Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-251/2022 15.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair işə baxaraq Müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı kredit borcun tutulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir şəhər məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2320/2021 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materialları iddia icraatına keçirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi X1 məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək, işə onların iştirakı olmadan baxılaraq müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçının məhkəməyə göndərdiyi iddia ərizəsində göstərmişdir ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 06.08.2019-cu il tarixli, 015A********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə aylıq 0,0833 faiz hesablanmaq şərti ilə 1090.9 manat məbləğində kredit verilmişdir. Cavabdeh krediti, kredit üzrə hesablanacaq faizləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, krediti və kredit üzrə hesablanmış faizləri vaxtında ödəməmişdir. Kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməyən cavabdehin 872.6 manat əsas kredit borc, 2.28 manat faiz borc və 69.63 manat cərimə olmaqla, cəmi 944.51 manat kredit borcu yaranmışdır. İddianın təmin olunmasını, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 06.08.2019-cu il tarixli 015A**********№li kredit müqaviləsinin ləğv edilməsi, cəmi 944.51 manat kredit borcunun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehdən alınaraq İddiaçı QSC ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirdi ki, həqiqətən də, İddiaçı QSC ilə bağlanmış 06.08.2019-cu il tarixli, 015A********** saylı kredit müqaviləsinə əsasən o, 60 ay müddətinə, aylıq 0,0833 faiz olmaqla, 1090.9 manat məbləğində kredit götürmüşdür. Lakin maddi imkanı olmadığına görə kredit borcunu ödəməmişdir. Kredit borcunun hesablanması ilə bağlı mübahisə yoxdur. İş üzrə mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət yoxdur. Ancaq cərimə məbləğinin azaldılmasını xahiş edir. İşə əlavə olunmuş İddiaçı QSC ilə kredit olan Cavabdeh arasında bağlanmış 06.08.2019-cu il tarixli, 015A********** kredit müqaviləsindən görünür ki, bank Cavabdeh 60 ay müddətinə 1090.9 manat məbləğində kredit verməyi, Cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş kreditin verilməsi barədə 06.08.2019-cu il tarixli köçürmə sənədindən görünür ki, Cavabdeh hesabına 1090.9 manat məbləğində kredit köçürülmüşdür. İşə əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış 06.08.2019-cu il tarixli, 015A********** №li müqaviləyə əsasən cavabdehin banka 872.6 manat əsas kredit borc, 2.28 manat faiz borc və 69.63 manat cərimə olmaqla, cəmi 944.51 manat kredit borcu vardır. İşə əlavə edilmiş xəbərdarlıqlardan və bildirişlərdən görünür ki, iddiaçı məsələni prenteziya yolu ilə həll etmək istəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişdir. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirələn, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Müqavilənin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı cavabdehə 69.63 manat məbləğində cərimə hesablamışdır. Lakin məhkəmə hesab edir ki, cavabdehə hesablanmış cərimənin məbləği azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında da göstərmişdir ki, “MM-nin 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. (§71) Borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır” İş materiallarından göründüyü kimi kreditor borcluya 69.63 manat məbləğində cərimə hesablamışdır. Cərimənin tənasübsüzlüyü qənaətinə gələrkən məhkəmə, cavabdehin maddi imkanını nəzərə alır. Ona görə də məhkəmə iddianın cərimənin alınması hissəsində 6 manat məbləğində təmin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, 872.6 manat əsas kredit borc, 2.28 manat faiz borc və 6 manat cərimə olmaqla, cəmi 880.88 manat kredit borcu cavabdehdən alınıb İddiaçı QSC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat alınıb iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi : İddia qismən təmin olunsun. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 015A********** №li 06.08.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 872.6 (səkkiz yüz yetmiş iki manat altmış qəpik) manat əsas kredit borc, 2.28 (iki manat iyirmi səkkiz qəpik) manat faiz borc və 6 (altı) manat cərimə olmaqla, cəmi 880.88 (səkkiz yüz səksən manat səksən səkkiz qəpik) manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-251/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-251/2022
15.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver