Məhkəmə qərarları › İş №2(051)-2225/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2225/2022

30.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2225/2022 30.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh uzun müddətdir ki, tanıyır. Qonşuluqda yaşamışlar. Əvvəllər münasibətləri normal olmuşdur. Cavabdeh ondan borc pul istədi. Yaxın olduqları üçün cavabdehə inanaraq istədiyi 5000 manat borc pulu ona verdi. Cavabdeh isə öz növbəsində həmin borc pulu qısa müddət ərzində qaytaracağına söz verdi. Cavabdeh həmin puldan 1000 manatını az-az olmaqla ona qaytarmışdır. Lakin üstündən uzun müddət keçməsinə baxmayaraq cavabdeh ona olan 4000 manat borcunu qaytarmaq istəmir. Dəfələrlə ona olan borcunu qaytarmağı tələb etsə də cavabdeh müxtəlif bəhanələr gətirərək borcunu qaytarmaqdan yayınır. Cavabdeh onun etibarından sui-istifadə edərək aldığı borcu qaytarmır. Bu məsələ ilə bağlı Mingəçevir şəhər polis şöbəsinə də müraciət etmişdir. Mingəçevir şəhər polis şöbəsi tərəfindən həmin şəxs və o, dəvət olunaraq izahatları alınmışdır. Cavabdeh Mingəçevir şəhər polis şöbəsində ona olan borcunu öz izahatında yazılı olaraq etiraf etmişdir. O, hazırda heç bir yerdə işləmir. Hərdən iş olanda günəmuzd olaraq təmizlik işləri ilə məşğul olur. Başqa yerdən də heç bir gəliri yoxdur. Lakin bütün bunlara baxmayaraq cavabdeh pulu ona qaytarmaqdan imtina edir. Cavabdehdən pulu başqa qaydada ala bilmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin olunmasını, Cavabdeh 4000 (dörd min) manat pulun və dövlət rüsumu kimi ödənilmiş 60 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək izahatında bildirdi ki, həqiqətən də o, iddiaçıdan borc pul almışdır. 4000 manat borcu qalmışdır. Borcunu ödəyəcəkdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosesual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı tələbində cavabdehə inanaraq 5000 manat borc pul verdiyini, cavabdehin həmin puldan 1000 manatını az-az olmaqla ona qaytardığını, lakin üstündən uzun müddət keçməsinə baxmayaraq qalan 4000 manat borcunu qaytarmadığını bildirərək həmin borcun və onun tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında izahatında iddianı etiraf edərək, həqiqətən də, iddiaçıdan borc pul aldığını, 4000 manat borcu qaldığını, borcunu ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosesual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdehin öhdəliyi yerinə yetirməməsi, iddiaçıdan aldığı borc pulu ödəməməsi özünün etirafı ilə də müəyyən olunur. Ona görə də iddia təmin olunmalı, cavabdehdən 4000 (dörd min) manat borc və dövlət rüsumu kimi ödənilmiş 60 manat pul alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220, 360-cı maddəsinin rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh 4000 (dörd min) manat borc və dövlət rüsumu kimi ödənilmiş 60 (altmış) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar