Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-2545/2024 25.11.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızı İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, məhkəmədən Mingəçevir şəhəri, Nizami Gəncəvi küçəsi 10/37 saylı binanın yanında Cavabdeh tərəfindən özbaşına, müvafiq icazə olmadan inşa etdiyi tikintinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.2-ci maddəsinin məzmununa görə tikinti obyektlərinin sökülməsinə icazə tələb olunur. Həmin Məcəllənin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə əsasən həmin Məcəllənin 95.2-ci maddəsində nəzərdə tutulmuş yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar qəbul edilməsi, Məcəllənin 95.3-cü maddəsində nəzərdə tutulmuş tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edilməsi səlahiyyətlərini “müvafiq icra hakimiyyəti orqanı” kimi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4.3-cü bəndinə əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra hakimiyyəti orqanları tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Məcəllənin 80.4-cü maddəsinin tələblərinə riayət edilmədən tikinti obyektinin tikildiyini müəyyən etdikdə, habelə tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikintisinə Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan obyektdə hər hansı tikinti-quraşdırma işlərinin aparılmasını aşkar etdikdə, sifarişçiyə (podratçıya) tikinti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyə edir və Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verməlidir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı 10.2. ŞTM-nin 95.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. 10.3. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 saylı Fərmanının 4.10-cu bəndinə əsasən, ŞTM-nin 95.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. 10.4. ŞTM-nin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Göründüyü kimi hazırki mübahisənin predmetini tikintinin sökülməsi təşkil etdiyindən, bu tələb hüquqi təbiətinə görə mülki mübahisələrdən fərqli olduğundan mülki icraat qaydasında baxıla bilməz. Çünki bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati hüquqi tələb olmasından asılıdır. Eyni zamanda iddiaçı tərəf cavabdehin tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini aşkar etdikdə, bir iş günü müddətində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat verməli olduğu halda, birbaşa məhkəməyə müraciət etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, məhkəmədə baxılmalı olmaması əsası ilə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Bununla belə iddiaçıya izah edilməlidir ki, tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini, tikinti məqsədləri üçün ayrılmamış dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikintisinə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan obyektdə hər hansı tikinti-quraşdırma işlərinin aparılmasını aşkar etdikdə, sifarişçiyə tikinti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyə etmək və həmin Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat vermək hüququna malikdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçıya tikinti obyektinin sökülməsi ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-2545/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-2545/2024
25.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver