Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-225/2025 11.03.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cəbrayılova (Baxışova) Oksana İlqar qızına qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 18500 manat pul, 1295 manat faiz, 3700 manat əldən çıxmış faydanın və 10000 manat mənəvi ziyan olmaqla, cəmi 33490 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehləri xeyli müddətdir ki, tanıyır. Əvvəl aralarındakı münasibət yaxşı olmuş və cavabdehlər ondan müxtəlif vaxtlarda borc pul almışlar. Bu gedişlə onlara olan inamı artmış və cavabdehlər ondan ev almaq adı ilə 18500 manat borc pul almışlar. Sözügedən məbləği bir neçə ay ərzində qaytarmağı öhdələrinə götürsələr də, həmin məbləği ödəməkdən yayınırlar. Uzun müddətdir ki, cavabdehlər ona olan borcunu ödəmədikləri üçün ziyana düşmüş və bankdan pul götürdüyü üçün faizləri ödəməyə məcbur qalmışdır. Cavabdehlər onun etibarından istifadə edərək 18500 manat pulunu mənimsəmişdir. Bununla əlaqədar X6 müraciət etmiş və məhkəməyə müraciət etməsi məsləhət bilinmişdir. Cavabdehlərə dəfələrlə borclu olduğu pulu qaytarmasını tələb etsə də heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlərin hərəkətləri nəticəsində xeyli pul itirmiş və faiz tələbi etmişdir. Belə ki, 2024-cü il üçün bank uçot dərəcəsi 7 % təşkil edir, iki ilə görə bu məbləğ 1295 manat təşkil edir. Ona dəymiş ziyanın əvəzi kimi hazırda həmin müddət ərzində pulu özündə saxlayıb banka depozitə qoysaydı və ya öz biznesinə xərcləsəydi həmin pulun ən azı 10-15 % miqdarında xeyir götürərdi. Hər hansı biznes sahəsinə yatırım etsəydi 30 %-dən daha çox xeyir götürərdi. Əldən çıxmış fayda kimi cavabdehlərdən 3700 manat tələb edir. Bundan əlavə cavabdehlərin hərəkətləri nəticəsində ona maddi ziyanla bərabər mənəvi ziyan da dəymişdir. Belə ki, cavabdehlərin uzun müddət onu aldatması nəticəsində mənəvi sarsıntı və əsəb keçirmişdir. Onların hərəkətləri nəticəsində xeyli müalicə olmuşdur. Əsəbləri korlanmış və daimi müalicələr almışdır. Cavabdehin qanunsuz əməlləri ilə ona mənəvi ziyan kimi 10000 manat ziyan dəymişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barəsində cavabdehler Cavabdeh1 və Cəbrayılova (Baxışova) Oksana İlqar qızına lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və gəlməmələri ilə bağlı heç bir üzrlü səbəb bildirməyiblər. Cavabdeh1 iddia tələbinə etiraz verərək, İddiaçı tanımadığını, onunla heç bir əlaqəsinin olmadığını, ondan pul almadığını, digər cavabdeh qızı Cavabdeh2 3 ildir ki, ölkə xaricində olduğunu və onun da İddiaçı fiziki olaraq pul almasının inandırıcı olmadığını qeyd etmiş, İddiaçı tərəfindən ona və qızı Cavabdeh2 qarşı verilmiş “pul tələbinə” dair iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X8 izahat verərək bildirdi ki, o, İddiaçı uzun müddətdir ki, tanıyır. Belə ki, onun oğlu iddiaçıya məxsus oteldə işləmişdir. Aralarındakı münasibət normal olmuş, ona hər zaman hörmət etmişlər. Cavabdeh1 şəxsən tanımır. Onu Mingəçevir şəhər regional “Asan Xidmət” mərkəzində İddiaçıla birgə olarkən görmüşdür. Belə ki, həmin vaxt Cavabdeh1 İddiaçı maddi dəstəyi ilə Sevilin əvvəl evini satdığı şəxsdən ev alğı-satqısı aparmaq üçün gəlmişdir. Həmin vaxt İddiaçı Gültəkinə 4000 manat ayrı, 57000 manat ayrı verdiyini bildirdi. Həmin alqı-satqının Sərxan adlı şəxslə Gültəkin arasında aparıldığını qeyd etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 izahat verərək bildirdi ki, fərdi olaraq usta fəaliyyəti ilə məşğuldur. İddiaçı uzun müddətdir ki, tanıyır. Aralarındakı münasibət normal olmuşdur. Dəfələrlə ona məxsus evlərdə təmir işləri görmüşdür. Təxminən ötən ilin avqust ayında Mübariz ona zəng edərək evə baxmağa gedəcəyini, onunla birlikdə getməsini istəmişdir. Birlikdə Mingəçevir şəhəri, “Kosmos” adlanan ünvan tərəfə getmişlər. Həmin 2 otaqlı mənzili ona göstərmiş və təmir işləri olduğunu bildirmişdir. Həmin evi Mübarizin aldığını və ya alacağını xatırlamadığını bildirərək, qiymətindən xəbəri olmadığını bildirmişdir. Evin normal vəziyyətdə olduğunu, bəzi işlərinin olmasını Mübarizə demişdir. Gültəkin və Oksana adlı şəxsləri tanımadığını qeyd etmişdir. İş materialları: xx.xx.2024-cü il tarixli 543 №li 4 saylı MİS tərəfindən verilmiş arayışdan görünür ki, Novruzov X2 şəhəri, 1-ci Naxçıvan döngəsi, ev 14 ünvanında fərdi yaşayış evində yaşayır. xx.xx.2023-cü il tarixdə İddiaçı müddətsiz olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 118466 №li veteranlıq vəsiqəsi verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 45.70 kv.m. olan mənzil tam payla ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh1 müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. 015QA**********01 saylı Qiymətləndirmə hesabatı və Təhvil-təslim Aktından görünür ki, İddiaçı bazar dəyəri 7835 manat olan qızıl əşyalarını ”Accessbank” QSC-yə girov olaraq qoymuşdur. xx.xx.2024-cü il tarixli KBEK1753886C252 saylı kredit müqaviləsinə Əlavədən görünür ki, İddiaçı ona 24 ay müddətinə illik 24 % dərəcəsi ilə verilmiş 16500 manat məbləğində krediti xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli GTKR5526537B299 saylı kredit müqaviləsinə Əlavədən görünür ki, İddiaçı ona 24 ay müddətinə illik 11,5 % dərəcəsi ilə verilmiş 12440 manat məbləğində krediti xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçının cavabdehlərlə borcun verilməsi və qaytarılması ilə bağlı danışıqlarını əks etdirən 2 ədəd yaddaş kartı iddia ərizəsinə əlavə edilmişdir. İşin müəyyən olunmuş halı Cavabdeh1 adına 2024-cü ilin avqust ayında mənzil alınmışdır. Digər cavabdeh Cəbrayılova (Baxışova) X4 qızıdır. Cavabdehlər mənzili almaq üçün iddiaçıdan 2 aya qaytarmaq şərti ilə 18500 manat pul almışlar. Cavabdehlər iddiaçıya borcun əvəzinə 70 qram qızıl vermişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə sair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 May 2002-ci il tarixli Qərarı Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Dövlət rüsumu haqqında Qanun: 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. Məhkəmənin mövqeyi: Tərəflər arasında yazılı borc müqaviləsi yoxdur. Tərəflər arasında bir müddət çəkən “Whatsapp” yazışmalarından müəyyən edilir ki, cavabdehlər iddiaçıya 18500 manat pulu verməli olduğunu qəbul etmiş, düzgünlüyünü təsdiq etməklə hər dəfəsində yaxın müddətdə ödəyəcəklərini bildirmişlər. Bununla yanaşı həmin yazışmalarda cavabdehlər iddiaçıya verdikləri qızıl-zinət əşyalarının satılmasına razılıq vermişlər. İddiaçı tərəfindən təqdim olunan qiymətləndirmə hesabatı və təhvil-təslim aktında qeyd olunan qızıl-zinət əşyalarının likvid dəyəri 4888,23 manat, bazar dəyəri 7835 manat olmuşdur. Qeyd olunan əşyaların bazar dəyərini götürməklə borca verilmiş puldan çıxıldıqda (18500-7835=10665) 10665 manat edir. Cavabdehin nümayəndəsi verdiyi etirazda həmin yazışmaların düzgün olmamasını qeyd etsə də, iddia ərizəsi üzrə mülki işə məhkəmədə baxılmasının yeri və vaxtı barədə 3 dəfə, hətta telefon vasitəsi ilə şəxsən məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Bundan başqa tərəflər arasında olan danışıqlarda borcun 2024-cü ilin avqustunda, iddia ərizəsinin isə 2024-cü ilin noyabr ayı nda verildiyi görünür. Borcun 2 aya qaytarılması razılaşdırılmışdır. İddiaçının qeyd olunan borc məbləğinə görə 2 ay üçün 2 illik əldən çıxmış faydanın əvəzini tələb etməsi əsassızdır. Eyni zamanda tərəflər arasında borc müaviləsinə görə faiz almaq razılaşdırılmamışdır. Ona görə də pulun qaytarılması məqamında iddiaçının cavabdehlərdən borca görə faiz tələb etməsi əsassızdır. İddiaçının könüllü olaraq iki ay müddətinə qaytarmaq şərti ilə cavabdehlərə borca pul verməsi və həmin müddətin sonunda borcun qaytarılmaması nəticəsində mənəvi sarsıntı, iztirab keçirməsi müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərə qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli və cavabdehlər Cavabdeh1 və Cəbrayılova (Baxışova) Oksana İlqar qızından müştərək qaydada 10665 manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cəbrayılova (Baxışova) Oksana İlqar qızından müştərək qaydada 10665 (on min altı yüz altmış beş) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi 61 manat cavabdehlərdən tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Güləndam Quliyeva