Məhkəmə qərarları › İş №2(051)-2250/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2250/2024

29.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2250/2024 29.11.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, İddiaçı Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, yetkinlik yaşına çatmayan 13 noyabr 2016-cı il təvəllüdlü Hüseyn adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay 250 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 11 sentyabr 2015-ci ildə rəsmi nikahı qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 13 noyabr 2016-cı il təvəllüdlü Hüseyn adlı uşaqları olmuşdur. Lakin bir müddət sonra aralarında olan münasibət pozulmuş və məhkəmə qaydasında pozulmuşdur. Mingəçevir şəhər Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli qətnaməsinə əsasən cavabdeh uşağın yetkinlik yaşına çatanadək 120 manat aliment tutulub ona verilməsi qət edilmişdir. Cavabdeh Polşa Respublikasında yaşayır və işləyir. Aylıq qazancı isə 2000 manatdan daha çoxdur. Polşa Respublikasında minumum əmək haqqı 1700 manatdan çox olmasını nəzərə alsaq cavabdehin öz övladına görə verdiyi aliment qazancının heç 10 faizini belə təşkil etmir. Odur ki, məhkəmədə13 noyabr 2016-cı il təvəllüdlü Hüseyn adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay 250 manat barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X2 məhkəmə iclası zamanı iddianı qismən qəbul edərək izahatında göstərdi ki, oğlum iddiaçı ilə ayrıldığı vaxtdan etibarən hər ay müntəzəm olaraq aliment ödənişlərini edir. 2022-ci ildə qəbul edilən məhkəmə qərarına əsasən hər həftənin şənbə və bazar günləri uşaqla görüş olmalı idi. Hazırda oğlu Polşadadır. Səhəttində problemlər var həkimə gedə bilmir, veterandır, çoxsaylı ağrıları var. Həftənin sadəcə üç gününü işləyir. 80 manat məbləğində pensiya alır. Aldığı pensiyanın üzərinə öz pensiyasından 40 manat əlavə edib aliment ödəyir. 150-160 manat məbləğində artıq aliment imkanımız çatmır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh və İddiaçı aralarında olan nikah xx.xx.2019-cu il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə № 138 ilə qeydə alınmışdır. Belə ki, işə əlavə olunmuş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2016-cı ildə Hüseyn adlı uşaqların atası Cavabdeh və anası İddiaçıdır. İşə əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli, 2(051)-2914/2018 saylı qətnaməsində görünür ki, iddia qismən təmin olunmuş Cavabdeh xx.xx.2016-cı il tarixdə tərəflərin birgə nikahından doğulmuş Hüseyn adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı Cavabdeh hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment alınıb ona verilməsi qət edilmişdir. . Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Məhkəmə, uşağın mənafeyini nəzərə alaraq, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iddiaçının tələb etdiyi məbləğdə aliment ödənilməsi üçün cavabdehin kifayət qədər gəlirə malik olmasını müəyyən edən hər hansı mötəbər sübutu iddiaçı məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, Mingəçevir şəhər Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli, 2(051)- 2914/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilərək Cavabdeh 13 noyabr 2016-cı il təvəllüdlü Hüseyn adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 190 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd etmək lazımdır ki, alimentin məbləği artırıldığı halda, miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 13 noyabr 2016-cı il təvəllüdlü X4 adlı uşaq yetkinlik yaşına çatanadək saxlanması üçün Mingəçevir şəhər Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli, 2(051)-2914/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləği həddində müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Məhkəmənin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar