Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-223/2025 12.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı və onun vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh1 və cavabdeh qismində cəlb edilmiş Cavabdeh2, Cavabdeh3 və X4 qarşı ziyan tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 qarşı ziyan tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 2300 manat vəsaitin, ödənilmiş dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə yazılı ərizə təqdim edərək, Cavabdeh1 ilə bərabər, Cavabdeh2, Cavabdeh3 və X8 da iddiaya cavab verməli şəxslər olduğundan, onların da cavabdeh qismində işə cəlb edilməsini və onlardan da müştərək qaydada 2300 manat vəsaitin, ödənilmiş dövlət rüsumunun, vəkil xidmətinə ödənilmiş 200 manat vəsaitin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 12 dekabr 2024-cü il tarixli 2(051)-2492/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı ziyan tələbinə dair mülki iş üzrə Cavabdeh2, Cavabdeh3 və X8 cavabdeh qismində işə cəlb edilmiş, Cavabdeh2, Cavabdeh3 və X4 işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsi qərara alınmışdır. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(051)-100/2021 saylı hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 2 il 11 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin cinayət işi üzrə Cavabdeh1 3 epizod üzrə ona 4250 manat ziyan vurduğu müəyyən olunmuşdur. Həmin vaxt Cavabdeh1 başqa şəxslərə də ziyan vurması halı mövcud idi, onun qohumları Cavabdeh2, Cavabdeh3 və Yasin Hüseynov ondan xahiş etmişlər ki, 4250 manat puldan 1950 manat pulu ödəsinlər, qalan məbləği qohumları qısa müddətə ona qaytaracaqlar. Məhz qohumlarının təkidi ilə 1950 manat pulu alıb borcun tam ödənilməsi barədə ərizəni məhkəməyə təqdim etmişdir. Ancaq hazırkı müddətə qədər həmin 2300 manat pulu ona ödəməmişdir. Əvvəllər telefon zənglərinə cavab verib pulu qaytaracaqlarını bildirsələr də, hazırda qəti şəkildə telefonlarına cavab vermirlər. Cavabdeh1 cəza alsa da, vurduğu ziyanı ödəmir. Bu səbəbdən mənəvi iztirab keçirir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 iştirak etdiyi məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, iddiaçıya olan borcunu ödəmiş, iddiaçı barəsində olan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində məhkəməyə borcun tamamilə ödənilməsi barədə ərizə təqdim edərək heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Onun bu günə iddiaçıya heç bir borcu yoxdur. Anası isə yaşlı və savadsız adamdır, bu gün kimsə ona zəng edib desə ki, Raufun ona borcu var, tək oğlu o olduğu üçün araşdırmadan söz verər ki, narahat olmayın, həmin borcu ödəyəcək. Çünki iki qardaşı vəfat edib, tək o qalmışdır, onu itirmək qorxusundan hər şeyə razılıq verir. Borclar onun olub, ödəmişdir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 iştirak etdiyi məhkəmə iclası zamanı iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, Cavabdeh4 qardaşıdır, 2022-ci ilin dekabr ayının 18-də vəfat etmişdir. Cavabdeh3 isə arvadıdır. Cavabdeh1 oğludur, cinayət işinə baxılan zaman o, gəlməmişdir. Belə ki, oğlunun hərəkətlərinə əsəbləşmişdir ki, ona təhsil vermiş, evini almış, ailəsinin təminatına köməklik göstərir, nəyi çatmır ki, bu hərəkətlərə yol verdir. Bu səbəbdən oğlunun arxasınca mərhum qardaşı Cavabdeh4 getmişdir. Qardaşı Cavabdeh4 və arvadı Cavabdeh3 iddiaçıya nə vədlər veriblər, məlumatı yoxdur. İddiaçını tanımır, oğlunun borcu olduğu üçün arvadı ilə qohumlardan 3300 manat pul yığmışlar. 2200 manat da evdə var olmuşdur, toplayıb qardaşı Yasinlə iddiaçıya göndərmişdir. Qardaşı Yasin də iddiaçıya vermişdir. Ondan sonra iddiaçı ərizə vermişdir. Bununla belə o, qardaşı Yasinin pulun hamısını iddiaçıya verdiyini təxmin edir. Çünki pul ona verilməsəydi, iddiaçı məhkəməyə barışıq ərizəsi verməzdi. Hesab edir ki, iddiaçı pulun hamısını almışdır. Sonradan iddiaçı oğlunu öldürəcəyi ilə bağlı onun arvadını hədələdiyi üçün o da qorxusundan ona vədlər vermişdir. Yaşlı xəstə adamdır, kiminsə yerinə borc ödəyəsi vəziyyətdə deyildir. Torpaqları var, qohumlara olan borcu ödəmək üçün satmaq istəyirlər. Lakin sənədləri təsdiqlənməyib. Odur ki, məhkəmədən izahatında göstərdiyi halları nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh qismində cəlb edilmiş Cavabdeh3 iştirak etdiyi məhkəmə iclası zamanı iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, o, xəstədir, səhhətində problemlər vardır. Onlar həmin vaxtı Raufun borclu olduğu məbləği qaynı Yasinə vermişlər, o da iddiaçıya tam ödəmiş, iddiaçı şikayətçi olmadığı barədə ərizə vermiş və yekun qərar çıxarılmışdır. İddiaçı onu oğlunu öldürəcəyi ilə hədələyirdi, 3 övladından 1-i yaşadığı üçün o da qorxmuş və həbsdə olduğu müddətdə oğlu Raufun başına bir iş gəlməsin deyə, evini satıb ona pul verəcəyini bildirmişdir. Pulu tam şəkildə qaynına vermişlər, o vəfat etdiyi üçün iddiaçıya pulu tam şəkildə verib-vermədiyini bilmirlər. İddiaçı elə hirslə danışırdı ki, o da qorxub pul verəcəklərini söz verirdi. Odur ki, məhkəmədən izahatında göstərdiyi halları nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, iddiaçı onun bacısıdır. Cavabdeh1 atası Hüseyn demişdir ki, 2000 manat pulu verir, qalan pulu isə verəcəkdir, qardaşı da yanında idi. O Kifayətə demişdir ki, razı olmasın, pulu verməyəcəklər. Bununla belə onlar barışmış, notariusda ərizə yazılmışdır. Kifayət Raufun anası ilə telefonla danışırdı, o da pulu verəcəklərini bildirirdi. Sonra qalan pul verilmədi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, iddiaçı onun iş yoldaşıdır. Raufun özü də, anası da iş yerinin qarşısına gəlib. Raufun anası oğlunun tutulmaması üçün yalvarıb, pulu verəcəklərini demişdir. Kifayətə 2000 manat pulun verilməsini görməyib. Kifayət Raufun anası ilə telefonla danışanda mikrofonda olduğundan eşidirdi. Hökm çıxarıldıqdan sonra Kifayət Raufun anası ilə telefonla danışanda o özü də Raufun anasına ayda hissə-hissə 50 manat ödəməsini demişdir. Kifayət ona hədə-qorxu gəlməmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə isə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə həmin cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh qismində cəlb edilmiş Hüseynov (Muxtarov) Yasin Muxtar oğlu iddia ərizəsi verilməmişdən əvvəl öldüyündən, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi Hüseynov (Muxtarov) Yasin Muxtar oğluna münasibətdə xitam edilmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021ci il tarixli 1(051)-100/2021 saylı hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh1 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə olduğu 15 (on beş) gün CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün bərabər tutulmaqla, ona təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 il 11 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmin cinayət işi üzrə Cavabdeh1 3 epizod üzrə İddiaçı ümumilikdə 4250 manat maddi ziyan vurmaqla dələduzluq etdiyi müəyyən edilmişdir. İşə əlavə olunmuş zərərçəkmiş şəxslər X11, İddiaçı, X10, X6, X1, X14, X7, X12, X9 və X2 ərizələrindən görünür ki, onlara dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayətləri və tələbləri yoxdur. İş materiallarına səs yazılarını özündə əks etdirən disk və yaddaş kartı əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırkı mübahisə üzrə iddia ərizəsində göstərilən cavabdehlərin iddiaçı qarşısında pul öhdəliyinin olması və onu yerinə yetirməməsi faktını sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı iddia ərizəsində Cavabdeh1 barəsində olan cinayət işi üzrə 3 epizod üzrə ona 4250 manat ziyan vurduğunu, 4250 manat puldan 1950 manat pulu alıb borcun tam ödənilməsi barədə ərizəni məhkəməyə təqdim etdiyini, lakin hələ də qalan 2300 manat pulun ona ödənilmədiyini göstərmişdir. Cavabdeh tərəf isə pulun tam şəkildə ödənildiyini göstərərək, iddiaçının istinad etdiyi dəlilləri qəbul etməmişdir. Beləliklə məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Cavabdeh1 iddiaçıya qarşı 3 epizod üzrə ümumilikdə 4250 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Ona görə də cavabdeh Hüseynov X5 Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(051)-100/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 2 il 11 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinə məhkəmədə baxılan vaxt iddiaçı məhkəməyə Cavabdeh1 tərəfindən vurulmuş ziyanın tam şəkildə ödənildiyinə, ondan şikayət və tələbinin olmamasına dair notariusda təsdiq edilmiş ərizə təqdim etmişdir. Məhkəmə hökm çıxararkən iddiaçının ərizəsinə istinad etmiş və cəza təyin edərkən nəzərə almışdır. Hökmdən qanunda nəzərdə tutulmuş müddət ərzində heç bir tərəf apelyasiya şikayəti verməmiş, hökm qanuni qüvvəyə minmişdir. Bununla belə iddiaçı 3il 11 aydan sonra ziyan tələbinə dair iddia irəli sürmüş, cavabdeh tərəf isə iddianı qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən iddianın qanuni həll edilməsi üçün tələbin hüquqi əsasının təşkil edən maddi hüquq normasının müəyyən edlməsi ilə əlaqədar olaraq qeyd edir ki, tərəflər arasında yaranmış mübahisənin predmeti bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki şəxsə maddi ziyanın ödənilməsi ilə bağlı olduğundan, mübahisənin həlli zamanı qanundan irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normalarının müddəaları müvafiq olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İddiaçının tələbinin əsaslı olması üçün iddiaçı maddi ziyana məruz qalmalı, həmin ziyan cavabdehin hüquqa zidd təqsirli hərəkəti nəticəsində baş verməli, cavabdehin hərəkəti ilə baş vermiş hadisə arasında səbəbli əlaqə olmalı, həmçinin dəymiş ziyan cavabdeh tərəfindən ödənilməməlidir. Bu hallar məcmu halında mövcud olduqda iddiaçının cavabdehdən dəymiş ziyanı tələb etmək hüququ yaranır. İşin müəyyən olunmuş hallarından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(051)-100/2021 saylı hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 2 il 11 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh1 3 epizod üzrə İddiaçı ümumilikdə 4250 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. İddiaçı ona dəymiş ziyanın tam ödənildiyi, təqsirləndirilən şəxs Cavabdeh1 heç bir şikayət və tələbinin olmadığına dair məhkəməyə ərizə təqdim etmiş, həmin ərizə işə əlavə olunaraq Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(051)-100/2021 saylı hökmündə sübut növü kimi qəbul edilmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdehin iddiaçıya vurduğu maddi ziyan tam həcmdə ödənilmişdir. Ona görə də iddiaçının Cavabdeh1 və cavabdeh qismində cəlb edilmiş şəxslərə qarşı maddi ziyanın ödənilməsi ilə bağlı tələb hüququ yaranmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1–ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.4–cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə, həmçinin iddiaçı tərəfin cavabdeh qismində cəlb edilmiş şəxslərlə telefon danışıqlarının aido yazılarına istinad edərək cavabdeh qismində cəlb edilmiş şəxslərdən maddi ziyan tələb etməsini də əsaslı hesab etmir. Məhkəmə cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 və Cavabdeh3 münasibətdə iddia tələbinin əsassız olması ilə bağlı öz qənaətini onunla əsaslandırır ki, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi və iddia tələbinin əsası kimi istinad etdiyi səs yazıları məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş, lakin həmin səs yazılarında cavabdeh qismində cəlb edilmiş Cavabdeh3 iddiaçının tələb etdiyi ziyan məbləğinə dair konkret ifadəsi öz əksini tapmamış, yəni cavabdeh qismində cəlb edilmiş şəxs qarşılıqlı dialoq zamanı iddiaçıya borclu olduğunu və yaxud oğlu Cavabdeh1 vurduğu ziyanıöhdəsinə götürməyi barədə heç bir konkret ifadə işlətməmiş, nə pulun məbləği barədə fikir bildirməmiş, nə də hansısa məbləğdə pul ödəyəcəyinə dair öhdəlik götürməmiş, yalnız yalvarış və təsəlli xarakterli ifadələr işlətmişdir. Həmin səs yazıları yalnız iddiaçının birtərəfli qaydada cavabdeh qismində cəlb edilmiş Cavabdeh3 iradlarını əks etdirən səs yazılarından ibarət olmuşdur. Belə olan halda yalnız həmin səs yazılarına istinad etməklə, cavabdeh qismində cəlb edilmiş şəxslərin iddiaçıya münasibətdə qanundan irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması nəticəsinə gəlmək olmaz. Hansı ki, cavabdeh qismində cəlb edilmiş şəxslər məhkəmə iclası zamanı iddiaçının istinad etdiyi dəlilləri qəbul etməmişlər. Eləcə də, iddiaçı tərəfindən məhkəmə iclasında dindirilmiş şahidlər də cavabdeh qismində cəlb edilmiş şəxslərin iddiaçıya 2300 manat məbləğində pulu ödəyəcəklərinə dair öhdəlik götürmələrini təsdiq etməmiş, yalnız iddiaçıdan eşitdiklərini demişlər. Eyni zamanda nəzərə alınmalıdır ki, Şahid2 iddiaçı bacısı, Şahid1 isə onun iş yoldaşıdır. Ona görə də həmin şahidlərin qohumluq və yaxın münasibətinin təsiri altında ifadə vermə ehtimalı yüskəkdir. Belə olan halda həmin şahid ifadələrinin sübut növü kimi qəbul edilməsi işin həqiqi hallarına uyğun deyildir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh1, cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 və Cavabdeh3 qarşı 2300 manat vəsaitin, tutulub ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-223/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-223/2025
12.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver