Məhkəmə qərarları › İş №2(051)-2209/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2209/2022

02.12.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2209/2022 02.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı nümayəndəsi,vəkil X9 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Mingəçevir şəhər “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı miras əmlakın bütöv şəkildə qəbul edilməsinin müəyyən olunması tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Mingəçevir şəhər “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı miras əmlakın bütöv şəkildə qəbul edilməsinin müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi,vəkil X14 iddianı müdafiə edərək izahatında bildirdi ki, iddiaçı ailəsi ilə birlikdə ünvan 1 ünvanda yerləşən mənzildə yaşayır. Həmin mənzil iddiaçının atası X5 xüsusi mülkiyyətində olmuşdur. İddiaçının atası Ramazan Zamanov xx.xx.2021-ci ildə, X2 xx.xx.2016-cı ildə vəfat etmişlər. İddiaçının Cavabdeh3 adlı bir qardaşı, Cavabdeh2 adlı bir bacısı var. İddiçının qardaşı Cavabdeh3 20 ildən çoxdur ki, Bakı şəhərində yaşayır. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ünvan 1-də yaşamamışlar və onlar tərəfindən miras qəbul edilməmişdir. Miras yalnız iddiaçı tərəfindən qəbul edilmişdir. Atasından qalan miras əmlakı, yəni Mingəçevir şəhəri Nizami küçəsindəki 12 saylı evin 32 saylı mənzilini bütöv şəkildə iddiaçı qəbul etmişdir. İddiaçı həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayıb, mənzili idarə edibdir. Lakin cavabdehlər atalarından miras qalmış mənzildə yaşamamış, mənzilin idarə olunmasında, qorunub saxlanmasında iştirak etməmiş, mirası ya faktiki olaraq qəbul etməmişlər, ya da mirasın qəbulu ilə əlaqədar notariusa ərizə verməmişlər. İddiaçı miras əmlakın qəbulu üçün notariat kontoruna müraciət etmiş, lakin ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Vərəsəlik haqqında şəhadətnamə almaq üçün miras əmlakın iddiaçı tərəfindən qəbul olunması müəyyən edilməlidir. İddianın təmin olunmasını, atası X1 miras qalmış Mingəçevir şəhəri Nizami küçəsi 12 №-li evin 32 №-li mənzilinin miras əmlak kimi bütövlükdə iddiaçı tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Mingəçevir regional ”Asan xidmət” Mərkəzində notariat ofisinə məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmişlər. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılması mümkündür. Cavabdeh3 Ramaz oğlu məhkəməyə göndərdiyi ərizədə göstərmişdir ki, Mingəçevir şəhəri Nizami küçəsi 12 №-li evin 32 №-li mənzili atası X5 mülkiyyətində olmuşdur. X2 xx.xx.2016-cı ildə, atası Ramazan Zamanov xx.xx.2021-ci ildə vəfat etmişlər. Onlar iki qardaş, bir bacıdırlar. Qardaşı İddiaçı, bacısı Cavabdeh2, onlar atalarının vərəsələridir. Atasının yas mərasimi bitdikdən sonra İddiaçı atasından miras qalmış mənzilə köçmüş və hazırda da həmin mənzildə yaşayır. Ancaq atasının yas mərasimi xərcinin böyük hissəsini, eləcə də qəbirüstü abidənin tam xərcini bacısı Cavabdeh2 ödəmişdir. Atasından qalmış mirasın qəbulu ilə əlaqədar o da notariata müraciət etmişdir. Lakin ona məhkəməyə müraciət etməyi tövsif olunmuşdur. Ona görə ki, o, qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət etməmişdir. Mingəçevir şəhəri Nizami küçəsi 12 №-li evin 32 №-li mənzilin miras əmlak kimi vərəsələr-o, qardaşı İddiaçı və bacısı Cavabdeh2 arasında bərabər bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. X6 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, İddiaçı Ramazn oğlu ilə 1987-ci ildən qonşudur. İddiaçı Mingəçevir şəhəri Nizami küçəsi 12 №-li evin 32 №-li mənzilində yaşayıbdır. Atasının ölümündən sonra da həmin mənzildə İddiaçı ailəsi ilə birgə yaşayır. X3 da məhkımə iclasında X6nın ifadəsinə uyğun ifadə verərək iddiaçı ilə 30 ilə yaxındır qonşu olduğunu, İddiaçı Mingəçevir şəhəri Nizami küçəsi 12 №-li evin 32 №-li mənzilində yaşadığını, atasının ölümündən sonra da, hazırda da iddiaçının həmin mənzildə yaşadığını bildirdi. Məhkəmə iddiaçının nümayəndəsi,vəkilini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Nizami küçəsi, 12 №-li evin, 32 №-li mənzili X5 adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İşdə olan evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X10 arasında 20 avqust 1962-ci ildə Ucar rayon Lək kənd sovetliyində nikah qeydə alınmışdır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxxxx 1963-cü il təvəllüdle X13 atası X7, X2dır. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 23 sentyabr 2021-ci ildə ölmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 25 avqust 2016-cı ildə ölmüşdür. İşə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, X21, X22, X23, X4 şəhəri, Nizami prospekti, 12 №-li evin, 32 №-li mənzilində qeydiyyatdadırlar. İşə əlavə edilmiş Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 29 mart 2022-ci il tarixli 05/Q-158/15 №-li arayışdan görünür ki, X5 vərəsələri İddiaçı, X15 və Cavabdeh2dır. İşə əlavə olunmuş Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 539 nömrəli cavab məktubundan görünür ki, X16 mirasın bölüşdürülməsi üçün Mingəçevir şəhər məhkəməsinə müraciət etmək tövsiyyə olunmuşdur. İşə əlavə olunuş 4 saylı MİS-in əməkdaşlarının və qonşuların iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda göstərilir ki, Mingəçevir şəhəri Nizami küçəsi 12 №-li evin 32 №-li mənzilində İddiaçı, X20, X28, X27, X24, X22 yaşadıqları aşkar edilmişdir. İşdə olan Mingəçevir Regional “Asan xidmət” mərkəzində notariat ofisinin məhkəmənin sorğusuna cavab məktubunda göstərilir ki, xx.xx.2021-ci ildə vəfat etmiş X1 qalmış miras əmlaka dair Mingəçevir Regional “Asan xidmət” mərkəzində notariat ofisində xx.xx.2021-ci il tarixdə oğlu İddiaçı ərizəsinə əsasən V-600/2021 saylı vərəsəlik işi açılmış, lakin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1157.1 və 1151.2-ci maddələrinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Mülki Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə görə qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, arvad(ər), valideynlər bərabər hüquqlu, birinci növbəli vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göstərilən qanunvericilik normalarından göründüyü kimi vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir. Ya mirasın açılması, ya da şəxsin vərəsəlik hüququ əldə etməsi mirası əldə etmək üçün kifayət etmir. Göstərilən hüquqi faktlar şəxsə yalnız mirası əldə etmək imkanı verir. Hər hansı bir şəxs tərəfindən miras əmlak yalnız o halda əldə edilə bilər ki, o, miras əmlakın əldə edilməsinə öz razılığını bildirsin və ya hərəkətləri ilə nümayiş etdirsin. Mirası qəbul etmək qanunvericiliklə nəzərdə tutulduğu qaydada, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə, əmlakı idarə etməyə faktiki başlamaqla həyata keçirilir. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, Mingəçevir şəhəri Nizami küçəsi 12 №-li evin 32 №-li mənzili X5 mülkiyyətində olmuşdur. Ramazan Zamanov xx.xx.2021-ci ildə vəfat etmişdir. İddiaçı və cavabdehlər Ramazan Zamanovun qanun üzrə birinci növbəli vərəsələridir. İddiaçı atasının ölümündən sonra həmin mənzildə yaşamaqla, əmlaka sahiblik etməklə, əmlakı idarə etməklə mirası faktiki olaraq qəbul etmişdir. Həmçinin, mirasın qəbulu ilə bağlı qanunla müəyyən edilmiş müddətdə notariat ofisinə ərizə ilə müraciət etmişdir. Lakin cavabdehlər Cavabdeh2, Cavabdeh3 qanunla müəyyən edilmiş qaydada, ya notariat kontoruna ərizə verməklə, ya da əmlakı idarə etməklə mirası qəbul etməmişlər. Cavabdeh3 məhkəməyə göndərdiyi ərizə ilə iddia tələbinə etiraz etsə də üzrlü səbəbdən mirası qəbul etmək imkanı olmadığını təsdiq edən sübutu məhkəməyə təqdim etməmiş, ya mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə məhkəməyə müraciət etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı atası X1 miras qalmış Mingəçevir şəhəri Nizami küçəsi 12 №-li evin 32 №-li mənzilin miras əmlak kimi bütövlükdə yalnız iddiaçı tərəfindən qəbul edilməsi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia təmin olunsun. X1 miras qalmış Mingəçevir şəhəri Nizami küçəsi 12 №-li evin 32 №-li mənzilinin miras əmlak kimi bütövlükdə yalnız İddiaçı tərəfindən qəbul olunması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar