Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-284/2021 17.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı qızının və onun nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qızı Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 3860 manat borcun, 10 baş xırda buynuzlu heyvanların naturada, mümkün olmadıqda isə onların dəyəri olan 1491 manat pulun, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdehlə 2 ildi tanışdır. Bir müddət münasibətləri normal olmuşdur. Belə ki, bəzi hallarda cavabdehin gördüyü işlərin sənədləşdirilməsində ona köməklik etmişdir. Ona görə də aralarında işgüzar münasibətlər yaranmışdır. O səbəbdən də cavabdehə inanmışdır. 2019-cu ilin oktyabr ayında cavabdeh tikinti işləri görmək üçün ondan borc pul istəmişdir. O da pulu olduğundan və cavabdehə inandığından ona borc pul vermişdir. Belə ki, o, hissə-hissə olmaqla bir neçə ay müddətində cavabdehə, 1700, 200, 500, 1500 və s. manat məbləğlərdə pul vermişdir. O, cavabdehə 2020-ci ilin yanvar ayına kimi cəmi 6960 manat borc pul vermişdir. Cavabdeh pulu qaytaracağına söz vermiş, lakin verdiyi vaxtdan xeyli müddət keçsə də, borcunu qaytarmamışdır. On agörə də o, cavabdehə irad tutmuşdur. Ondan sonra cavabdeh 2020-ci ilin fevral ayında ona borcundan 2700 manat, sonuncu dəfə isə 400 manat borcundan ona pul qaytarmışdır. Beləliklə, cavabdeh cəmi 3100 manat pul qaytarmışdır. Hazırda cavabdehin ona 3860 manat borcu qalmışdır. Bundan başqa onun 6 baş quzu və 4 baş keçi olmaqla, cəmi 10 baş heyvanları olmuşdur. O həmin heyvanları saxlamaq üçün iş yoldaşı Nizami adlı şəxsin tanışına vermişdir. 2019-cu ilin oktyabr ayında cavabdeh öz həyətində qoyunları saxlamaq üçün yer olduğunu bildirmişdir. Ona görə də o, heyvanları Nizaminin tanışından alıb cavabdehin həyətinə yerləşdirmişdir. Həmin dövrdə Nizami və qardaşı heyvanları gətirib Dilqəmin həyətində Dilqəmə təhvil vermişlər. Bundan sonra Dilqəm heyvanların onun həyətində olduğunu və saxlayacağını bildirmişdir. O, heyvanların saxlanması üçün zəruri olan yemlə təmin edilməsi ilə bağlı cavabdehə bir neçə dəfə təklif etmiş, lakin cavabdeh ehtiyac olmadığını bildirmişdir. Son vaxtlar cavabdeh heyvanları qardaşı Xəyalın tövləsində saxlatdırdığını demişdir. Sonradan Nizami öyrənmişdir ki, heyvanlar Xəyalın deyil, cavabdehin özünün həyətindədir. O, cavabdehdən heyvanların yeri barədə dəqiq məlumat ala bilməmişdir. Hər dəfə bir bəhanə uyduraraq, onu aldatmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzd ur. Cavabdeh onun hesabına varlanmaq niyyətinə düşmüşdür. Halbuki, o, cavabdehə borc verdiyi pulların bir hissəsini tanışlarından özü borc almışıdr. Hazırda o, borcunu qaytara bilmədiyi üçün əlverişsiz vəziyyətə düşmüşdür. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, həmçinin təmsil etdiyi şəxslə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o,məhkəmə iclaslarına gəlməmişdir. Bununla belə cavabdeh iddia ərizəsinə qarşı 17.05.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ayrı-ayrı vaxtlarda 4860 manat borc pul almışdır. Müxtəlif vaxtlarda 1000 manat, 1500 manat, 900 manat, 800 manat və 600 manat qaytarmışdır. Sonra isə iddiaçı ona iş görüb pul qazandığına görə, onun pulunun faizini verməsini bildirmişdir. O isə iddiaçıya həmin pulun ona borc kimi verdiyini və borcunun da tam olaraq geri qaytardığını demişdir. Heyvanlarla bağlı qeyd edir ki, bir gün zavodun qarşısında Səxavət və dostu Gülnarəyə bildirmişdir ki, quzu və keçiləri sabah gəlin aparın. Gülnarə isə ona quzu və keçilərin üçxoza aparmaqlarını demişdir. Onlar razılaşmışlar və səhərisi gün heyvanları onların həyətinə gətirilmişdir. Qardaşı heyvanlara baxdıqda, bildirmişdir ki, bu heyvanlar 7-8 aylıq deyildir. Səhərisi gün Səxavət və Anar adlı şəxs Gülnarəyə bildirmişlər ki, heyvanlar səhv gəlib, həmin heyvanlar Daşkəsəndə dağdadır. Daha sonra onlar gedib heyvanları oradan götürəcəklərini bildirmişlər. Səxavət hazırda Cəzaçəkmə müəssisəsindədir. Qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəməı işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, cavabdehin ərizəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AZ DİN Mingəçevir ŞPŞ-in İstintaq Bölməsinin HK-1/1770 nömrəli Materialında olan Cavabdeh izahatından və həmin toplanmış materiallar əsasında Mingəçevir ŞPŞ-in İstintaq Bölməsinin müstəntiqi tərəfində 26.10.2020-ci il tarixdə verilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh İddiaçı 6.000 manat məbləğində bor pul aldığınıvə həmin puldan 3000 manat məbləğində qaytardığını və 3000 manat borclu qaldığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehə 6960 manat məbləğində pulun borc verilməsini və özünə məxsus 6 baş quzu və 4 baş çəpiş olmaqla, cəmi 10 baş xırda buynuzlu heyvanı cavabdehə saxlamaq üçün verilməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların, cavabdehin etiraz ərizəsinin, habelə AZ DİN Mingəçevir ŞPŞ-in İstintaq Bölməsinin HK-1/1770 nömrəli Materialında olan izahatının tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh xidməti vəzifələrinin əlaqəli şəkildə icrası ilə əlaqədar bir-birini yaxından tanıdıqları üçün onlar arasında işgüzar münasibətlər yaranmışdır. Ona görə də cavabdeh ehtiyacı olduğuna görə iddiaçıdan borc pul istəmiş, iddiaçı isə tanıdığına və aralarında işgüzar münasibət olduğuna görə cavabdehə borc pul vermişdir. Eləcə də iddiaçı saxlamağa yeri olmadığına görə özünə məxsus 6 baş quzu və 4 baş çəpiş olmaqla, cəmi 10 baş xırda buynuzlu heyvanı cavabdehin həyətinə aparmış, cavabdeh isə həmin heyvanları saxlamağı öhdəsinə götürmüşdür. Məhkəmə iclası zamanı bu faktların mövcudluğu hər iki tərəfin təqdim etdiyi sübutlarla öz təsdiqini tapdığından, məhkəmə bu faktları işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Lakin həmin borc pulun məbləği barədə tərəflərin izahatları ziddiyyətli olmuşdur. Belə ki, iddiaçı cavabdehə 6960 manat məbləğində pul verdiyini, həmin puldan cavabdeh 3100 manat qaytardığını, və hazırda cavabdehin ona 3860 manat məbləğində borclu olduğunu iddia etmişdir. Cavabdeh isə iddia ərizəsinə qarşı yazılı etirazında iddianın pul tələbinə aid hissəsini qəbul etməmiş və iddiaçıdan cəmi 4860 manat borc pul aldığını və həmin borcu da hissə-hissə qaytardığını göstərmişdir. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Belə ki, iddiaçı məhkəmə iclası zamanı 6960 manat məbləğində pulu cavabdehə verməsi faktını sübut edə bilməmiş və bu barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh isə iddia ərizəsinə qarşı etiraz ərizəsində iddiaçıdan 4860 manat borc pul aldığını etiraf etmiş, lakin həmin borcu qaytardığınına dair heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, nə də dəfələrlə çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasında iddiaçının bildirdiklərini təkzib etməmişdir. Bununla belə iş məhkəmənin icraataına daxil olmamışdan əvvəl cavabdehin şikayət ərizəsi əsasında Mingəçevir ŞPŞ-də aparılmış araşdırma zamanı izahatında, iddiaçıdan 6.000 manat borc pul aldığını və həmin puldan 3.000 manat qaytardığını, hazırda isə 3.000 manat borcu olduğunu göstərmişdir. Ona görə də məhkəmə borc məbləğini iddiaçının tələb etdiyi həcmdə, yəni 3860 manat məbləğində deyil, yalnız cavabdehin etiraf etdiyi və işin müəyyən edilmiş halları ilə təsdiq olunmuş miqdarda, yəni 3.000 manat məbləğində olmasını işin həqiqi hallarına uyğun hesab edir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, cavabdehin məhkəmə iclasında iştirak etməməsi, prosessual hüququndan irəli gəldiyindən, prosessual qanunvericilik həmin halın onun əleyhinə şərh olunmasını istina edir. Bununla belə işin həqiqi halları o nəticəyə gəlməyə əsas verir ki, cavabdehin könüllü şəkildə məhz iddiaçı ilə qarşılaşmamaq üçün məhkəmə iclasında iştirak etməməsi, onunla iddiaçı arasında yaranmış borc münasibətlərinin həqiqiliyindən və cavabdehin istinad etdiyi dəlillərin iddianın rədd edilməsi üçün yetərli olmamasından irəli gəlmişdir. Halbuki, cavabdeh iddiaçının verdiyi borc pulu ondan tələb etməsinə görə Mingəçevir ŞPŞ-yə iddiaçıdan və digər şəxslərdən şikayət edən zaman yazdığı şikayət ərizəsində 3.000 manat borclu olduğunu etiraf etmişdir. Lakin məhkəməyə ünvanlandığı etiraz ərizəsində isə iddiaçıya borclu olmadığını göstərmişdir. Göründüyü kimi cavabdehin göstərdikləri hallar bir-biri ilə ziddiyyət təşkil etmişdir. Ona görə də cavabdehin həmin hallara aydınlıq gətirməsi zərurəti yaranmışdır. Lakin cavabdeh həmin hallara dair heç bir dəlil təqdim etməmiş, nə də məhkəmə iclasında iştirak etməklə iddiaçının bildiriklərini təkzib etməmişdir. Belə olan halda cavabdehin iddiaçıdan 4860 manat borc pul alması və həmin pulu qaytarmasına dair etiraz ərizəsində göstərdikləri inandırıcı görünmür. İşin müəyyən olunmuş faktiki halları onu deməyə əsas verir ki, cavabdehin heç bir təzyiq və təqib olmadan, Mingəçevir ŞPŞ-yə yazdığı şikayət ərizəsində və izahatında 3.000 manat borclu olmasını etiraf etməsi və həmin borcu qaytarmaq üçün kifayət qədər vəsaiti olmaması ilə bağlı istinad etdiyi dəlillər daha inanadırıcı və ağlabatandır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında həm borc müqaviləsindən, həm də tapşırıq müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.–ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740–cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, iddianın borc tələbinə dair hissəsi iddiaçının tələb etdiyi 3.860 manat məbləğində deyil, məhkəmə iclasında müəyyən edilmiş, yəni 3.000 manat məbləğində təmin edilməlidir. Məhkəmə iddiaçının 6 baş quzu, 4 baş çəpiş olmaqla, cəmi 10 baş xırda buynuzlu heyvanların saxlanılması üçün cavabdehə verməsi ilə bağlı istinad etdiyi hallara əsasən qeyd edir ki, iddiaçı cavabdehə 6 baş quzu, 4 baş çəpiş, cəmi 10 baş heyvanları saxlaması üçün vermişdir. Ona görə də iddiaçı ilə cavabdeh arasında tapşırıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı istinad etdiyi hallara dair məhkəmə iclası zamanı sübutlar təqdim etmiş, cavabdeh tərəf isə həmin halları öz etiraz ərizəsində təkzib etməmişdir. Ona görə də iddiaçı cavabdehlə aralarında mövcud olmuş şifahi tapşırıq müqaviləsi olduğunu və cavabdehin də həmin müqavilədən irəli gələn öhdəliklərini icra etmədiyini iddia etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 329.4-cü maddəsinə əsasən susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Göründüyü kimi sadalanan mülki hüquq normalarında qanunverici, fiziki və hüquqi şəxslərin qanunvericiliyə zidd olmayan müqavilələri azad surətdə bağlamaq hüquqlarının olmasını, sadə yazılı müqavilənin imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilənin isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılmasını müəyyən etmiş, lakin şifahi formada müqavilənin bağlanması anını tərəflərin qarşılıqlı münasibətindən, davranışından və rəftarından asılı etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə tərəflər arasında yazılı və ya notarial qaydada təsdiqlənməli olan müqavilənin bağlanması istisna edilir. Lakin iddiaçı ilə cavabdeh arasında şifahi formada tapşırıq müqaviləsinin şərtlərinə uyğun razılaşmanın olmasını iddiaçı iddia etdiyi, cavabdehin isə təkzib etmədiyi üçün tərəflər arasında şifahi tapşırıq müqaviləsinin bağlanması anı, həmçinin iddia tələbinin tapşırıq müqaviləsinin dispozisiya şərtlərinə uyğun olub-olmaması müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin əsaslı olması üçün ilk növbədə onunla cavabdeh arasında yazılı və ya şifahi formada tapşırıq müqaviləsi olmalı, iddiaçı cavabdehə iddia ərizəsində qeyd etdiyi tapşırıqları verməyi, cavabdeh isə iddiaçının xeyrinə həmin tapşırığı icra etməyi öhdəsinə götürməlidir. Lakin hazırkı vəziyyətdə iddiaçı ilə cavabdehlər arasında yazılı formada tapşırıq müqaviləsi mövcud deyil, şifahi formada olmasını isə cavabdeh tərəf yazılı etirazında etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında mülki hüquq və vəzifələrin yaranmasına əsas olan şifahi formada tapşırıq müqaviləsi bağlandığı üçün tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Ona görə də iddiaçının subyektiv hüququ cavabdeh tərəfindən pozulmuşdur. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsasən hesab edir ki, iddia tələbi tapşırıq müqaviləsinə münasibətdə iddiaçının tələb etdiyi 10 baş heyvanların naturada, mümkün olmadıqda isə onların dəyəri olan 1491 manat məbləğində pulun alınması hissəsi də təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.–cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı qızına 3.000 manat məbləğində borclu olması, həmin borcu qaytarmaması və həyətində saxlamaq üçün ümumi dəyəri 1491 manat olan, 10 baş xırda buynuzlu heyvanları təhvil alması və hazırda həmin heyvanları da qaytarmaması sübuta yetirildiyindən, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən əsaslı hesab edilərək qismən təmin edilməli və Cavabdeh 3000 manat məbləğində pul, 10 baş heyvanlar isə naturada, qətnamə icra olunan vaxt mümkün olmadıqda onları dəyəri olan 1491 manat məbləğində pul alınaraq İddiaçı qızına verilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli, cavabdehdən dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul alınaraq İddiaçı qızına verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində pul, həmçinin 6 baş quzu, 4 baş çəpiş olmaqla, cəmi 10 baş xırdabuynuzlu heyvanlar naturada, qətnamə icra olunan vaxt mövcud olmadıqda isə həmin heyvanların dəyəri olan 1491 (bir min dörd yüz doxsan bir) manat məbləğində pul alınıb İddiaçı qızına verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul alınıb İddiaçı qızına verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-284/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-284/2021
17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver