Məhkəmə qərarları › İş №2(051)-282/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-282/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-282/2021 26.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, İddiaçı X1 etibarnamə üzrə nümayəndəsi İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul və qızıl-zinət əşyaları tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X1 etibarnamə üzrə nümayəndəsi İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi ev 19, mənzil 4-dən Cavabdeh1 və anası Cavabdeh2 tərəfindən apardıqları Eldənizə məxsus olan 14000 ABŞ dolları, 280000 Rusiya rublu və cehizə aiddiyyatı olmayan 240 qram qızılın qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X1 etibarnamə üzrə nümayəndəsi İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq izahatında bildirdi ki, oğlu Eldəniz Qəribov 2002-ci ildən Rusiya Federasiyası Moskva şəhərində yaşamış və işləmişdir. 2012-ci ildə Mingəçevir şəhərində olarkən təsadüf nəticəsində Cavabdeh1 ilə tanış olmuş və ailə qurmuşdur. Ailə qurduqdan iki gün sonra X3 Hüseynovanı özü ilə vətəndaşı olduğu Rusiya Federasiyası Moskva şəhərinə aparmışdır. Rusiyada olduqları zaman Vüsalə heç bir yerdə işləməmiş və evdar qadın olmuşdur. 2013-cü ildə oğlu E.Qəribov öz adına Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 19 saylı evin, 4 saylı mənzilini almışdır. 2015-ci ilin iyun ayının əvvəllərində Eldəniz və Vüsalə Rusiya Federasiyasından Azərbaycana birlikdə gəlmişlər. Həmin ildə Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 19 saylı evin, 4 saylı mənzildən oğlu Eldənizin 2002-ci ildən Rusiyada qazandığı 14000 ABŞ dolları, 280000 Rusiya rublu və cehizə aiddiyyatı olmayan 240 qram qızıl-zinət əşyaları cavabdehlər tərəfindən aparılmış və geri qaytarılmamışdır. Bu hadisə 06 iyul 2015-ci il tarixdə Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 19 saylı evin, 4 saylı mənzilində baş vermişdir. Lakin sözügedən pul və qızıl-zinət əşyaları hələ də ona qaytarılmamışdır. Ona görə də Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi ev 19, mənzil 4-dən Cavabdeh1 və anası Cavabdeh2 tərəfindən apardıqları Eldənizə məxsus olan 14000 ABŞ dolları, 280000 Rusiya rublu və cehizə aiddiyyatı olmayan 240 qram qızılın qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək verdiyi izahatında bildirdi ki, iddiaçı X2 ilə 2012-ci ildə ailə qurmuş və ailə qurduqdan sonra birlikdə Rusiya Federasiyasına getmişdir. İddiaçı ilə Rusiya Federasiyasında işlədikdən sonra 2013-cü ildə Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 19 saylı evin, 4 saylı mənzilini almışlar. 2015-ci ilin may ayında Azərbaycana gəlmişlər. Gəldikləri zaman onların 14000 ABŞ dolları olmuşdur. Rus pullarını xatırlamır. Mingəçevirə qayıtdıqdan sonra təzə aldıqları mənzildə təmizlik işi aparması üçün bir neçə gün həmin mənzilə köçüb orada yaşaya bilmədilər. Ona görə də dollarları müvəqqəti saxlamaq üçün onun anasına verdilər. Mənzillərini yaşamaq üçün qaydaya saldıqdan sonra anasından həmin pulları götürdülər və evlərinə bəzi məişət əşyaları almaq üçün Gorana getdilər.4000 manata mebel və digər lazımi əşyalar aldılar. Bundan sonra Eldəniz özü ayrı həmin puldan xərcləmiş, eləcə də evdə xərcləmişlər. 7000 ABŞ dolları qalmışdır ki, həmin pulları da öz mənzillərində sandıqda saxlamışdır. Əvvəllər onunla Eldənizin arasında heç vaxt mübahisə olmamışdır. Lakin sonra onun, aldıqları mənzilə qeydiyyata alınmaması ilə bağlı aralarında mübahisə yaranmağa başladı. Eldəniz ondan 7000 ABŞ dolları pulu istədikdə onun öz evlərinə qeydiyyata salınması müqabilində pulları ona verəcəyini bildirmişdir. Eldəniz onu öz evlərinə qeydiyyata saldı, o da 7000 ABŞ dolları pulu Eldənizə verdi. Bundan sonra Eldəniz Rusiyaya getdi. Onda ya birgə nikah müddətində əldə etdikləri, ya da Eldənizə məxsus qızıl-zinət əşyaları olmamışdır. E.Qəribovla münasibətlərinin pisləşməsi səbəbindən aralarında olan nikah 2016-cı ildə məhkəmə qaydasında pozulmuşdur. Eyni zamanda qeyd edilməsini zəruri hesab edir ki, iddiaçı ilə aralarında olan nikahın pozulmasından 5 il keçmişdir. İddiaçı X2 tərəfindən ona qarşı iddia tələbi müəyyən edilmiş 3 illik iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsinə dair qatnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək verdiyi izahatında bildirdi ki, iddiaçı X2 ilə qızı Cavabdeh1 2012-ci ildə ailə qurmuş və ailə qurduqdan sonra birlikdə Rusiya Federasiyasına getmişlər. Eldəniz və Vüsalə Rusiya Federasiyasında işlədikdən sonra 2013-cü ildə Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 19 saylı evin, 4 saylı mənzilini almışlar. 2015-ci ilin may ayında gəlmişlər. EldənizləVüsalə Mingəçevirə qayıtdıqdan sonra öz evlərində yaşamadıqları və saxlamağa yerləri olmadığı üçün dollarla olan pulu saxlamaq üçün ona vermişlər, ancaq indi həmin pulun məbləği yadında deyil. Bir neçə gündən sonra öz mənzillərini hazırlayıb həmin mənzilə köçdülər, pulları da ondan aldılar ki, həm yeni mənzillərinə bəzi əşyalar almağa gedirlər, həm də özlərinə xərclik üçün lazımdır. Bundan sonra həmin pullarla bağlı heç nə bilmir, eləcə də onun tələb olunan qızıl-zinət əşyalarından məlumatı yoxdur. İddianın ona aid hissədə rədd olunmasını xahiş edir. İşə əlavə olunmuş Ağdaş Rayon Məhkəməsinin 2(014)-542/2016 saylı, 24.08.2016-cı il tarixli qətnaməsindən və nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə Qəribova (Hüseynova) Vüsalə Sədirəddin qızı arasında nikah pozulmuş və nikahın pozulması 25.01.2017-ci ildə qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti incumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İddiaçı tələb etdiyi pulların və qızıl-zinət əşyalarının cavabdehlərdə qalmasını, təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədi. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Bundan əlavə iddia tələbindən görünür ki, iddiaçının tələb etdiyi pulları cavabdeh Qəribova (Hüseynova) Vüsalə Sədrəddin qızı ilə birgə nikah müddətində əldə etmişlər. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün, eləcə də Cavabdeh1 aid hissədə iddia müddəti tətdiq edilməli olduğu üçün təmin edilməməlidir. İş materialları ilə iddiaçının iddia müddətinin keçirməsi müəyyən olunmuş və iddiaçı həmin müddətin keçməsini üzrlü hesab edən heç bir sübut təqdim etməmişdir. Cavabdeh1 Sədrəddin qızı ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinə iddia müddəti tətbiq etməklə iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ərarvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001- ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 iyul 2019-cu tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Odur ki, məhkəmə yuxarıda şərh olunan qanunları müqayisəli şəkildə təhlil edərək hesab edir ki, göstərilən iş üzrə iddia Cavabdeh2 münasibətdə əsassız olduğu üçün, Cavabdeh1 münasibətdə isə Kanstitusiya Məhkəməsinin plenumunun qərarları ilə göstərilən maddələrinin şərhi nəzərə alınmaqla iddia müddəti tətbiq edilməli və iş üzrə iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından da görünür ki, Cavabdeh1 ilə Eldəniz Qəribov arasında nikah 2016-cı ildə pozulmuşdur. Eldəniz Qəribov sözügedən iddianı qanunla müəyyən olunmuş müddətdə verməmiş və iddia müddəti keçdikdən sonra vermişdir. Cavabdeh1 isə məhkəməyə ərizə verərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı isə bunu istisna edən heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul və qızıl-zinət əşyaları tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar