Məhkəmə qərarları › İş №2(051)-2590/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2590/2023

20.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2590/2023 20.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsi, yetkinlik yaşına çatmamış 23 iyul 2011-ci il təvəllüdlü X3 və 22 yanvar 2013-cü il təvəllüdlü X1 üçün cavabdeh tərəfdən ödənilən aliment məbləğinin artırılması və cavabdehdən hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat və mediasiya üçün ödədiyi 50 manat məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 3197/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanması, və aliment tutulması” tələbinə dair iddia tələbi qismən təmin edilmiş, nikah pozulmuş, uşaq, yəni 23 iyul 2011-ci il təvəllüdlü X3 və 22 yanvar 2013-cü il təvəllüdlü X2 İddiaçı himayəsində saxlanılması və onun saxlanması üçün İddiaçı hər ay hər uşağa 110 manat, cəmi 220 manat aliment ödənilməsi qət edilmişdir. Sonralar aliment məbləği artırılmışdır. Hazırda Cavabdeh tərəfindən İddiaçı hər ay hər uşağa 110 manat, cəmi 220 manat ödənilir, lakin mövcud bahalaşmaların və uşağın tez-tez xəstələnməsi səbəbindən həmin məbləğ uşağın qayğılarının normal qaydada çəkilməsi işi üçün həddindən artıq azlıq təşkil edir deyə, uşağın müalicə, təhsil, geyim və sair xərclərinin həlli məsələsində uşaqla birgə xeyli maddi çətinliklər çəkir. Digər tərəfdən də, hal-hazırda Respublika üzrə uşaqlar üçün yaşayış minimumu 220 manatdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iclasında izahatında bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-3197/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş 23 iyul 2011-ci il təvəllüdlü X5 və 22 yanvar 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına saxlanılması üçün hər ay hər uşağa 110 manat, cəmi 220 manat ondan tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Qət edilən aliment məbləğini çətinliklə ödəyir. Xəstədir, pensiya alır və qeyd edilən alimenti həmin pensiyadan ödəyir. Maddi imkanı yoxdur ki, aliment məbləğinin daha da çox ödəsin. Ona görə də alimentin məbləğinin artırılmasına narazıdır. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(051)-3197/2016 saylı qətnaməsinə əsasən:

1. İş materiallarına əlavə olunmuş və qanuni qüvvəsini almış Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(051)-3197/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmişdir. Cavabdeh 23 iyul 2011-ci il təvəllüdlü X5 və 22 yanvar 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay hər uşağa 110 manat, cəmi 220 manat sabit məbləğində pul alınıb İddiaçı verilməsi qət edilmişdir.

2. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 23 iyul 2011-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası Həmidova (Novruzova) Günel Vaqif qızıdır.

3. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 22 yanvar 2013-cü il təvəllüdlü X2 atası Cavabdeh, anası Həmidova (Novruzova) Günel Vaqif qızıdır.

4. AZ-İ №231458 saylı Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş “Nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Həmidova (Novruzova) Günel Vaqif qızı arasında rəsmiləşdirilmiş nikah xx.xx.2015-ci il tarixində №111 akt qeydi ilə pozulmuşdur. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflər xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından 23 iyul 2011-ci il təvəllüdlü X5 və 22 yanvar 2013-cü il təvəllüdlü X4 doğulmuşdur. Sonra Cavabdeh ilə Həmidova (Novruzova) Günel Vaqif qızı arasında rəsmiləşdirilmiş nikah Mingəçevir şəhər Qeydiyyat Şöbəsində xx.xx.2015-ci il tarixində №111 akt qeydi ilə pozulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-3197/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi 23 iyul 2011-ci il təvəllüdlü X5 və 22 yanvar 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 110 manat, cəmi 220 manat aliment tutularaq Həmidova (Novruzova) Günel Vaqif qızına verilməsi qət edilmişdir. Sonradan İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bu məbləğin uşaqların saxlanılmasına yetərli olmadığını bildirir və aliment məbləğinin artırılmasını və cavabdehdən hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat sabit aliment tutulmasını xahiş edir, cavabdeh etiraz edir, bildirir ki, ikinci dərəcə əlilliyə görə əmək pensiyası alır, aliment artırılarsa ödəyə bilməyəcəkdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1 və 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə— qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Mülki iş materiallarında cavabdehin gəlirləri barədə hər hansı sübutun olmamasını və iddiaçının alimentin sabit pul məbləğində tutulmasını nəzərə alaraq məhkəmə alimentin cavabdehin gəlirlərinin müəyyən hissəsi kimi tutulması imkanını araşdırmır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində mövcud olan “istehlak qiymətləri indeksinin hesablamasına dair” kalkulyatoru vasitəsilə hazırki iş üzrə alimentin məbləğinin müəyyən edildiyi dövr (2018-ci ilin may ayı) ilə 2023cü ilin avqust ayının istehlak qiymətləri indeksini müqayisə etdikdə aydın olur ki, bu zaman kəsiyi ərzində respublika üzrə qiymətlərin səviyyəsi 37.9 faiz artmışdır. Yuxarıda şərh olunanlara əsaslanaraq məhkəmə iddia tələbini əsaslı hesab edir. Belə ki, o, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş aliment məbləğlərinin uşaqların tələbatlarının çoxalması və ölkədə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumunun artırılmasına əsaslanmaqla tələb etmişdir; hansı ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-3197/2016 saylı, xx.xx.2016-cıil saylı qətnaməsi ilə hər uşağa görə tutulan alimentin məbləği artırılaraq 110 manat, cəmi 220 manat müəyyən olunan zaman müvafiq dövrün həyat standartlarını və uşağın ehtiyaclarının səviyyəsini əsas götürmüşdür hazırda isə bu vəziyyət dəyişməklə həm uşaqlar böyümüş və ehtiyacları artmış, həm də uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumu 2023-cü il üçün artırılaraq 220 manat nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Məhkəmə iddiaçı tərəfindən tutulması tələb olunan aliment məbləği ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə iddiaçı tərəfindən cavabdehin daha yüksək məbləğdə aliment ödəməsi imkanına dair sübutlar təqdim etməməsini nəzərə alaraq artırılan aliment məbləğinin uşaqlar üçün yaşayış minimumu həddində müəyyən edilməsini daha ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2 №-li Qərarının 8.14-cü bəndində qeyd edildiyi kimi, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, bu qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh 23 iyul 2011-ci il təvəllüdlü X5 və 22 yanvar 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa 170 manat, cəmi 340 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 28 iyul 2016-cı il tarixli, 2(051)-3197/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. 23 iyul 2011-ci il təvəllüdlü X3 və 22 yanvar 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat, cəmi 340 manat məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablansın. İddiaçı 1 saylı Mediasiya Təşkilatına ödədiyi 50 manat Cavabdeh tutularaq iddiaçıya verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar