Məhkəmə qərarları › İş №2(051)-266/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-266/2025

16.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-266/2025 16.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh1 qarşı gəmilərin yanalma limanından (dayanacağından) çıxarılma tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh1 qarşı gəmilərin yanalma limanından çıxarılmasıtələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ona məxsus Mingəçevir şəhəri, M.Hüseynzadə adına Sahil bağında yerləşən gəmi və qayıqların yanalma limanından məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizə verərək, Cavabdeh1 yanalma limanından 30 metr hissəsini zəbt etdiyini bildirmiş, bu səbəbdən də yanalma limanının qış aylarında 6 metrinin 200 manata icarəyə verilməsini nəzərə alaraq Cavabdeh1 hər ay üçün 1000 manat tələb etdiyini qeyd etmişdir. xx.xx.2024-cü ildən başlayaraq Cavabdeh1 hər ay üçün 1000 manat tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhəri, Mehdi Hüseynzadə adına Sahil bağında yerləşən gəmi və qayıqların yanalma limanı (dayanacağı) 15 il müddətinə onun istifadəsinə və sərəncamına verilmişdir. Sözügedən limana dair Mingəçevir Şəhər Bələdiyyəsi və Fövqəladə Hallar Nazirliyinin X6 və X22 Xidmətindən müvafiq müqavilə və icazələri var. Sözügedən dövlət orqanları tərəfindən Sahil parkında yerləşən gəmi və qayıqların yanalma limanı (dayanacağı) onun icarəsində olmasına razılıq verilmiş və o sözügedən limanı subicarə kimi gəmi və qayıqlara icarəyə verir. Bununla əlaqədar qanunvericiliklə bütün vergi və xidmət haqları tərəfindən ödənilməsinə baxmayaraq cavabdeh ona məxsus limanda öz gəmi və qayıqlarını saxlamaqla ona heç bir ödəniş etməmişdir. Onun mülkiyyət hüquqları kobud surətdə pozulmaqla cavabdeh tərəfindən qərəzli hərəkətlər edilir. Cavabdeh ona məxsus limandan qanunsuz istifadə etməklə onun öz mülkiyyətindən istifadə etməsinə imkan vermir. Sözügedən hadisə nəticəsində ona xeyli miqdarda ziyan dəymişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdeh tərəfindən verilən vəsatət və etirazların əsassız olduğunu, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirdi ki, iddiaçının ərizəsində qeyd etdiyi Sahil parkı park deyil, bağdır. Kür çayının bələdiyyə qərarında göstərilən ərazisində “liman” statusuna malik, müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçərək, liman fəaliyyətini həyata keçirən limanı yoxdur. Sadəcə çay axarı boyu təxminən 150-200 metr uzunluğunda çay üzərinə qoyulmuş bir neçə metr enində döşəmə var. Yay mövsümündə vətəndaşlar gəmi və qayıqlara həmin döşəmə vasitəsilə minərək gəzinti edirlər. Bu döşəmənin yerləşdiyi su səthinin də bələdiyyə mülkiyyətində olan “Sahil” bağına heç bir aidiyyəti yoxdur, bələdiyyənin mülkiyyətində olmasına dair hər hansı mülkiyyət, balans sənədləri yoxdur. 2006-cı ildən uzun müddətdir ki, kiçik həcmli gəmilərdən Kür çayında istifadə edir və heç zaman heç kimlə problemi olmamışdır. İddiaçı ondan icarəhaqqı məbləğində hər gəmi üçün 400 manat pul tələb edir və 400 manat ödənişin qəbzini verməkdən imtina edir. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirdi ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd etdi ki, mübahisəli məsələ olan dirəkləri dəmirdən olan və Kür çayının içərisinə quraşdırılmış taxta döşəmənin qanuni olub-olmamasıdır. Ona görə də vəsatət verərək, bələdiyyənin qəbul etmiş olduğu və mübahisəli hesab edilən qərar Cavabdeh1 hüquqlarını pozduğu üçün tərəf kimi 3-cü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, Kür çayı üzərində salınmış taxta döşəmə körpü adlansa da, Fövqəladə Hallar Nazirliyinin X10 və X22 Xidmətinin nümayəndələri Kür çayında reydlərdən danışarkən həmin tikili körpü deyil, gəmi bazası kimi göstərilmişdir. Ona görə də vəsatət verərək, Fövqəladə Hallar Nazirliyinin X10 və X22 Xidmətindən nümayəndənin və ya mütəxəssisin dəvət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Fövqəladə Hallar Nazirliyinin X10 və X22 Xidmətinin nümayəndəsi X16 izahat verərək bildirdi ki, 16 ildir Mingəçevir şəhərində xidmət aparır. Tərəflərin mübahisəsinin onların xidməti ilə hər hansı bağlılığı yoxdur. İddiaçı bir neçə gəmi sahiblərindən biridir. Fəaliyyəti tam qanunidir. Onların xidmətində qeydiyyatdan keçmişdir. Cavabdeh1 isə Xidmətin fəal olan dalğıclarından biridir. Dosməmmədin də bütün sənədləri Xidmətdə qeydiyyata alınmış və fəaliyyəti tam qanunidir. Qeyd olunan gəmi yanalma körpüsü bələdiyyə mülkiyyətində olmuşdur. Bələdiyyə ilə iddiaçı arasında bağlanan müqaviləyə əsasən onun istifadəsinə verilmişdir. Fövqəladə Hallar Nazirliyinin X10 və X22 Xidmətində uçota alınmışdır və fəaliyyəti qanunidir. Tərəflərin mübahisəsinin Fövqəladə Hallar Nazirliyinin X10 və X22 Xidməti ilə hər hansı əlaqəsi yoxdur. İş materialları: xx.xx.2024-cü il tarixdə verilmiş ******* №li Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X10 və X22 Xidmətinin Mingəçevir Bələdiyyəsinin məktubuna cavabından görünür ki, Azərbaycan Respublikasının Prezidentinin 2017-ci il 19 aprel tarixli 1340 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X10 və X22 Xidməti haqqında Əsasnamə”nin 3.0.13 yarımbəndinə əsasən Azərbaycan Respublikası, Mingəçevir şəhəri Mingəçevir Bələdiyyəsinə məxsus Mingəçevir şəhər, Kür çayının sol sahilində yerləşən körpü xx.xx.2024-cü il tarixində Xidmətin Kiçikhəcmli Gəmilərə və X23 şöbəsinin “Baza və körpülərin uçotu” jurnalında müvafiq qaydada uçota alınmışdır. Mingəçevir Şəhər Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 07/11 №li qərarından görünür ki, əhalinin Sahil parkında istirahətinin yaxşılaşdırmaq məqsədilə Kür çayının kənarında sahibkarlar tərəfindən tikilmiş gəmilərin yanalma limanının ianə olaraq bələdiyyənin balansına keçirilməsi, limanın Mingəçevir şəhəri, M.V.Vidadi küçəsi, ev 5, mənzil 28-də yaşayan İddiaçı 15 il müddətinə icarəyə verilməsi və onunla icarə müqaviləsi bağlanması qərara alınmışdır. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2022-ci il tarixli 46 №li torpaq icarəsi müqaviləsindən görünür ki, “İcarəyəverən” Mingəçevir Bələdiyyəsi sahəsi 400 kv.m. olan gəmi dayanacağı, ona aid torpaq və su sahəsini gəmi və qayıqların müvəqqəti yanalma dayanacağı üçün 15 il müddətinə “İcarəçi” İddiaçı verilməsi barədə müqavilə imzalanmışdır. Elektron İnformasiya sistemindən xx.xx.2024-cü il tarixdə sorğulanmış məlumatdan görünür ki, İddiaçı ekskursiya, gəzinti və turist gəmilərinin xidmətləri fəaliyyət istiqamətində kiçik həcmli qayıqlar üçün dayanacaq fəaliyyət obyektində ********** nömrə ilə xx.xx.2018ci il tarixdə VÖEN verilmişdir. BB-İİ seriyalı 058837 №li xx.xx.2007-ci il tarixdə 0231 nömrə ilə qeydiyyata alınmış diplomun surətindən görünür ki, Cavabdeh1 2003-cü il tarixdə Bakı Bədən Tərbiyəsi və Turizm Kollecinə daxil olmuş və xx.xx.2007-ci il tarixdə X11 “turizm və onun təşkili” ixtisası üzrə tam kursu bitirmiş, ona turizm üzrə menecer ixtisası verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 106 №li qərarı ilə təsdiq edilmiş “Bələdiyyə mülkiyyətinə verilən dövlət əmlakının siyahısı”ndan görünür ki, ünvan 2 ünvanında olan M.Hüseynzadı adına “Sahil” bağı Mingəçevir Bələdiyyəsinin mülkiyyətinə verilmişdir. xx.xx.2024-cü il tarixli 12/24 saylı müqavilədən görünür ki, “xidmət göstərən” İddiaçı ilə “sifarişçi” Cavabdeh2 arasında icarə əsasında Qardaşəliyə məxsus olan Kür çayının sahilində yerləşən lövbərdən Cavabdeh2 məxsus AAA6300 qeydiyyat nömrəli qayığa dayanacaq kimi istifadə etmək üçün K sektorunda yerin ayrılması, göstərilən xidmətin aylıq dəyərinin 600 manat olması, ödənişin istifadə olunacaq hər ay üçün həmin ayın 10dək həyata keçirilməsi ilə bağlı tərəflərin imzası ilə təsdiqlənmiş müqavilə imzalanmışdır. xx.xx.2024-cü il tarixli əmr ilə Cavabdeh1 2274 №li “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalı verilmişdir. xx.xx.2024-cü il tarixli 05/24 saylı müqavilədən görünür ki, “xidmət göstərən” İddiaçı ilə “sifarişçi” X20 arasında icarə əsasında Qardaşəliyə məxsus olan Kür çayının sahilində yerləşən lövbərdən X14 məxsus AMA5089 qeydiyyat nömrəli qayığa dayanacaq kimi istifadə etmək üçün K sektorunda yerin ayrılması, göstərilən xidmətin aylıq dəyərinin 200 manat olması, ödənişin istifadə olunacaq hər ay üçün həmin ayın 10-dək həyata keçirilməsi ilə bağlı tərəflərin imzası ilə təsdiqlənmiş müqavilə imzalanmışdır. xx.xx.2024-cü il tarixli 03/24 saylı müqavilədən görünür ki, “xidmət göstərən” İddiaçı ilə “sifarişçi” X26 arasında icarə əsasında Qardaşəliyə məxsus olan Kür çayının sahilində yerləşən lövbərdən X17 məxsus AAA6278 qeydiyyat nömrəli qayığa dayanacaq kimi istifadə etmək üçün K sektorunda yerin ayrılması, göstərilən xidmətin aylıq dəyərinin 200 manat olması, ödənişin istifadə olunacaq hər ay üçün həmin ayın 10-dək həyata keçirilməsi ilə bağlı tərəflərin imzası ilə təsdiqlənmiş müqavilə imzalanmışdır. xx.xx.2024-cü il tarixli 04/24 saylı müqavilədən görünür ki, “xidmət göstərən” İddiaçı ilə “sifarişçi” X21 arasında icarə əsasında Qardaşəliyə məxsus olan Kür çayının sahilində yerləşən lövbərdən X15 məxsus AAA6302 qeydiyyat nömrəli qayığa dayanacaq kimi istifadə etmək üçün F sektorunda yerin ayrılması, göstərilən xidmətin aylıq dəyərinin 200 manat olması, ödənişin istifadə olunacaq hər ay üçün həmin ayın 10-dək həyata keçirilməsi ilə bağlı tərəflərin imzası ilə təsdiqlənmiş müqavilə imzalanmışdır. xx.xx.2024-cü il tarixli 02/24 saylı müqavilədən görünür ki, “xidmət göstərən” İddiaçı ilə “sifarişçi” X18 arasında icarə əsasında Qardaşəliyə məxsus olan Kür çayının sahilində yerləşən lövbərdən X12 məxsus ACA4026 qeydiyyat nömrəli qayığa dayanacaq kimi istifadə etmək üçün D sektorunda yerin ayrılması, göstərilən xidmətin aylıq dəyərinin 200 manat olması, ödənişin istifadə olunacaq hər ay üçün həmin ayın 10-dək həyata keçirilməsi ilə bağlı tərəflərin imzası ilə təsdiqlənmiş müqavilə imzalanmışdır. xx.xx.2024-cü il tarixli 06/24 saylı müqavilədən görünür ki, “xidmət göstərən” İddiaçı ilə “sifarişçi” X8 arasında icarə əsasında Qardaşəliyə məxsus olan Kür çayının sahilində yerləşən lövbərdən X2 məxsus AMA5165 qeydiyyat nömrəli qayığa dayanacaq kimi istifadə etmək üçün K sektorunda yerin ayrılması, göstərilən xidmətin aylıq dəyərinin 200 manat olması, ödənişin istifadə olunacaq hər ay üçün həmin ayın 10-dək həyata keçirilməsi ilə bağlı tərəflərin imzası ilə təsdiqlənmiş müqavilə imzalanmışdır. xx.xx.2024-cü il tarixli 07/24 saylı müqavilədən görünür ki, “xidmət göstərən” İddiaçı ilə “sifarişçi” X9 arasında icarə əsasında Qardaşəliyə məxsus olan Kür çayının sahilində yerləşən lövbərdən X3 məxsus ACA4194 qeydiyyat nömrəli qayığa dayanacaq kimi istifadə etmək üçün L sektorunda yerin ayrılması, göstərilən xidmətin aylıq dəyərinin 200 manat olması, ödənişin istifadə olunacaq hər ay üçün həmin ayın 10-dək həyata keçirilməsi ilə bağlı tərəflərin imzası ilə təsdiqlənmiş müqavilə imzalanmışdır. xx.xx.2024-cü il tarixli 08/24 saylı müqavilədən görünür ki, “xidmət göstərən” İddiaçı ilə “sifarişçi” X9 arasında icarə əsasında Qardaşəliyə məxsus olan Kür çayının sahilində yerləşən lövbərdən X3 məxsus ABA1399 qeydiyyat nömrəli qayığa dayanacaq kimi istifadə etmək üçün M sektorunda yerin ayrılması, göstərilən xidmətin aylıq dəyərinin 300 manat olması, ödənişin istifadə olunacaq hər ay üçün həmin ayın 10-dək həyata keçirilməsi ilə bağlı tərəflərin imzası ilə təsdiqlənmiş müqavilə imzalanmışdır. xx.xx.2024-cü il tarixli 01/24 saylı müqavilədən görünür ki, “xidmət göstərən” İddiaçı ilə “sifarişçi” X4 arasında icarə əsasında Qardaşəliyə məxsus olan Kür çayının sahilində yerləşən lövbərdən X1 məxsus ABA1487 qeydiyyat nömrəli qayığa dayanacaq kimi istifadə etmək üçün C sektorunda yerin ayrılması, göstərilən xidmətin aylıq dəyərinin 200 manat olması, ödənişin istifadə olunacaq hər ay üçün həmin ayın 10-dək həyata keçirilməsi ilə bağlı tərəflərin imzası ilə təsdiqlənmiş müqavilə imzalanmışdır. xx.xx.2024-cü il tarixli 09/24 saylı müqavilədən görünür ki, “xidmət göstərən” İddiaçı ilə “sifarişçi” X13 arasında icarə əsasında Qardaşəliyə məxsus olan Kür çayının sahilində yerləşən lövbərdən X5 məxsus ACA4168 qeydiyyat nömrəli qayığa dayanacaq kimi istifadə etmək üçün N sektorunda yerin ayrılması, göstərilən xidmətin aylıq dəyərinin 200 manat olması, ödənişin istifadə olunacaq hər ay üçün həmin ayın 10-dək həyata keçirilməsi ilə bağlı tərəflərin imzası ilə təsdiqlənmiş müqavilə imzalanmışdır. İşin müəyyən olunmuş halı: Mingəçevir şəhəri, M.Hüseynzadə adına Sahil bağında yerləşən gəmi və qayıqların yanalma dayanacağı bələdiyyənin 26 aprel 2022-ci il tarixli qərarı ilə 15 il müddətinə iddiaçının sahibliyinə və istifadəsinə verilmişdir. İddiaçı müxtəlif şəxslər ilə 12 ədəd müqavilə bağlamaqla həmin dayanacağı may ayından avqust ayınadək onların istifadəsinə vermişdir. İddiaçı həmin şəxslərlə digər aylarda icarə müqaviləsi bağlamamışdır. Həmin şəxslər dayanacaqdan qış aylarında ödənişsiz istifadə etmişlər. Dayanacağın istifadəyə verilməsi ilə bağlı iddiaçı ilə cavabdeh arasında müqavilə yoxdur. Aralarında razılaşma olmamasına baxmayaraq cavabdeh öz gəmi və qayıqlarını həmin dayanacaqda saxlayır. İddiaçı cavabdehin həmin dayanacaqdan çıxarılmasını tələb edir. İddiaçı cavabdehdən 2024-cü ilin sentyabr ayından gəmi və qayıqlarını həmin dayanacaqda qanunsuz saxlamasına görə pul tələb edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. 417.2. Əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır. 417.3. Tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. X7 Edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X10 və X22 Xidməti haqqında Əsasnamə 1.1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X10 və X22 Xidməti (bundan sonra — Xidmət) Azərbaycan Respublikasının daxili dəniz və ərazi sularında, çaylarında, su anbarlarında, digər sututarlarında (bundan sonra — sututarlarda) kiçikhəcmli gəmilərin təhlükəsiz hərəkətinə dövlət nəzarətini, kiçikhəcmli gəmilərin və onların dayanacağı üçün bazaların, qurğuların, yanalma körpülərinin və su keçidlərinin (bundan sonra — bazalar) təhlükəsiz istismarına texniki nəzarəti, çimərliklərdə, su hövzələrində və digər sututarlarda, dənizkənarı kütləvi istirahət yerlərində axtarışxilasetmə tədbirlərini, habelə dalğıc-axtarış işlərini, insanların sularda təhlükəsizliyinin təmin edilməsi sahəsində idarəetməni, əlaqələndirməni və nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır. 3.0. Xidmət bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 3.0.11. kiçikhəcmli gəmilərdən və onların dayanacaq bazalarından istifadə qaydalarına əməl olunmasına nəzarət edir, həmin qaydaların, üzmə təhlükəsizliyinə və ətraf mühitin mühafizəsinə aid digər norma və tələblərin pozulmasının aşkar edilməsi və qarşısının alınması üçün tədbirlər görür; Bələdiyyə mülkiyyətinə verilən dövlət əmlakının Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyul 2002-ci il tarixli 106 saylı qərarı Bələdiyyə mülkiyyətinə verilən dövlət əmlakının SiyahısıSıra №-si 56, verilən əmlakın adı Mingəçevir şəhəri, M.Hüseynzadə adına Sahil bağı, Balans sahibi- Şəhər Mədəniyyət şöbəsi, Bələdiyyənin adı- Mingəçevir şəhər bələdiyyəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Bələdiyyə ilə bağladığı icarə müqaviləsinə əsasən qeyd olunan dayanacaq 2022-ci ildən iddiaçının sahibliyindədir. O, həmin dayanacağı digər şəxslərə istifadəyə verir. İddiaçı ilə cavabdeh arasında həmin dayanacağın istifadəsinə dair müqavilə mövcud deyildir. Cavabdeh həmin dayanacağın iddiaçının sahibliyinə qanunsuz verildiyini göstərərək iddiaya etiraz edir. Bələdiyyə ilə iddiaçı arasında müqavilə var. Həmin müqavilə mübahisələndirilmir. Bununla belə Cavabdeh1 hər hansı hüquqi əsas olmadan İddiaçı məxsus gəmi və qayıqların yanalma limanından (dayanacağından) çıxmır. Cavabdehin bu hərəkəti iddiaçının sahibliyində və istifadəsində olan dayanacağa sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla sahiblik hüququnu pozur. Bu səbəbdən iddiaçının sahiblik hüququnun qorunması və bərpa edilməsi, cavabdehin iddiaçının bu hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün iddia tələbi həmin hissədə təmin edilməli, Cavabdeh1 İddiaçı məxsus Mingəçevir şəhər, M.Hüseynzadə adına Sahil bağında yerləşən gəmi və qayıqların yanalma limanından (dayanacağından) çıxarılmalıdır. İddianın pul tələbinə dair hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının digər icarəçilərlə bağladığı müqavilələrdən görünür ki, o, dayanacağı məhz may ayından avqust ayındək icarəyə vermişdir. Digər vaxtlar icarəçilərdən haqq almamışdır. Ona görə də iddiaçı cavabdehdən sentyabrdan aprel ayınadək istifadəyə görə haqq tələb edə bilməz. Belə olan halda iddiaçının cavabdehə qarşı xx.xx.2024-cü il tarixdən hər ay üçün 1000 manat pulun onun xeyrinə tutulması hissəsində iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. İddiaçı sahibliyində olan Mingəçevir şəhəri, Mehdi Hüseynzadə adına Sahil bağında yerləşən gəmi və qayıqların yanalma limanının (dayanacağının) 400 kv/metr hissəsindən Cavabdeh1 və ona məxsus gəmi və qayıqlar məcburi qaydada çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar