Məhkəmə qərarları › İş №2(051)-238/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-238/2023

03.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-238/2023 03.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı Elman qızı, nümayəndəsi,Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Elman qızının Cavabdeh qarşı pul tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Elman qızı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Elman qızı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildiridi ki, Cavabdeh ilə 2005-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Altay işləmək üçün 2018-ci ildə Rusiya Federasiyasına getdi. Birgə nikah müddətində 12000(on iki min) manat pul yığmışlar. Altay Rusiyaya gedən zaman pullar onda qalmışdır. Altay Rusiyadan onlara pul göndərməmişdir. Ehtiyacları olduğuna görə həmin puldan 2300 manat xərcləmişdir. Cavabdeh Rusiyadan evə qayıtdıqdan sonra evə qoyub getdiyi 12000 manat pulu ondan tələb etdi. O, puldan 2300 manatın yemək-içməklərinə, uşaqlara xərclədiyini bildirdi və qalan 9700 manat pulu cavabdehə verdi. Cavabdeh pulun hamısını ondan tələb etdi və aralarında mübahisə yarandı. Ona görə də o, evdən çıxıb getdi. Sonra Cavabdeh polis şöbəsinə müraciət etmiş, polis şöbəsində araşdırma aparılmışdır. Qeyd etdiyi kimi 12000 manat pulu birgə nikah müddətində əldə etmişlər. Həmin puldan da 9700 manat cavabdehdədir. Birgə nikah müddətində əldə etdikləri pul onların arasında bölünməlidir. Odur ki, iddianın təmin olunmasını, birgə nikah müddətində əldə edilmiş 9700 manat pulun ikidə bir hissəsi olan 4850( dörd min səkkiz yüz əlli) manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi,Vəkil da məhkəmə iclasında iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, 2005-ci ildə İddiaçı ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan onların iki uşaqları olmuşdur. İş tapa bilmədiyinə görə ailəsini dolandırmaq üçün işləmək üçün 2018-ci ildə Rusiya Federasiyasına getdi. Rusiyaya getməmişdən əvvəl 12000 manat pul yığıb saxlamışlar ki, gələcəkdə uşaqlar üçün xərcləyərlər. Rusiyaya gedən zaman həmin 12000 manat pulu İddiaçı vermişdir ki, saxlasın. O, Rusiyadan hər ay evə pul göndərirdi və Arzuya deyirdi ki, pulun bir hissəsini evin dolanışığı üçün xərclə, bir hissəsini yığıb saxla. O, Rusiyada olan zaman Arzu ona bildirmişdir ki, “Oba” marketdə işə düzəlib, ayda 300 manat əmək haqqı alır. O da öz istəyi ilə işə düzəldiyinə görə etiraz etmədi. O, Rusiyada olan zaman iddiaçıdan pulların yığılıb saxlandığını soruşduqda, İddiaçı da pulları yığıb saxladığını bildirdi. Hesablamışdır ki, evdə onun göndərdikləri ilə birlikdə 18000(on səkkiz min) manat var. 2021-ci ilin dekabr ayının 5-də o, evlərinə qayıtdı. Bir azdan sonra Arzudan pullar barədə soruşdu. Arzu da bildirdi ki, evdə pul yoxdur, yəni evə qoyub getdiyi 12000 manat və Rusiyadan göndərdiyi 6000 manat pulu xərclədiyini bildirdi. Ancaq ya evə hər hansı bir əşya alınmamış, uşaqların üst-başı da pis gündə idi. O, dəfələrlə Arzudan soruşdu ki, düzünü desin görək pullar hara xərclənib. Lakin Arzu ona doğru bir cavab vermədi. Dekabr ayının 8-də gecə yenə pula görə aralarında mübahisə yarandı, mabahisə zamanı Arzu dedi ki, onunla yaşamaq istəmir, evdən gedir. O da dedi ki, hara getsən də pulu hara xərclədiyin, kimə verdiyin barədə cavab verəcəksən. İddiaçı gecə evdən çıxıb getdi və gedən zaman dedi ki, atasının evinə gedir. Arzu evdən gedəndən bir az keçəndən sonra qızı Aydan babasına zəng edib anasının onların evinə gedib-getməməsini soruşdu. Arzunun atası da Arzunun onların evinə getmədiyini bildirmşdi. Sonra məlum olmuşdur ki, Arzu gecə rəfiqəsi Şəfəqin evinə getmiş, səhər tezdən də gedib işlədiyi “Oba” marketə işdən azad olunması barədə ərizə verərək getmişdir. Lakin Arzunun hara getməsini heç kim bilmədi. Ona görə də Arzunun tapılmasına kömək olunması barədə polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonra uşaqlar da, digər şəxslər də Arzunun yüngül həyat tərzi keçirdiyini bildirmişlər. Bundan sonra o, nikahın pozulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, nikahları pozulmuşdur, uşaqlar da onun yanında qalmışlar. Ona elə gəlir ki, evə qoyub getdiyi 12000 manat pulu da, 3 il müddətdə Rusiyada işləyib qazandığı, göndərdiyi pulları da Arzu yüngül həyat tərzi keçirən zaman xərcləmişdir, evdə pul qalmamışdır. İddiaçı ona 9700 manat pul verməmişdir. Həmin pullar yoxa çıxdığına görə onların aralarında mübahisə yaranmış, iddiaçı pulları hara xərcləməyi barədə düzgün cavab verə bilmədiyinə görə evdən qaçmışdır. İddianın təmin olunmamasını xahiş edir. İşdə olan Mingəçevir şəhər PŞ-nin TB-nin tədqiqatçısı Anar Qədimovun “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 21 dekabr 2021-ci l tarixli qərarından görünür ki, Cavabdeh arvadı İddiaçı yaşadıqlarını DİN-nin 102-ci xidmətinə daxil olmuş xx.xx.2021-ci il tarixli məlumatı əsasında araşdırma aparılmış toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi qərara alınmışdır. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 2(051)-500/2022 №-li xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Mingəçevir şəhər VVADQ şöbəsində 14 oktyabr 2005-ci ildə 456 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş 18 iyul 2006-cı il təvəllüdlü X2 və 08 iyul 2011-ci il təvəllüdlü X1 ataları Cavabdeh yanında qalmaları qət edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı tələbində birgə nikah müddətində 12000 manat pul yığdıqlarını, cavabdeh 2018-ci ildə həmin pulları onun yanında qoyub işləmək üçün Rusiya Federasiyasına getdiyini, o, ailənin dolanmağı üçün həmin puldan 2300 manat xərclədiyini, cavabdeh Rusiyadan qayıtdıqdan sonra qalan 9700 manat pulu cavabdehə verdiyini, qalan 9700 manat pul birgə nikah müddətində əldə edildiyinə görə həmin pulun ikidə bir hissəsi olan 4850 manat pulun cavabdehdən alınıb ona verlməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə iddia tələbinə etiraz edərək iddiaçı ona pul vermədiyini, evə qoyub getdiyi pulun hara xərclənməsi ilə bağlı aralarında mübahisə yarandığına, iddiaçı düzgün cavab verə bilmədiyinə görə evdən qaçıb getməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinn 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Mülki Prosesual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosesual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. İddiaçı tələbində birgə nikah müddətində yığmış olduqları 12000 manat puldan qalmış 9700 manat pulu cavabdehə verdiyini bildirsə də öz tələbini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədi. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğuna görə təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı 4850 manat pul tələbinə dair iddia tələbi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar