Əliyev prospekti 50B saylı qeyri-yaşayış binasına 0.0098 ha torpaq sahəsi ilə birlikdə ipoteka hüququ verilmiş və onun qeydiyyatı RX seriyalı ******* nömrəli çıxarışla təsdiqlənmişdir. Cavabdeh1 11.07.2014-ci il tarixli 111.LN.2004.110714.00001 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 17.07.2018-ci il tarixə olan borcu 178007.12 manat əsas, 21671.91 manat faiz, 15912.55 manat cərimə olmaqla, cəmi borcu 215591.58 manat təşkil edir. Qeyd olunanlara əsasən:
1. 11.07.2014-cü il tarixli 111LN.2004.110714.00001 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 178007.12 manat əsas, 21671.91 manat faiz, 15912.55 manat cərimə olmaqla, cəmi borcu 215591.58 manat məbləğində borcun tutulması;
2. Tutmanın Cavabdeh1 məxsus Mingəçevir şəh., H.Əliyev prospekti, ev.50B saylı qeyri-yaşayış binasına 0.0098 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin qeyriyaşayış binasının torpaq sahəsilə birlikdə açıq hərracda satılması və borcun qeyri-yaşayış binasının açıq hərracda satışından əldə olunan vəsait hesabına ödənilməsi;
3. Cavabdeh1 məxsus olan Mingəçevir şəh., H.Əliyev prospekti, 50B saylı qeyri-yaşayış binasından istifadə hüquqlarının itirilmiş hesab edilməsi və boşaldılması;
4. Dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun və 0.40 manat xidmət haqqının və 31 manat məbləğində bildirişin DƏDRX-da qeydiyyata alınmasına dair xərcin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əlavə olunmuş 11 iyul 2014-cü il tarixli 111.LN.2004.110714.00001 №-li kredit müqaviləsindən görünür ki, Cavabdeh1 "xxxx" ASC ilə müqavilə bağlayaraq, illik 6 faiz əlavəsi ilə, 60 ay müddətinə 200000 manat məbləğdə kredit götürmüşdür. İddia ərizəsinə əlavə olunmuş 11 iyul 2014-cü il tarixli 111.CL.110714.00001/a saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus olan Mingəçevir şəh., H.Əliyev prospekti, 50B ünvanında yerləşən xüsusi mülkiyyətdə olan, 0.0098 ha torpaq sahəsində yerləşən, 228.53 kv.m, ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış 11.07.2014-cü il tarixli 111.LN.110714.00001 saylı Kredit müqaviləsi üzrə öhdəliklərin təminati kimi ipoteka ilə yüklü edilmişdir. İddia ərizəsinə əlavə olunmuş 18.07.2018-ci il tarixədək Cavabdeh1 İddiaçı ASC-nin Mingəçevir filialına olan borcunun hesablanmasına dair arayışdan görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC-nin arasında bağlanmış 11.07.2014-cü il tarixli, 0111.LN.110714.00001 saylı kredit müqaviləsinə əsasən cavabdehin 178007.12 manat kredit borcu, 21671.91 manat kreditdən istifadəyə görə faiz borcu, 15912.55 hesablanmış faiz borcu yaranmışdır. Məhkəməyə təqdim olunmuş DƏDRX Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəh., H.Əliyev prospekti, 50 B ünvanında yerləşən xüsusi mülkiyyətdə olan, 0.0098 ha torpaq sahəsində yerləşən, 228.53 kv.m, ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 02.03.2013-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. Məhkəməyə təqdim olunmuş DƏDRX Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş RX ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəh, H.Əliyev prospekti., 50B ünvanında yerləşən xüsusi mülkiyyətdə olan, 0.0098 ha torpaq sahəsində yerləşən, 228.53 kv.m, ümumi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası yuxarıda qeyd olunan kredit müqaviləsinin təminatı olaraq yüklü edilməsi 11.07.2014-cü ildə qeydiyyata alınmışdır. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 21 iyun 2021-ci il tarixli, 9/958 saylı rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-nə 178.007,12 manat məbləğdə əsas, 21.671.91 manat məbləğdə faiz borcu yaranmışdır. İşdə olan Əmlakın qiymətləndirilməsi MMC “Law Consulting” Company 22 oktyabr 2020-ci il tarixli 25/2020 saylı mütəxəssis rəyindən görünür ki, Mingəçevir şəhəri, H.Əliyev prospekti, 50B ünvanında yerləşən, 0.0098 ha torpaq sahəsinin üzərində inşa edilmiş, 228.53 kv.m ümumi sahədən ibarət üç mərtəbəli qeyri-yaşayış binasının hazırki bazar dəyərini müəyyən etmək üçün ərazi üzrə monitorinq təşkil edilərək qiymətləndirmə işi aparılmışdır. Bazar dəyəri 320000 manat və likvid qiyməti 340000 manat məbləğdə qiymətləndirilmişdir. İddia ərizəsinə əlavə olunmuş xəbərdarlıq və bildirşlərdən görünür ki, iddiaçı dəfələrlə cavabdehə borcun ödənilməsi barədə cavabdehə məlumat vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit və ipoteka münasibətləri ilə bağlı yaranan mülki mübahisədir. Məhkəmə, işin hallarına kredit qanunvericiliyinə, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələri iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan hüquq normalarına əsasən, iddiaçının borcalana qarşı borcun ödənilməsi tələbi əsaslıdır. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Müqavilənin bu şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı borcalana krediti ödəmədiyi üçün 15912.55 manat məbləğdə cərimə hesablanmışdır. Lakin məhkəmə borcluya 15912.55 manat məbləğdə dəbbə pulunun artıq hesablandığı qənaətindədir. Belə ki, Azərbaycan Respublikası MMnin 467-ci maddəsinin tələbinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, borcludan 2000 manat miqdarda dəbbə pulu alınmalıdır. «İpoteka haqqında» Qanunun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun əsaslarından biri əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmamasıdır. Məhkəmədə müəyyən edilmişdir ki, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliyini vaxtında icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə görə əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsində göstərilmişdir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. İddiaçının təqdim etdiyi sənədlərlə müəyyən olunur ki, borcun ipoteka qoyulmuş əmlaka yönəldilməsi üçün «İpoteka haqqında» Qanunun 36-cı maddəsi ilə müəyyən olunmuş bütün prosedurlara kreditor tərəfindən riayət olunmuşdur. «İpoteka haqqında» Qanunun 41.1-ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.3, 319.6-cı maddələrinə və «İpoteka haqqında» Qanunun 47.2-ci maddəsinə əsasən ipoteka predmetinin satışından əldə olunan vəsaitdən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbi, o cümlədən əsas borc öhdəliyinin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulu və ya vurulmuş zərər, daha sonra isə məhkəmə xərcləri və digər xərclər ödənilir, qalan məbləğ ipoteka qoyana qaytarılır. Buna görə məhkəmə hesab edir ki, ipoteka predmeti olan mənzil hərracda satışa çıxarılmaqla satılmalı və satışdan əldə olunmuş vəsait hesabına iddiaçının tələbləri və məhkəmə xərcləri ödənilməli, qalan məbləğ isə ipoteka qoyana qaytarılmalıdır. «İpoteka haqqında» Qanunun ipoteka ilə təmin edilən tələbin həcmini müəyyən edən 4-cü maddəsində göstərilmişdir ki, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və vurulmuş zərərin əvəzinin ödənilməsi, məhkəmə xərcləri və digər xərclərin ödənilməsi də daxil olmaqla tam ödənilir. «İpoteka haqqında» Qanunun 4-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun və 0.40 manat xidmət haqqının pulun iddiaçının xeyrinə cavabdehlərdən tutulmalıdır. «İpoteka haqqında» qanunun 59-cu maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa, həmin yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və ya o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İş materiallarından görünür ki, ipoteka qoyanın özü və ailə üzvləri mübahisəli mənzilin ipotekaya qoyulmasına və həmin evə tutma yönəldilməsinə, evi qeyd-şərtsiz təhvil verməyə razı olduqları barədə notariat qaydasında təsdiq edilmiş razılıq ərizələri vermişlər. Buna görə də məhkəmə hesab edir ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda, cavabdehlər həmin mənzili ən geci bir ay ərzində boşaltmalıdırlar. Sadalanan hallar və hüquq normaları cavabdehdən borcun ödənilməsi tələbinin əsaslı olduğunu təsdiq edir. İddianın zamindən borcun ödənilməsi tələbi də əsaslıdır. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsində zaminlik müqaviləsinə verilən tərifə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zamin borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 220.5-ci maddəsinin tələbinə görə, qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 107 və 115.0.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə 145 manat məbləğdə ekspertiza xərci cavabdehlərə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq,
qət etdi: İddia tələbi qismən təmin edilsin. 11.07.2014-cü il tarixli 111LN.2004.110714.00001 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 178007.12 manat əsas, 21671.91 manat faiz, 2000 manat cərimə olmaqla, cəmi borcu 201679.03 manat məbləğində borc alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutmanın Cavabdeh1 məxsus Mingəçevir şəhəri, H.Əliyev prospekti 50B saylı qeyri-yaşayış binasına 0.0098 ha torpaq sahəsi ilə birlikdə yönəldilsin. Qeyri-yaşayış binasının ilkin satış qiyməti 340000 manat müəyyən edilsin. Həmin qeyri-yaşayış binasının torpaq sahəsilə birlikdə açıq hərracda satılması və borcun qeyri-yaşayış binasının açıq hərracda satışından əldə olunan vəsait hesabına ödənilsin. Cavabdeh1 məxsus olan Mingəçevir şəhəri, H.Əliyev prospekti 50B saylı qeyriyaşayış binasından istifadə hüquqlarının itirilmiş hesab edilsin və boşaldılsın. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun və 0.40 manat xidmət haqqının və 31 manat məbləğində bildirişin DƏDRX-da qeydiyyata alınmasına dair xərcin cavabdehlərdən tutulub İddiaçı ASC-nə ödənilsin. İş üzrə 145 manat məbləğdə ekspertiza xərci cavabdehlərdən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
HAKİM Ələkbər Hüseynov