Məhkəmə qərarları › İş №2(051)-231/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-231/2023

24.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-231/2023 24.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh : Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və uşaq 3 yaşına çatanadək ana üçün vəsait tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və uşaq 3 yaşına çatanadək ana üçün vəsait tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, xx.xx.2021-ci il tarixdə doğulmuş Sənan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Sabirabad Rayon Məhkəməsinin qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməsi, həmin uşaq üç yaşına çatanadək ona baxılmasına görə ana üçün 100 manat məbləğində vəsaitin tutulub ona ödənilməsi və ödədiyi 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, Cavabdeh ilə faktiki ailə qurmuşdur. Bu münasibətdən xx.xx.2021-ci il tarixdə Sənan adlı uşaqları doğulmuşdur. Sonradan o, Cavabdeh ilə ayrılmışdır. Cavabdeh uşağın saxlanması üçün ona heç bir köməklik etmədiyi üçün Sabirabad Rayon Məhkəməsinin 2(056)-321/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh hər ay 80 manat miqdarında alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilmişdir. Bir neçə ay 80 manat alimentlə razılaşsa da, sonradan 80 manat aliment ilə uşağa baxmaqda çətinlik çəkmişdir. Həmin miqdarda aliment uşağın saxlanılması üçün yetərli deyildir. Faktiki nikahdan doğulmuş uşağa o, tək baxır. Cavabdeh uşağın saxlanılmasında ona heç bir əlavə köməklik etmir. O isə heç bir yerdə işləmir. Uşağa tək baxmağa imkanı yoxdur. Uşağına baxmaq cavabdehin də borcudur. Hansı ki, cavabdeh hərbçidir və kifayət qədər yüksək məbləğdə qazanca malikdir. Hazırda cavabdeh alimentdən yayınmaq üçün bir yerdə yaşadığı ailəsinə formal olaraq aliment kəsdirmişdir. Halbuki, cavabdeh hazırda uşaqları və Gülay Eyvazova ilə birlikdə yaşayır və onların ehtiyacını təmin edir. Hesab edir ki, cavabdehin digər uşaqlarına da aliment ödəməsi ilə bağlı istinad etdiyi dəlillər formal xarakter daşıyır. Cavabdehin məqsədi onun uşağına münasibətdə aliment ödəmək yayınmaqdan başqa bir şey deyildir. Hazırda cavabdehin onun uşağına aliment vermək və öz uşaqlarını da saxlmaq üçün kifayət qədər imkanı vardır. Ona görə də cavabdehin birlikdə yaşadığı uşaqlara aliment ödəməsi ilə bağlı bildirdikləri əsaslı deyildir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, o, iddiaçı ilə faktiki nikah münasibətində olmaqla ailə qurmuşdur və birgə münasibətlərindən xx.xx.2021-ci il tarixdə Sənan adlı uşaqları doğulmuşdur. O hərbiçidir və aylıq 641 manat əmək haqqı alır. Eyni zamanda da X9 ilə aralarında olan nikahdan 4 uşağı vardır. Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli, 2(046)- 660/2021 saylı qətnaməsinə əsasən Gülay Eyvazova ilə aralarında olan nikah pozulmuş, 07 dekabr 2010-cu il tarixdə doğulmuş X1, xx.xx.2011-ci il tarixdə doğulmuş X6, xx.xx.2013-cü il tarixdə doğulmuş X3 və xx.xx.2020-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi onun qazancının və başqa gəlirlərinin yarısının tutularaq X5 verilməsi qət edilmişdir. Belə olan halda onun hazırki iş üzrə İddiaçı 80 manatdan əlavə aliment ödəmək imkanım yoxdur. Eyni zamanda da onun bank və qeyri bank təşkilatlarına kredit borcu var. Qeyd etdikləri bir daha onu göstərir ki, onun iddiaçıya artıq məbləğdə aliment ödəmək imkanı yoxdur. Bundan başqa onu da qeyd etdi ki, hazırki iş üzrə onun ailə vəziyyəti və ya iş yerində heç bir müsbət diqqətəlayiq dəyişiklik baş verməmişdir. O, 641 manat əmək haqqı alır və həmin əmək haqqının da 50 faizini 4 uşaq üçün aliment ödəyir. Hazırki iş üzrə iddiaçıya isə hər ay vaxtı-vaxtında 80 manat məbləğdə aliment ödəyir. Sabirabad Rayon Məhkəməsinin qətnaməsinə əsasən aliment kəsildikdən sonra qeyrirəsmi münasibətdən doğulmuş Sənan adlı uşaq anası İddiaçı yanında qalmışdır. Eyni zamanda qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Lakin hazırki vaxtadək onun ailə və ya maddi vəziyyətində heç bir dəyişiklik olmamışdır. Belə bir dəyişiklik olması barədə iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, iddia ərizəsini və işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)- 321/2022 saylı qətnaməsindən görünür ki, xx.xx.2021-ci il tarixdə doğulmuş Sənan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat məbləğində alimentin cavabdehdən alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixdə doğulmuş X7 atası hesab edilmişdir. İşdə olan doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə münasibətlərindən xx.xx.2021-ci il tarixdə Sənan adlı uşaqları doğulmuşdur. İşdə olan Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(046)-660/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X2 birgə nikahlarından xx.xx.2010-cu il tarixdə doğulmuş Gülşanə, xx.xx.2011-ci il tarixdə doğulmuş Həsən, xx.xx.2013-cü il tarixdə doğulmuş Elşanə, xx.xx.2020-ci il tarixdə doğulmuş Ağalar adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə qazancının yarısı məbləğində alimentin tutularaq X5 verilməsi qət edilmişdir. İşdə olan Göyçay Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli 2(046)- 660/2021 saylı məktubundan görünür ki, Cavabdeh keçmiş həyat yoldaşı X5 hər ay mütəmadi olaraq 455 manat məbləğində aliment ödəyir və heç bir aliment borcu yoxdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər faktiki nikah münasibətində olmaqla evlənmiş, onların birgə münasibətlərindən xx.xx.2021-ci il tarixdə Sənan adlı uşaqları doğulmuşdur. Ailədaxili narazılıqlara görə tərəflər ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaq iddiaçının yanında qalmışdır. Əvvəllər Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-321/2022 saylı qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 80 manat alimentin alınıb iddiaçıya verilməsi qət edilmişdir. Hazırda İddiaçı Sənan adlı uşağın saxlanılması üçün təyin edilmiş alimentin artırılmasını və uşaq 3 yaşına çatanadək saxlanması üçün əlavə xərcin alınmasını xahiş edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi Ailə Məcəlləsinin 112.1–ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağlamışdır. İş materiallarının əlaqəli təhlili və işin müəyyən olunmuş halları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ödənilən alimentin miqdarının artırılaraq yaşayış minumumu həddi daxilində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, Sənan adlı uşaq iddiaçının yanında yaşayır və onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Nəzərə alsaq ki, 2022–ci il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 193 manat, 2023-cü ildə isə 220 manat məbləğində müəyyən edilmiş, belə olan halda ödənilən 80 manat aliment məbləği uşağın əvvəlki təminatının səviyyəsinə uyğun deyildir. Bu da onu deməyə əsas verir ki, aliment məbləğinin artırılması ilə iddia tələbi Ailə Məcəlləsinin 112.1–ci maddəsində göstərilən əsasları ehtiva edir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022–ci il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023– cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, hər iki tərəfin maddi və ailə vəziyyəti, uşağın mənafeyi və iddiaçının himayəsində yaşaması, habelə digər hallar nəzərə alındıqda, aydın şəkildə görünür ki, hazırda uşaq üçün ödənilən alimentin miqdarı, onun üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır. Bundan başqa, ötən müddətdə uşaq böyüməklə onun maddi tələbatı da artmışdır. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, uşağa təyin olunmuş alimentin məbləğinin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşağın mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan hər ay cavabdehdən 80 manat alimentin alınmasının müəyyən edilməsi, hazırda uşaq üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və uşağın maddi tələbatlarını tam təmin etmir. Bundan başqa məhkəmə hesab edir ki, hazırda uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının hər ay 150 manat sabit pul məbləğində müəyyən edilməsi, uşaq üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsinə uyğundur, həmçinin yuxarıda qeyd olunduğu kimi nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaq barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay 150 manat sabit pul məbləğində alimentin alınması azyaşlı uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Tələbin ana üçün 100 manat sabit pul məbləğində aliment vəsaiti tutulması hissəsinə gəldikdə isə, məhkəmə azyaşlı uşağın tərəflərin faktiki münasibətindən doğulması və onlar arasında rəsmi ər-arvad münasibətinin olmaması baxımından hesab edir ki, iddiaçı azyaşlı uşağı Sənanın 3 yaşına çatanadək özü üçün aliment tələb etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1–ci maddəsinə əsasən ər və arvad bir–birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2–ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər–arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvad buna zəruri vəsaitə malik olan ərdən aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Həmin Məcəllənin 2.3-cü maddəsinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmin Məcəllənin 9.4-cü maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər rəsmi nikah bağlamadığına görə onlar arasında ər-arvada məxsus hüquq və vəzifələr yaranmamışdır. Məhkəmə tərəflərin faktiki vəziyyəti barədə iddia ərizəsində göstərilən məlumatlara, iş materiallarına əlavə edilmiş sənədlərə, habelə məhkəmə iclası zamanı verdikləri izahatlara uyğun olaraq Ailə Məcəlləsinin 84–cü maddəsinin zəruri şərtlərinə əsaslanaraq hesab edir ki, tərəflərin birgə faktiki münasibətlərindən doğulmuş Sənan adlı uşağın 3 yaşına çatanadək saxlanması üçün iddiaçının cavabdehdən hər ay ana üçün vəsait tutulması tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehin daha yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçı sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən, iddianın qalan hissəsi də təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə, həmçinin cavabdehin X9 ilə aralarında olan nikahdan doğulmuş 4 nəfər uşağına Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli, 2(046)-660/2021 saylı qətnaməsinə əsasən qazancının və başqa gəlirlərinin ½ hissəsi məbləğində aliment ödədiyinə görə hazırki iş üzrə iddiaçıdan doğulmuş uşağının saxlanmasına görə 80 manatdan əlavə aliment ödəmək imkanının olmaması ilə bağlı bildirdiklərini işin həqiqi hallarına və uşağın qanuni mənafeyinə uyğun hesab etmir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Hazırda cavabdehin hər ay 4 nəfər uşaqlarına görə 455 manat məbləğində aliment ödəməsi ilə bağlı istinad etdiyi halllar, iddiaçının uşağına münasibətdə minimal dolanışıq səviyyəsindən aşağı aliment müəyyən olunmasına əsas vermir. Belə ki, cavabdehin iddiaçının uşağına münasibətdə də qazancının ½ hissəsi həddində alimentin müəyyən edilməsi, uşağın mənafeyinə, yəni onun minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququna ziddir. Belə olan halda cavabdehin qazancının və başqa gəlirlərinin ½ hissəsindən də yuxarı həddə aliment təyin edilməsi, uşağın üstün mənafeyini uyğundur. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləği olan 50 manatın cavabdehdən tutulub ona ödənilməsinə dair tələbinə münasibətdə qeyd edir ki, ilkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixdə keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. iddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də ilkin mediasiya xərci olan 50 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2021-ci il tarixdə doğulmuş Sənan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-321/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay 150 (yüz əlli) manat sabit pul məbləği həddində müəyyən edilsin və Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar