Məhkəmə qərarları › İş №2(051)-277/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-277/2021

09.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-277/2021 09.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzər Həmid qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı: Eminova (Həsənova) Tamilla Məcnun qızının cavabdeh: Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Eminova (Həsənova) Tamilla Məcnun qızı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh xx xxxxxx 2012-ci il təvəllüdlü Röyal, xx xxxxxx 2013-cü il təvəllüdlü Ayxan adlı uşaqlara ödənilən alimentin miqdarının artırılıb hər ay, hər bir uşağa 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Eminova (Həsənova) Tamilla Məcnun qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək, iddianı müdafiə etdiyini, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını və mübahisənin mahiyyəti üzrə həll edilməsini mümkün hesab etmişdir. İddiaçı Eminova (Həsənova) Tamilla Məcnun qızı məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə 2012-ci ilin oktyabr ayının 20-də ailə qurmuş, birgə nikahdan xx xxxxxx 2012-ci ildə Röyal, xx xxxxxx 2013-cü ildə Ayxan adlı uşaqları doğulmuşdur. Aralarındakı nikah məhkəmə qaydasında ləğv edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin qətnaməsinə əsasən cavabdehdən iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay cəmi 260 manat miqdarında aliment tutulması qət edilmişdir. Təyin olunmuş alimentlə uşaqları saxlamaq çətindir. Uşaqların hər ikisi xəstədir. Cavabdeh işləyir, yüksək əmək haqqı alır, eyni zamanda mükafat alır. Lakin buna baxmayaraq, uşaqların kömək göstərmir. Odur ki, xx xxxxxx 2012-ci il təvəllüdlü Röyal, xx xxxxxx 2013-cü il təvəllüdlü Ayxan adlı uşaqlara ödənilən alimentin miqdarının artırılıb hər ay, hər bir uşağa 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat miqdarında aliment tutulması haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbi ilə qismən qəbul etdiyini bildirərək, xx xxxxxx 2012-ci il təvəllüdlü Röyal və xx xxxxxx 2013-cü il təvəllüdlü Ayxan adlı övladlarının saxlanılması üçün hər ay hər uşağa 140 manat aliment ödəməyə razıdır. İddia ərizəsinə əlavə olunmuş doğum haqqında şəhadətnamələrdən görünür ki, xx xxxxxx 2012-ci il təvəllüdlü Eminov Röyal Vüsal oğlu və xx xxxxxx 2013-cü il təvəllüdlü X1 valideynləri Cavabdeh və İddiaçıdır. İşə əlavə olunmuş Şəki Apelyasiya məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(107)-2629/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 2012-ci ildə doğulmuş Eminov Röyal Vüsal oğlunun və xx xxxxxx 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, cəmi 260 manat miqdarında alimentin tutulub Eminova (Həsənova) Tamilla Məcnun qızına verilməsi qət edilmişdir. İşə əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx xxxxxx 2020-ci il tarixdə ləğv edilmişdir. Nikah pozulduqdan sonra qadına Həsənova soyadı verilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb, müqayisəli şəkildə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsidir. Lakin iddia tələbinin həllində başqa hüquq normaları da nəzərdən keçirilməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, alimentin müəyyən olunduğu dövrdən sonra tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşdur. Həmin dövrdən sonra qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılmış Röyal və Ayxan adlı uşaqlar böyüyərək maddi tələbləri artmışdır. Buna görə də alimentin məbləğinin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş qanuni əsaslar vardır. Artırılan alimentin məbləği müəyyən edilərkən nəzərə alınmalıdır ki, iddiaçının maddi vəziyyəti aşağı səviyədədir və o uşaqlarını saxlamaqda çətinlik çəkir. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir. Məhkəmə tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaq üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün iddiaçının himayəsində olan uşaqların alimentinin artırılaraq hər ay, hər uşağa 150 manat olmaqla, cəmi 300 manat miqdarında tutulmasını məqsədəuyğun sayır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 112.1.3 və 119.1-ci maddələrinə əsasən cavabdehdən 30 manat dövlət rüsumu alınıb dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Gədəbəy rayonu Səbətkeçməz kəndində yaşayan Cavabdeh tutulan alimentin məbləği artırılaraq, xx xxxxxx 2012-ci ildə anadan olmuş Eminov Röyal Vüsal oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün 150 (bir yüz əlli) manat, xx xxxxxx 2013-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat müəyyən edilsin və hər ay tutularaq, ünvan 1 ünvanda yaşayan Eminova (Həsənova) Tamilla Məcnun qızına verilsin. Cavabdeh 30 (otuz) manat məbləğdə dövlət rüsumu alınıb dövlət hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Artırılan məbləğdə alimentin tutulmasına qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. HAKİM Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar