Məhkəmə qərarları › İş №2(051)-2329/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2329/2022

22.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2329/2022 22.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi İddiaçı Cavabdeh2 İddiaçılar İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 900 manat məbləğində əsas borcun, 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər 2022-ci ilin may ayında iddiaçının elektron mallar satılan mağazasına gəlmişlər və ondan soyuducu almışlar. Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdehlər pulu qaytarmaq niyyətində deyillər. Budan sonra iddiaçı Mingəçevir ŞPŞ-ə müraciət etmiş, cinayət işinin başlanması rədd olunmuşdur. Ancaq həmin vaxt cavabdehlər polis şöbəsində verdikləri izahatlarında da hadisəni olduğu kimi qəbul etmişlər. Hazırda cavabdehlər tərəfində sadəcə 200 manat ödəniş edilmişdir. Qalan 900 manat isə ödənilməmiş qalmışdır. Odur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 900 manat məbləğində pulun və 30 manat məbləğinə dövlət rüsumunun tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərmişdir ki, cavabdehlər 2022-ci ilin may ayında onun elektron mallar satılan mağazasına gəlmişlər və ondan soyuducu almışlar. Belə ki, həmin vaxt Cavabdeh1 ona müraciət edərək, soyuducu almaq istədiyini bildirmişdir. Onunla müqavilə bağlamaq istəsə də, üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün bu mümkün olmamışdır. Sonradan Nurlan onu aldatmış və borcunu ödəməmişdir. Bundan sonra iddiaçı Mingəçevir ŞPŞ-ə müraciət etmişdir və cinayət işinin başlanması rədd olunmuşdur. Ancaq həmin vaxt cavabdehlər polis şöbəsində verdikləri izahatlarında da hadisəni olduğu kimi qəbul etmişlər. Hazırda cavabdehlər tərəfində sadəcə 200 manat ödəniş edilmişdir. Qalan 900 manat isə ödənilməmiş qalmışdır. Odur ki, o, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 900 manat məbləğində pulun və 30 manat məbləğinə dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh2 məhkəmə iclası zamanı iddianı qəbul etmədi. Bildirdi ki, Nurlanla hazırda heç bir əlaqəsi yoxdur. Yayda soyuducu lazım olduğu zaman Nurlan özünün tanıdığı şəxs Mirzəyev Vilayətə məxsus mağazadan borcunun əvəzi olaraq soyuducu götürüb ona verməyi təklif edib və bildirib ki aylıq onun əvəzindən borcu ödəyəcək. İlkin olaraq o Nurlana 200 azn vermişdir ki, həmin məbləği iddiaçıya versin. Qalan məbləği isə Nurlan özü iddiaçıya ödəməli idi. İddiaçını şəxsən tanımır. Bundan sonra o da, Nurlanın ona olan borcunu silmişdir. Soyuducunu 1-2 ay istifadə etdikdən sonra Bakı şəhərində yaşayan şəxsə satmışdır. Dəfələrlə Nurlan iddiaçıya bildirib ki, borcu özü ödəyəcək. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə axmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərdən birinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddiaçının və cavabdehin izahatlarını, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Hazırki mübahisə üzrə cavabdehə 1100 manat məbləğində soyuducunun verilməsi ilə bağlı tərəflər arasında ziddiyətin olmaması və Cavabdeh2 tərəfindən bunun etiraf edilməsi iddianın sözügedən hissəsi ilə bağlı mübahisənin olmamasına əsas verir. Ancaq iddiaçı tərəfindən cavabdeh qismində Cavabdeh1 cavabdeh qismində cəlb edilməsini təsdiq edən hallar işə əlavə edilməmişdir. Həmçinin Cavabdeh1 iddiaçı ilə müqavilə bağlamasını, məhsulu şəxsən özünə almasını və ondan istifadə etməsini təsdiq edən sübutlar işə əlavə edilməmişdir. Həmçinin hazırki mübahisədə Nurlan vasitəçi olmuşdur. Buna görə də iddianın Cavabdeh1 münasibətdə olan hissəsi mübahisəlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan görünür ki, iş üzrə cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanması rdd edilmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən qənaətə gəlir ki, 2022-ci ilin may ayında iddiaçının elektron mallar satılan mağazasına gəlmişlər və ondan soyuducu almışlar. Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdehlər pulu qaytarmaq niyyətində deyillər. Budan sonra iddiaçı Mingəçevir ŞPŞ-ə müraciət etmiş, cinayət işinin başlanması rədd olunmuşdur. Ancaq həmin vaxt cavabdehlər polis şöbəsində verdikləri izahatlarında da hadisəni olduğu kimi qəbul etmişlər. Həmçinin Cavabdeh2 tərəfindən sözügedən soyuducudan istifadə edilməsi də öz əksini tapmışdır. Hazırda cavabdehlər tərəfində sadəcə 200 manat ödəniş edilmişdir. Qalan 900 manat isə ödənilməmiş qalmışdır. Cavabdeh2 tərəfindən verilmiş izahat sübut edir ki, həqiqətən də iddiaçıdan soyuducu alınmışdır. Eyni zamanda cavabdehlərin borclu olması faktı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ilə də öz təsdiqini tapmışdır. Ancaq iddiaçı tərəf cavabdeh qismində Cavabdeh2 ilə barəbər Cavabdeh1 da cəlb edilməsini təsdiq edən halları göstərməmişdir. Məhkəmə belə olan halda qeyd edir ki, Cavabdeh1 cavabdeh qismində tanınması bildirsə də, bu faktı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında olan şifahi borc müqaviləsinə əsasən Cavabdeh2 üzərinə götürdüyü öhdəliyə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Ona görə də iddiaçının cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş nisyə alqı–satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Hazırkı mübahisə üzrə iddiaçı soyuducunu cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda cavabdehin öhdəliyi pul məbləği ilə məhdudlaşır. 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı–satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MPM-nin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.–cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən edilərək, Cavabdeh2 İddiaçı Cavabdeh1 vasitəçiliyi ilə 1100 manat dəyərində soyuducunu alması və istifadə etməsi, həmin məbləğdən cəmi 200 manat qaytarması işin halları öz təsdiqini tapdığından iddiaçının Cavabdeh2 qarşı 900 manat pul tələbinə dair iddiası təmin edilməli, iddia cavabdeh qismində işə cəlb edilən Cavabdeh1 münasibətdə isə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 900 (doqquz yüz) manat məbləğində pul və 30 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia Cavabdeh1 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar