Məhkəmə qərarları › İş №2(051)-26/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-26/2023

15.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-26/2023 15.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı dəymiş zərərin və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qaytarmalı olduğu 8100 manat və vurulmuş mənəvi ziyanın əvəzi olaraq 1000 manat məbləğində pulun, vəkilə ödədiyi 900 manat qonararın və dövlət rüsumuna ödənilmiş 120 manat pulun, cəmi 10120 manat pulun və məbləğində pulun cavabdehdən alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə işə baxılmasına hazırlanması zamanı iddia tələbinin həcminin artırılması barədə əlavə ərizə ilə müraciət edərək, məhkəmədən cavabdeh X3 mənzilin təmiri ilə əlaqədar 18000 manat pul ödədiyinə görə, dəymiş mənəvi ziyana görə 1000 manat, kirayə qaldığı 4 ay üçün 1000 manat və borc verdiyi 1100 manat, vəkilə müraciət etdiyi üçün 900 manat, cəmi 22000 manat, həmçinin 156 manat dövlət rüsumunun cavabdeh X1 tutularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iştirak etdiyi məhkəmə iclası zamanı iddianı müdafiə edərək, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, o, Cavabdeh ilə Dərələyəz təmir tikinti briqadasının təmirinə dair görüləcək işlər barədə 24 sentyabr 2020-ci il tarixdə müqavilə bağlamışlar. Həmin müqavilənin şərtlərinə əsasən iddiaçının ünvan 1 ünvanda yerləşən mənzilinin 3 ay müddətinə təmir olunması üçün Cavabdeh 5000 manat pul vermişdir. Müqaviləyə əsasən, o, təmir üçün ümumilikdə 18000 manat verməyi, cavabdeh isə 24 dekabr 2020-ci il tarixədək mənzili tam təmir edərək təhvil verməyi öhdəsinə götürmüşdür. 24 dekabr 2020-ci il tarixdə o, cavabdehə ailəsi ilə birlikdə kirayə köçməsini və hər ay kirayə haqqı kimi 250 manat verəcəyini bildirmişdir. Lakin 3 ay müddət keçməsinə baxmayaraq, cavabdeh mənzili vaxtında təhvil verməmişdir. Eyni zamanda cavabdehə borc olaraq 1.100 azn vermişdir. Bundan əlavə kirayə pulu olaraq 1.750 manat pul xərcləmişdir. Kirayə qaldığı 4 aya görə 1100 manat pul vermişdir. 2020-ci ilin noyabr ayında qarşı tərəfə18.000 manat pul verilmişdir. Mənzilə köçdükdən bir qədər, təxminin 2 aydan sonra artıq qüsurlar meydana çıxmışdır. Dəfələrlə qarşı tərəfə yenidən təmir edilməsi, yəni qüsurların aradan qaldırılması ilə bağlı müraciət etsə də, cavabdeh tərəf yenidən təmir-bərpa işləri aparmaqdan imtina etmiş, daha sonra isə təmir işlərinə xərclənmiş məbləği qaytarılması ilə bağlı pretenziya qaydasında müraciət etmişdir. Cavabdeh tərəf yenə də qüsurların aradan qaldırılması ilə bağlı real davranış nümayiş etdirməmişdir. Ondan sonra o, başqa təmir işləri ilə məşğul olan şəxslərə müraciət etdikdə müəyyən edildi ki, cavabdehin gördüyü təmir işlərində yaranmış qüsurların aradan qaldırılması üçün əlavə 15.000 manat məbləğində vəsait lazımdır. Halbuki, o, cavabdehə 18.000 manat məbləğində vəsait ödəmişdir. O, cavabdehə müraciət edəndə, yəni xx.xx.2021-ci il tarixdə tikinti bazarında qiymətlər aşağı olmuşdur. Hazırda isə tikinti materiallarının qiymətində əhəmiyyətli dərəcədə bahalaşma olmuşdur. Bu hallar məhkəmə tərəfindən təyin edilmiş tikinti –texniki ekspertizası rəyində də öz əksini tapmışdır. Ona görə də o, iddia tələbinin həcminin artırılması ilə bağlı əlavə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, müqavilə öhdəliklərinə əməl etmədiyinə görə cavabdehdən mənzilin təmiri ilə əlaqədar 18000 manat, dəymiş mənəvi ziyana görə 1000 manat, kirayə qaldığı 4 ay üçün 1000 manat və borc a görə 1100 manat, vəkilə müraciət etdiyi üçün 900 manat, cəmi 22000 manat, həmçinin dövlət rüsumuna görə 156 manat məbləğində pul alınıb ona ödənilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etdiyi məhkəmə iclası zamanı iddianı tələbini müdafiə etdi əsasən iddia ərizəsinin məzmununa və təmsil etdiyi şəxsin izahatına uyğun izahat verərək, məhkmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iştirak etdiyi məhkəmə iclası zamanı iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı ilə müqavilə bağlanmış, evin təmir-bərpa işlərini ustalar aparmışdır. Həmin alınan pulu isə evin təmiri üçün istifadə olunan materiallara və işləyən ustalara xərcləmişdir. O, evi təhvil verərkən normal vəziyyətdə təhvil vermiş, daha sonra isə nə baş verdiyindən xəbəri olmamışdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, habelə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı ödəniş etdiyi 1100 manat, mənzilin 3 ay ərzində deyil, 7 ay ərzində təhvil verilməsi nəticəsində 4 aylıq kirayə pulu 1000 manatın, həmçinin mənzilinin istəmədiyi hala salınması üçün mənzilin təmirinə dəymiş ziyana görə 6000 manat, cəmi 8100 manat pulun 10 gün ərzində ona qaytarılmasını xahiş etmiş və əks təqdirdə məhkəməyə müraciət etməli olacağını bildirmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh yerdə qalan işlərini bitirmək üçün İddiaçı 1100 manat məbləğində borc pul almışdır. İşdə olan xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı və Cavabdeh arasında dərələyəz təmir tikinti briqadası təmirə dair görüləcəyi işlər müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən 3 ay müddətində təmir və tikinti işləri həyata keçrilməli və 5000 manat məbləğində ilkin ödəniş olunmalıdır. İşdə olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh BağırovAsəfdən 1100 manat məbləğində borc almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli kirayə müqaviləsinə əsasən aylıq 250 azn olmaqla 4 ay müddətinə müqavilə bağlanmışdır. İşdə olan İddiaçı vəsatəti əsasında təyin edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 001-22/06/İN-22 saylı qiymətləndirmə hesabatından görünür ki, qiymətləndirmə tarixinə zərərin qiymətləndirilməsi üzrə dəyəri 15810 manat həcmində müəyyən edilmişdir. İşdə olan cavabdeh X2 vəsatəti əsasında təyin edilmiş AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6226 №li ekspert rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ev 75, mənzil 21 saylı mənzilə baxış zamanı pəncərə və qapı qırıqlarında əyrilərin mövcud olduğunu, döşəmənin vurulmasında qüsurların olduğu, kafel-metlax işlərində döşəmədə əyrilik və axıntı istiqamətləri düzgün təyin edilmədiyi, elektrik qutularının quraşdırılmasında simmetriyanın pozulması, divar ilə elektrik qutusunun arasında boşluqların olduğu və mənzildə aparılmış təmir işləri nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 9190,00 manat məbləğində olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının işdə olan sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı evində təmir-tikinti işlərinin aparılması məqsədilə cavabdehlə yazılı şəkildə podrat müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən iddiaçı ilkin 5000 manat, cəmi 18.000 (on səkkiz min) manat ödəməyi, cavabdeh isə iddiaçıya məxsus mənzili 3 ay müddətində, yəni xx.xx.2020-cil tarixdək tam şəkildə təmir etməyi öhdəsinə götürmüşdür. Mənzil təmirdə olduğu müddət ərzində iddiaçı ayda 250 manat məbləğində ödəniş etməklə kirayədə qalmışdır. İddiaçı üzərinə götürdüyü öhdəliyi, yəni 18.000 manat məbləğində muzdu cavabdehə tam şəkildə ödəməsinə baxmayaraq, cavabdeh müqaviləyə uyğun olaraq mənzildə aparılan təmir işlərini 3 ay müddətə başa çatdırmalı olduğu halda, həmin işləri 7 aydan sonra, yəni xx.xx.2021-ci il tarixdə yekunlaşdırmış və mənzili iddiaçıya təhvil vermişdir. İddiaçı müqavilədə razılaşdırılmış müddətdən artıq 4 ay ərzində kirayədə qaldığı üçün 1000 manat əlavə pul ödəmişdir. Ondan sonra iddiaçının mənzilində təmir işləri ilə bağlı qüsurlar aşkar edilmişdir. Ona görə də iddiaçı cavabdehə xx.xx.2021-ci il tarixdə qüsurların aradan qaldırılması üçün pritenziya məktubu göndərmiş, lakin cavabdeh həmin qüsurların olduğunu qəbul etməmişdir. Belə olan halda iddiaçı məhkəməyə müraciət etmişdir. Tərəflərin vəsatəti ilə aparılmış məhkəmə tikinti-texniki ekspertizası zamanı aparılmış təmir işləri nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 9190,00 manat məbləğində olduğu müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında 24 sentyabr 2020-ci il tarixdə podrat müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı ilkin 5000 manat, cəmi 18.000 (on səkkiz min) manat ödəməyi, cavabdeh isə iddiaçıya məxsus mənzili 3 ay müddətində, yəni xx.xx.2020-cil tarixdək tam şəkildə təmir etməyi öhdəsinə götürmüşdür. Mənzil təmirdə olduğu müddət ərzində iddiaçı ayda 250 manat məbləğində ödəniş etməklə öz hesabına kirayədə qalmışdır. İddiaçı üzərinə götürdüyü öhdəliyi, yəni 18.000 manat məbləğində muzdu cavabdehə tam şəkildə ödəmiş, lakin cavabdeh mənzili 7 ay müddətə təhvil vermiş, nəticədə iddiaçı razılaşdırılmış müddətdən 4 ay artıq müddətə kirayədə qalmaqla 1000 manat məbləğində maddi ziyana məruz qalmış, həmçinin qısa müddət sonra təmir işlərində əhəmiyyətli qüsurlar aşkar edilmişdir. Lakin cavabdeh öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçının cavabdehə qarşı dəymiş zərərin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1–ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1–ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1–ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 759.2–ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin Məcəllənin 763.2-ci maddəsinə əsasən əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, cavabdeh verilmiş müddət ərzində aparılmış təmir işlərində mövcud qüsurların aradan qaldırılmadığından və həmin qüsurların aradan qaldırılması üçün 9190 manat məbləğində əlavə vəsait sərf edilməli olduğundan, cavabdeh həmin məbləğdə vəsaiti iddiaçıya ödəməlidir. Ona görə də məhkəmə iddia tələbinin mövcud qüsurların aradan qaldırılması ilə bağlı dəymiş maddi zərərin ödənilməsi hissəsini qismən əsaslı hesab edir. Məhkəmə, həmçinin nəzərə alır ki, cavabdeh müqavilə öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə iddiaçının razılaşdırılmış müddətdən artıq kirayədə qaldığı mənzilə hər ay 250 manat olmaqla ödədiyi 1000 manat məbləğində maddi zərər də cavabdeh tərəfindən ödənilməlidir. Bununla yanaşı məhkə iddia tələbinin 1100 manat məbləğində borcla bağlı hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Belə ki, işdə olan yazılı qəbzə görə cavabdeh iddiaçıdan 1100 manat məbləğində borc pul almış, lakin qaytarmamışdır. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Bununla yanaşı məhkəmə, həmçinin iddiaçı tərəfindən pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət edərkən vəkilə ödənilmiş 900 manat məbləğində qonararın cavabdehdən alınıb verilməsi ilə bağlı qeyd edir ki, iddiaçı xx.xx.2021-ci tarixdə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Vəkil ilə 1675 nömrəli Vəkil Orderi əsasında müqavilə bağlanılmış, lakin həmin müqaviləyə uyğun olaraq təqdim edilmiş qəbzdən görünür ki, 20 saylı Vəkil Bürosunun hesabına hüquqi yardım üçün 130 manat pul vəsaiti köçürülmüşdür. Ona görə də məhkəmə iddianın həmin hissədə qismən əsaslı hesab edir. Həmin hissədə yəni, 130 manat pulun tutulması hissəsində təmin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə, həmçinin qeyd edir ki, cavabdehə öz etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək üçün əlavə sübutlar təqdim etməsini təklif etmiş, lakin cavabdeh öz etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdehin göstərdiyi hallar öz izahatından başqa heç bir sübutla təsdiq olunmamışdır. Bununla yanaşı, məhkəmə, iddiaçıların vurulmuş mənəvi ziyana görə 1000 manat miqdarında pul tələb etməsi hissəsini əsaslı hesab etmir. İddiaçı cavabdeh tərəfindən aralarında olan şifahi podrat müqaviləsinin şərtlərinin cavabdeh tərəfindən lazımi qaydada yerinə yetirilməməsini sübuta yetirsələr də, bununla bağlı sarsıntı keçirməsini və həmin sarsıntının onun şüurunda mənfi psixi reaksiyanın yaranmasına səbəb olmasını, habelə həmin hüquqa zidd hərəkətlər nəticəsində sağlamlığının pozulmasına səbəb olan iztirab keçirməsini və fiziki əzab çəkməsini, eləcə də həmin halların baş verməsi ilə cavabdehin təqsirli hərəkətləri arasında birbaşa səbəbli əlaqə olmasını inandırıcı dəlillərlə sübuta yetirə bilməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablarda dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində əsaslı deyildir. Odur ki, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, mövcud qüsurların aradan qaldırılması ilə bağlı dəymiş maddi zərərə görə 9190 manat, borc bağlı 1100 manat, əlavə ödənilmiş kirayə haqqına görə 1000 manat, vəkil xidmətinə görə 130 azn, cəmi 11420 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. İddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu da cavabdehə aid edilməlidir. AR MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən dövlət rüsumu cavabdehə aid edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, məhkəmə mühəndis-texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. AR MPM-in 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi tələb edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 11420 (on bir min dörd yüz iyirmi) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 120 (bir yüz iyirmi) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh məhkəmə mühəndis-texniki zamanı aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar