Məhkəmə qərarları › İş №2(051)-260/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-260/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-260/2021 10.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və Cavabdeh iştirakı ilə, iddiaçı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh: Cavabdeh qarşı «kredit müqaviləsinin ləğv edilməsi, əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun (cərimənin) ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 1897.34 manat məbləğdə əsas borc, xx.xx.2020-ci il tarixə 157.05 manat faiz borcu, cəmi 2054.39 manat kredit borcunun, 30 manat dövlət rüsumunun tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixdə Bank İddiaçı ASC ilə ***-*******-K saylı kredit müqaviləsi bağlayaraq 18 ay müddətinə 19 faiz illik faiz dərəcəsi olmaqla 2400 manat məbləğdə kredit almışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş, müqavilənin şərtlərini pozaraq, kreditin ödənilməsini mütəmadi olaraq gecikdirmişlər. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o öhdəliklərini icra etməmişdir. Qeyd olunanlara əsasən Cavabdeh 1897.34 manat məbləğdə əsas borc, xx.xx.2020-ci il tarixə 157.05 manat faiz borcu, cəmi 2054.39 manat kredit borcunun, 30 manat dövlət rüsumunun tutulub Bank İddiaçı ASC-nə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbi ilə razı olduğunu və əlinə pul keçən kimi banka olan borcunu ödəyəcəyini bildirmişdir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh xx xxxxxx 2019cu ildə İddiaçı ASC ilə müqavilə bağlayaraq 2400 manat məbləğdə kredit almış, aldığı borc məbləğini illik 19 faiz əlavəsi ilə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddia ərizəsinə əlavə olunmuş İddiaçı ASC-nin xx xxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh həmin tarixə Bank İddiaçı ASC-nə cəmi 2054.39 manat məbləğdə borcu qalmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kreditlə bağlı yaranan mülki hüquq münasibətləridir. Məhkəmə işin hallarına qanunvericiliyin kreditə aid müddəalarına, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan hüquq normalarına əsasən, iddiaçının borcalana qarşı borcun ödənilməsi tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixdə İddiaçı ASC ilə ***-*******-K saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 1897.34 manat məbləğdə əsas borc, xx.xx.2020-ci il tarixə 157.05 manat faiz borcu, cəmi 2054.39 manat məbləğdə borc alınaraq İddiaçı ASC-nə verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul cavabdehdən tutulub İddiaçı ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar