Məhkəmə qərarları › İş №2(051)-22/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-22/2023

12.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-22/2023 12.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: Mingəçevir Bələdiyyəsinin nümayəndəsi X3 Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Mingəçevir Bələdiyyəsinin Cavabdeh qarşı “Zəbt olunmuş torpaq sahəsinin boşaldılması və ticarət köşkünün götürülməsi” tələbinə dair mülki iş açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Mingəçevir Bələdiyyəsi iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Mingəçevir Bələdiyyəsinin ümumi istifadəsində olan qanunsuz zəbt etdiyi 12 kv.metr torpaq sahəsini boşaltması və quraşdırılmış ticarət köşkünü götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh şəhərin N.Nərimanov prospektinin N.Gəncəvi küçəsi ilə kəsişməsində ümumi istifadədə olan bələdiyyə mülkiyyətinə aid ərazidə 12 kv.metr torpaq sahəsini zəbt edərək, özbaşına heç bir rəsmi icazəsi olmadan qeyd olunan əraziyə ticarət köşkü quraşdırmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh quraşdırdığı köşkü götürməkdən imtina etmişdir. Hesab edir ki, cavabdehin sahibliyi qanunsuz olduğundan, istifadə etdiyi 12 kv.metr torpaq sahəsində quraşdırdığı ticarət köşkü götürülməli və həmin torpaq sahəsi boşaldılmalıdır. Bununla belə cavabdeh könüllü olaraq təmsil etdiyi hüquqi şəxsə məxsus torpaq sahəsini boşaltmaqdan imtina etmişdir. Ona görə də təmsil etdiyi hüquqi şəxs məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, Mingəçevir şəhəri, N.Nərimanov prospektinin N.Gəncəvi küçəsi ilə kəsişməsində olan 12 kv.metr torpaq sahəsində ticarət köşkü quraşdırmışdır. Belə ki, həmin torpaq sahəsi onun qanuni istifadəsində olan torpaq sahəsinin sərhədləri daxilində olmuşdur. O səbəbdən də orada ticarət köşkü quraşdırmışdır. Həmin vaxt iddiaçı tərəfindən ona qarşı heç bir etiraz edilməmişdir. Ona görə də o, həmin torpaq sahəsinin onun istifadəsində olduğuna əmin olmuşdur. Lakin sonradan iddiaçı ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyindən sonra ona məlum olmuşdur ki, həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Bundan sonra isə ticarət köşkünün quraşdırılması üçün həmin ərazinin onun istifadəsinə verilməsini iddiaçı tərəfdən xahiş etsə də, lakin heç bir səbəb olmadan iddiaçı onunla razılaşmamışdır. Hesab edir ki, iddiaçının ona olan münasibəti qərəzlidir. Çünki ticarət köşkünün yerləşdiyi 12 kv.m. torpaq sahəsinin onun istifadəsinə verilməsi və orada ticarət köşkünün quraşdırılması, iddiaçının qanuni mənafeyi ilə ziddiyyət təşkil etmir, həmçinin üçüncü şəxslərin hüquqlarını pozmur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Abdullayev X2 şəhərinin N.Nərimanov prospektinin N.Gəncəvi küçəsi ilə kəsişməsində ümumi istifadədə olan bələdiyyə mülkiyyətinə aid ərazidə 12 kv.metr torpaq sahəsini zəbt edərək, özbaşına heç bir rəsmi icazəsi olmadan qeyd olunan əraziyə ticarət köşkü quraşdırmış və sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İşdə olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4059 saylı ekspert rəyindən görünür ki, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinin mütəxəssis rəyinə əsasən Mingəçevir şəhəri, N.Nərimanov prospekti ilə N.Gəncəvi küçəsinin kəsişməsində yerləşən Cavabdeh istifadə etdiyi ticarət köşkü yerləşən 10.64 kv.m torpaq sahəsi elektron bazada təqdim edilən X4 X5 bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan torpaqlar kimi göstərilmişdir. Mingəçevir şəhəri, N.Nərimanov prospekti ilə N.Gəncəvi küçəsinin kəsişməsində yerləşən 10.64 kv.m torpaq sahəsi və ticarət köşkü üzərində Cavabdeh hər hansı əşya hüququ mövcud deyildir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, cavabdeh Mingəçevir şəhəri, N.Nərimanov prospekti ilə N.Gəncəvi küçəsinin kəsişməsində yerləşən 10.64 kv.m torpaq sahəsində ticarət köşkü quraşdırmışdır. Cavabdehin istifadə etdiyi ticarət köşkünün yerləşdiyi 10.64 kv.m torpaq sahəsi elektron bazada təqdim edilən X4 X5 bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan torpaqlar kimi göstərilmiş və həmin torpaq sahəsi və ticarət köşkü üzərində Cavabdeh hər hansı əşya hüququ qeydə alınmamışdır. Həmin torpaq sahəsi üzərində quraşdırılmış ticarət köşkünün götürülməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh ondan imtina etmişdir. Hazırda mübahisəli torpaq sahəsinin 10.64 kv.m hissəsi cavabdehin sahibliyində və istifadəsindədir. İddiaçı dəfələrlə zəbt edilmiş torpaq sahəsindən könüllü olaraq çıxması və orada quraşdırılmış ticarət köşkünün götürülməsi barədə cavabdehə təklif etmiş, lakin cavabdeh imtina etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə mübahisənin düzgün həll edilməsi üçün mübahisəli torpaq sahəsinin hansı hüquqi statusda olmasının müəyyən edilməsini zəruri hesab edir. Belə ki, işin müəyyən olunmuş halları ilə təsdiq edilir ki, mübahisəli torpaq sahəsi X4 X5 bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan torpaqlar kimi göstərilmişdir. Belə ki, “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarında göstərilir ki, dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələri üzərində mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin hüquqları və vəzifələri barədə qeydlər əsas təsdiqedici və hüquq müəyyənedici sənəddir. AR Mülki Məcəlləsinin 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında AR Qanunun 2.2-ci maddəsinə əsasən istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması qaydalarının 1.2-ci hissəsinə əsasən daşınmaz əmlakın vahid dövlət kadastrı kadastr uçotuna alınmış daşınmaz əmlaka dair məlumatların, sənədlərin, xəritə materiallarının sistemləşdirilmiş məcmusundan ibarət dövlət informasiya sistemidir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı Mingəçevir Bələdiyyəsinin mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ vardır. Məhkəmə hesab edir ki, həmin mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə aid ümumi istifadədə olan torpaqlar olduğundan, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mülkiyyət hüququnun müdafiəsi qaydasında qorunmalıdır. Lakin cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, cavabdehə münasibətdə tətbiq olunan normada göstərilən şərtlər hazırkı iş üzrə məcmu halında mövcuddur. Belə ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətində olmasına baxmayaraq, həmin torpaq sahəsinin 10.64 kv.m hissəsi Cavabdeh istifadəsində və sahibliyindədir. Hazırda cavabdehin həmin torpaq sahəsi üzərində heç bir əşya hüququ qeydiyyata alınmamış və onun sahibliyi qanunsuzdur. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. “Torpaq islahatı haqqında” AR Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84–cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111–ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2–ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3–cü bəndinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Mingəçevir şəhəri, N.Nərimanov prospekti ilə N.Gəncəvi küçəsinin kəsişməsində Cavabdeh istifadə etdiyi ticarət köşkü yerləşən 10.64 kv.m torpaq sahəsindən Cavabdeh çıxarılmalı və həmin torpaq sahəsi üzərində quraşdırılmış ticarət köşkü götürülməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, məhkəmənin öz təşəbbüsü ilə təyin edilmiş xx.xx.2022-ci tarixli məhkəmə tikinti-texniki ekspertizası tədqiqatın dəyəri olan 100 manat məhkəmə xərci iddiaçı və cavabdehdən bərabər qaydada tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. İş materialarında olan xx.xx.2022-ci il tarixli ekspertiza xərcinə dair bildirişdən görünür ki, məhkəmə tikinti-texniki ekspertizası zamanı aparılmış tədqiqatların dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Abdullayev X1 Elektron Kadastr X5 Mingəçevir Bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadədə olan, Mingəçevir şəhəri, N.Nərimanov prospekti ilə N.Gəncəvi küçəsinin kəsişməsində yerləşən, 10.64 kv.m torpaq sahəsindən çıxarılsın, həmin torpaq sahəsi üzərində quraşdırılmış ticarət köşkü götürülsün və torpaq sahəsi boşaldılsın. İddiaçı Mingəçevir Bələdiyyəsindən ekspertiza tədqiqatın dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Cavabdeh ekspertiza tədqiqatın dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar