Məhkəmə qərarları › İş №2(051)-273/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-273/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-273/2021 01.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi ilə Cavabdeh iştirakı ilə, iddiaçı BOKT “xxxx” QSC-nin Cavabdeh qarşı kredit borcun ödənilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı BOKT “xxxx” QSC Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı BOKT “xxxx” QSC-nin nümayəndəsi X1 məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı BOKT “xxxx” QSC-nin məhkəməyə göndərdiyi iddia ərizəsində göstərilmişdir ki, BOKT “xxxx” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 250-SKY-0241-20 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə, 858 manat məbləğində istehlak krediti verilmişdir. Cavabdeh krediti, kredit üzrə hesablanacaq faizləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, krediti və kredit üzrə hesablanmış faizləri vaxtında ödəməmişdir. Kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməyən cavabdehin 797.85 manat kredit borcu yaranmışdır. İddianın təmin olunmasını, 732.03 manat əsas borc, 65.82 manat faiz borc, dövlət rüsumu kimi ödənilmiş 30 manat və bank xidmət haqqı olan 0.40 qəpik, ümumilikdə 828.25 manat cavabdehdən pulun alınaraq BOKT “xxxx” QSC ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək izahatında bildirdi ki, həqiqətən də, BOKT “xxxx” QSC xx.xx.2020-ci il tarixli 250-SKY-0241-20 saylı kredit müqaviləsinə əsasən 858 manat məbləğində kredit almış, maddi imkanı olmadığı üçün krediti vaxtında ödəyə bilməmişdir. Kredit borcunun ödəyəcəkdir. Məhkəmə cavabdehi dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş iddiaçı BOKT “xxxx” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 250-SKY-0241-20 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 12 ay müddətinə, 858 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş maliyyə arayışından görünür Cavabdeh banka 797.85 manat kredit borcu vardır. İşə əlavə edilmiş cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddısinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh 732.03 manat əsas borc və 65.82 manat faiz borc, cəmi 797.85 manat kredit borc tutularaq iddiaçı BOKT “xxxx” QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən dövlət rüsumu kimi ödənilmiş 30 manat və bank xidmət haqqı olan 0.40 qəpik pul alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh 732.03 (yeddi yüz otuz iki manat üç qəpik) manat əsas borc və 65.82 (altmış beş manat səksən iki qəpik) manat faiz borc, cəmi 797.85 (yeddi yüz doxsan yeddi manat səksən beş qəpik) manat, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat və bank xidmət haqqı olan 0.40 (qırx) qəpik, ümumilikdə 825.25 (səkkiz yüz iyirmi beş manat iyirmi beş qəpik) manat alınıb iddiaçı BOKT “xxxx” QSC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar