Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-259/2022 15.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edərək məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Cavabdeh ilə birgə nikahlarından 30 may 2016-cı il təvəllüdlü Mələk adlı bir nəfər uşağı doğulmuşdur.Mingəçevir şəhər məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 30 may 2016-cı il təvəllüdlü Mələk adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 136 manat alimentin tutulub ona verilməsi müəyyən edilmişdir. Mingəçevir şəhər məhkəməsinin 16 may 2018-ci il tarixli qətnaməsinə əsasən aralarında olan nikahın pozulnası və Mələk adlı uşaq onun yanında qalması qət edilmişdir. Artıq uşağın 5 yaşı var, onun maddi təlabatları da artmışdır. Müəyyən edilmiş aliment hazırda uşağın maddi tələbatını ödəmir. Özü işləmir, kirayədə yaşayır. Uşaq bu ildən orta məktəbdə məktəbəhazırlıq qrupunda təhsil almağa başlayır və ona görə də tələbatlatı yetərincə artır. Uşağı saxlamaqda çətinlik çəkir. Cavabdeh bir dəfə də olsun uşağı ilə maraqlanmamış, övladının xəstəliyi ilə bağlı əlavə xərclərinə heç bir kömək göstərməmişdir. Hətta cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti vaxtlı-vaxtında ödəmir. Ona görə də müəyyən edilmiş alimentin miqdarının artırılmasını, 30 may 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 (iki yüz) manat məbləğdə alimentin Cavabdeh alınıb ona verilməsini xahiş edir. Cavabdeh iddianı qəbul etməyrək məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Onların birgə nikahlarından 30 may 2016cı il təvəllüdlü Mələk adlı bir uşaqları olmuşdur. Nikahları məhkəmə qaydasında pozulmuşdur. Məhkəmənin 05 oktyabr 2017-ci il tarixli qətnaməsinə əsasən Mələk adlı uşağın saxlanması üçün müəyyən edilmiş 136 manat alimenti çətinliklə ödəyir. Uşağına baxmaqdan imtina etmir, lakin tələb olunan qədər aliment ödəməyə maddi imkanı yoxdur. İkinci dəfə ailə qurmuş, həmin evliliyindən də bir uşaqları doğulmuşdur. Daimi iş yeri yoxdur. Bəzən ayrı-ayrı adamların evlərində, bağında işləyib ailəsinə baxır, həm də alimenti ödəyir. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 30 may 2016cı il təvəllüdlü X3 valideynləri Cavabdeh və İddiaçıdır. İşə əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahı 20 iyun 2018-ci ildə ləğv edilmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin 2(051)-4232/2017 saylı 05 oktyabr 2017-ci il tarixli qətnamənin surətindən görünür ki, Cavabdeh 30 may 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 136 manat aliment tutulub, İddiaçı verilməsi qət edilmişdir. Cavabdehin təqdim etdiyi nikahın bağlanması və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ilə X4 arasında nikah 21 sentyabr 2018-ci ildə qeydə alınmışdır. 06 avqust 2019-cu il təvəllüdlü X1 valideynləri Cavabdeh və X2r. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci madəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflər ayrılmışlar, onların birgə nikahlarından doğulmuş Mələk adlı uşaq iddiaçının yanında qalır. Məhkəmənin 05 oktyabr 2017-ci il tarixli qərarı ilə Cavabdeh 30 may 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 136 manat aliment tutulub, İddiaçı verilməsi müəyyən edilmişdir. Ancaq tələb olunan miqdarda alimentin ödənilməsi üçün cavabdehin kifayət qədər qazancı olması məhkəmə iclasında sübut olunmadı. Ona görə də məhkəmə tərəflərin maddi vəziyyətini, uşağın yaşını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, alimentin miqdarı nisbətən artırılmalı, cavabdehdən uşağın saxlanması üçün hər ay 140 (bir yüz qırx) manat miqdarında aliment tutulub iddiaçıya verilməlidir. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3 və 119.2-ci maddələrinə əsasən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 30 may 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 140 (bir yüz qırx) manat sabit pul miqdarında aliment hər ay Cavabdeh tutulub, İddiaçı verilsin. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub, dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-259/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-259/2022
15.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver