Məhkəmə qərarları › İş №2(051)-2217/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2217/2021

21.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2217/2021 21.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili X1 iddianı müdafiə edərək məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, İddiaçı Cavabdeh ilə 24 oktyabr 2012-ci ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 21 iyul 2013-cü il təvəllüdlü Nazlı adlı bir nəfər uşaqları doğulmuşdur. Tərəflərin mübasibətləri pozulduğundan Yevlax rayon məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qətnaməsi ilə aralarında olan nikahın pozulması, uşağın iddiaçının yanında qalması və Cavabdeh uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat alimentin tutulub iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı hazırda işləmir, aldığı aliment ilə uşağın xərclərini ödəməkdə maddi cəhətdən çətinlik çəkir. Cavabdeh 120 manat alimentdən başqa iddiaçıya heç bir köməklik etmir. Halbuki, cavabdehin maddi inkanı yaxşıdır. Hər ay müəllim kimi 400 manat əmək haqqı alır, bundan əlavə müəllim kimi repetitorluq fəaliyyəti ilə məşğul olur. Kənddə yaşadığından təsərrüfatında mal-qara da saxlayır. Ona görə də müəyyən edilmiş alimentin miqdarının artırılmasını, 21 iyul 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat məbləğdə alimentin Cavabdeh alınıb iddiaçıya verilməsini xahiş edir. Cavabdeh iddianı qəbul etməyrək məhkəmə iclasında izahatında bildirdi ki, uşağına baxmaqdan imtina etmir, lakin tələb olunan qədər aliment ödəməyə maddi imkanı yoxdur.Ucar rayon Y.Məmmədov adına Ramal kənd ümumi orta məktəbində müəllim vəzifəsində işləyir və aylıq əmək haqqı 318 manat təşkil edir. 120 manat hər ay vaxtlıvaxtında ödəyir. Alimentdən başqa uşağı ilə görüşməyə gələndə uşağın istədiyi əşyaları alır. Onun müəllim kimi repetitorluq fəaliyyəti ilə məşğul olması barədə iddiaçının izahatı həqiqətə uyğun deyil. O, yaşadığı yerdə deyil, başqa rayonun kənd məktəbində işləyir, iş yerinə gedibgəlir, repetitorluq fəaliyyəti ilə məşğul olmağa vaxt qalmır. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 21 iyul 2013cü il təvəllüdlü X4 valideynləri Cavabdeh və İddiaçıdır. İşə əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahı 31 yanvar 2020-ci ildə ləğv edilmişdir. İşə əlavə edilmiş Yevlax rayon Məhkəməsinin 2(051)-2038/2019 saylı 25 dekabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 21 iyul 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat aliment tutulub, X3 verilməsi qət edilmişdir. Cavabdehin təqdim etdiyi Ucar rayon Təhsil şöbəsinin 15 dekabr 2021-ci il tarixli 484 №-li arayışından görünür ki, Cavabdeh Ucar rayon Y.Muradov adına Ramal kənd ümumi orta məktəbində müəllim vəzifəsində işləməklə hesablanmış aylıq əmək haqqı 375 manat 56 qəpik, karta vurulan aylıq əmək haqqı 318 manat 71 qəpikdir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Ərəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 27 noyabr 2021-ci il tarixli 588 №-li arayışından görünür ki, Cavabdeh repetitorluqla və fərdi təsərüfatla məşğul olmur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci madəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflər ayrılmışlar, onların birgə nikahlarından doğulmuş Nazlı adlı uşaq iddiaçının yanında qalır. Məhkəmənin 25 dekabr 2019-cu il tarixli qərarı ilə Cavabdeh Mühman oğlundan 21 iyul 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat aliment tutulub, X3 verilməsi qət edilmişdir. Müəyyən edilmiş aliment hazırda uşağın təminatının səviyyəsinin maksimal saxlanması üçün kifayət deyildir. Ancaq tələb olunan miqdarda alimentin ödənilməsi üçün cavabdehin kifayət qədər qazancı olması məhkəmə iclasında sübut olunmadı. Ona görə də məhkəmə tərəflərin maddi vəziyyətini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, alimentin miqdarı nisbətən artırılmalı, cavabdehdən uşağın saxlanması üçün hər ay 140 (bir yüz qırx) manat miqdarında aliment tutulub iddiaçıya verilməlidir. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3 və 119.2-ci maddələrinə əsasən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 21 iyul 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 140 (bir yüz qırx) manat sabit pul miqdarında aliment hər ay Cavabdeh tutulub, İddiaçı verilsin. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub, dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar