Məhkəmə qərarları › İş №2(051)-2309/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2309/2023

07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2309/2023 07.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkili) Vəkil Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı behin qaytarılması tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı behin qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 5000 (beş min) ABŞ dolları beh məbləğinin iki misli, yəni 10000 (on min) ABŞ dolları pulun və ödənilmiş 141 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs 2023-cü ilin mart ayında ortaq tanışları vasitəsi ilə Həsən adlı şəxsin Lexus LX570 markalı avtomobili satdığını öyrənmiş və bu məqsədlə Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə “Lexus LX570” markalı, ** FG *** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı avtomobili 81000 manata alqı-satqı etmək barədə razılığa gəlmişlər. Bu razılıqdan sonra təmsil etdiyi şəxs avtomobilin tam yoxlanışını həyata keçirtdikdən sonra alqı-satqı edərək mülkiyyətinə keçirtməyə razılaşmışdır. Cavabdeh təmsil etdiyi şəxsə ehtiyacları üçün (ailəsində vacib ehtiyac olduğundan) vacib pul lazım olduğundan avtomobilini satdığını desə də, işi ilə əlaqədar avtomobilsiz qalmasının mümkün olmayacağını bir neçə gün ona möhlət verməyini və özünə hazırki maşınından daha ucuz maşın tapıb aldıqdan sonra maşını təmsil etdiyi şəxsə tam təhvil verəcəyini bildirdikdə, fikrini dəyişdirməsin və onu aldatmasın deyə, təmsil etdiyi şəxs onunla beh müqaviləsi bağlamağı təklif etmiş, cavabdeh isə təklifi qəbul etmişdir. 11 mart 2023-cü il tarixli beh müqaviləsinə əsasən Cavabdeh məxsus “Lexus LX570” markalı, ** FG *** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı avtomobilin alınması məqsədi ilə cavabdehə həmin avtomobilin razılaşmış olduqları satış qiyməti olan 47650 ABŞ dollarının (81000 manat) 10%-i kimi 5000 (beş min) ABŞ dolları (8100 manat) məbləğində beh vermişdir. Həmin beh müqaviləsinə əsasən cavabdeh yuxarıda qeyd olunan avtomobili beh müqaviləsində göstərilən müddətədək təmsil etdiyi şəxsə satmalı idi. Buna baxmayaraq, cavabdeh müəyyən edilmiş müddət ərzində alqı-satqı müqaviləsi bağlamamışdır. Belə ki, beh müqaviləsində qeyd edilən müddətin tamam olduğu tarixdə dəfələrlə cavabdehdən alqı-satqı müqaviləsi bağlamağı və öhdəliklərini yerinə yetirməyi tələb etdikdə, bəhanə ilə alqı-satqı müqaviləsi bağlamaqdan yayınmışdır. Cavabdeh həmin dövrdə avtomobilin qeydiyyat şəhadətnaməsini də təmsil etdiyi şəxsə vermiş və onu tam arxayın salmışdır. Bir neçə müddət sonra cavabdehlə alqısatqı etmək üçün DYP-yə getdikdə avtomobilin üzərinə həbs qoyulduğunu öyrənmişdir. Ondan sonra həbsi bəhanə edərək alqı-satqı müqaviləsi bağlamaqdan və pulu qaytarmaqdan boyun qaçırmışdır. Cavabdeh təmsil etdiyi şəxsə bildirmişdir ki, həmin pula o da başqa bir şəxslə behləşib və maşın alıb deyə pulu qaytara bilmir. Beləliklə, o, təmsil etdiyi şəxsdən həbs götürülənədək möhlət istəmişdir. Lakin verdiyi möhlətin bitməsinə baxmayaraq, məhkəmədə əsas işlə bağlı tələbi təmin edilsə də, həbsin götürülmədiyini bildirmiş, biraz da möhlət istəmişdir. Təmsil etdiyi şəxs artıq həmin avtomobil problemli olduğundan və alqı-satqı cavabdeh tərəfindən heç cür gerçəkləşə bilmədiyindən, cavabdehə beh müqaviləsinə əsasən ödəmiş olduğu pulun qanunvericilikdə və beh müqaviləsində göstərilən qaydada, yəni iki mislini geri tələb etdikdə, o, həmin məbləğin təmsil etdiyi şəxsə ödənilməsindən imtina edərək əlavə olaraq bir neçə ay həbsin götürülməsi üçün vaxt verməyini istəmişdir. Bundan sonra da həbsin götürülməsi barədə ərizəsinə məhkəmədə baxıldığını, həbsin götürüləcəyini, bir müddət də gözləməyini xahiş etmişdir. Belə olan halda təmsil etdiyi şəxs bu problemin uzanacağından, əlavə vaxt vermədən pulunun qaytarılmasını tələb etmişdir. Lakin yenə də pulun qaytarılmasına nail ola bilməmişdir. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərdən görünür ki, cavabdehdən 5000 (beş min) ABŞ dolları (8500 manat) beh məbləğinin iki misli, yəni 10000 (on min) ABŞ dolları pul və ödənilmiş 141 manat dövlət rüsumu təmsil etdiyi şəxsə qaytarılmalıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul edərək bildirdi ki, iddiaçıdan aralarında bağlanmış 11 mart 2023-cü il tarixli beh müqaviləsinə əsasən 5000 (beş min) ABŞ dolları məbləğində beh almışdır. Hesab etmişdir ki, iddiaçıya tələb etdiyi behin 5000-ni ödəmişdir, lakin həmin pul iddiaçıya çatmamışdır. Alqı-satqı etmək üçün DYP-yə getdikdə, avtomobilin üzərinə həbs qoyulduğunu öyrənmişlər. Ona görə də iddiaçı ilə aralarında alqı-satqı müqaviləsinin bağlanması baş tutmamışdır. İddiaçının tələb etdiyi beh məbləğini ödəyəcəkdir. Odur ki, məhkəmədən izahatına uyğun qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə cavabdehə 5000 (beş min) ABŞ dolları beh verilməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, tərəflər arasında mövcud olan 11 mart 2023-cü il tarixli beh müqaviləsinə görə Cavabdeh ona məxsus “Lexus LX570” markalı, ** FG *** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı avtomobilin satışına görə İddiaçı 5000 (beş min) ABŞ dolları beh almışdır. Beh müqaviləsində tərəflərin gəldiyi razılaşmaya görə qeyd olunan avtomobilin ümumi qiyməti 47650 ABŞ dolları göstərilmişdir. Həmin beh müqaviləsinə əsasən cavabdeh qeyd olunan avtomobili beh müqaviləsində göstərilən müddətədək iddiaçıya satmalı, lakin müəyyən edilmiş müddət ərzində alqı-satqı müqaviləsi bağlanmamışdır. Belə ki, tərəflər alqı-satqı etmək üçün DYP-yə getdikdə, avtomobilin üzərinə həbs qoyulduğunu öyrənmişlər. Bundan sonra cavabdeh iddiaçıdan möhlət istəmiş, lakin tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmamış, cavabdeh behi qaytarmaqdan boyun qaçırmış və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 11 mart 2023-cü il tarixdə bağlanmış beh müqaviləsindən görünür ki, Cavabdeh ona məxsus “Lexus LX570” markalı, ** FG *** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı avtomobilin satışına görə İddiaçı 5000 (beş min) ABŞ dolları beh almışdır. Beh müqaviləsində tərəflərin gəldiyi razılaşmaya görə qeyd olunan avtomobilin ümumi qiyməti 47650 ABŞ dolları göstərilmişdir. Beh müqaviləsinin 2-ci bəndində müqavilə bağlanan tarixdən, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (gec olmayaraq) avtomobilin sənədlərini hüquqi baxımdan hazır edərək alqı-satqı üçün notariat kontoruna çatdırmaq və İddiaçı ilə alqı-satqı müqaviləsini bağlamaq göstərilmişdir. Həmin beh müqaviləsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca icra etmədikdə, icranı gecikdirdikdə, o, qanunvericilikdə müəyyən olunmuş məsuliyyət daşıyır. Həmin müqavilə imzalandığı andan qüvvəyə minir və müddəaları tərəflər üçün məcburi olur. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibəti öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı mübahisədir. Ona görə də mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklərin icrasının təmin edilməsini tənzimləyən hüquq normalarının tətbiq edilməsi əsasında həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1.–ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 491.1–ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2–ci maddəsində göstərilmişdir ki, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 492.1–ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Həmin Məcəllənin 492.2–ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanmış 11 mart 2023-cü il tarixli beh müqaviləsinə əsasən 5000 (beş min) ABŞ dolları beh məbləğini cavabdehə vermişdir. Cavabdeh isə həmin beh müqaviləsinə əsasən qeyd olunan avtomobili beh müqaviləsində göstərilən müddətədək iddiaçıya satmalı olduğu halda, alqısatqı müqaviləsi bağlanmamışdır. Eləcə də cavabdeh behi qaytarmaqdan boyun qaçırmışdır. Ona görə də iddiaçının cavabdehdən öhdəliyin icra edilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.–cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə 5000 (beş min) ABŞ dolları beh məbləğini verməsi sübuta yetirildiyindən, müqavilənin icra edilməməsi üçün beh cavabdeh tərəf məsuliyyət daşıidığından, cavabdehdən 5000 (beş min) ABŞ dolları beh məbləğinin iki misli, yəni 10000 (on min) ABŞ dolları pul ödənildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə alınıb iddiaçıya verilməlidir. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 141 manat məbləğdə pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) ABŞ dolları behin iki misli olan 10000 (on min) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 141 (bir yüz qırx bir) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar