Məhkəmə qərarları › İş №2(051)-284/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-284/2024

22.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-284/2024 22.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh yetkinlik yaşına çatmayan övladı 27 fevral 2018-ci il təvəllüdlü X1 üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 22 sentyabr 2016-cı i nikahlarını rəsmiləşməklə ailə münasibətlərinə daxil olmuşlar və bu nikahdan 27 fevral 2018-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. 25 oktyabr 2019-cu ildə Mingəçevir şəhər Məhkəməsi 2(051)-1621/2021 saylı qətnaməsinə əsasən Cavabdeh ilə aralarında olan nikah pozulmuş və övladları X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq ona verilməsi qət edilmişdir. X2 5 (beş) yaşı var. Hal-hazıra cavabdeh 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment ödənişi edir. Mingəçevir şəhər Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş 120 (bir yüz iyirmi) manat sabit aliment məbləği uşağın heç bir təlabatının ödənilməsinə yetmir. Uşaq məktəbə qədər hazırlıq kurslarına gedir və bütün bunlara görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmıyanlar üçün yaşayış minimumu da artırılmış və 2023-cü ildən hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Uşağın bütün qayğısını çəkməyə və ehtiyaclarını özü ödəməyə məcburdur. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də artan maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də görə o, "aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməyərək bildirdi ki, hal-hazırda səhhəti ilə bağlı hər bir işdə işləyə bilmir. Reabilitasiya mərkəzində müalicə alır. Əlillik dərəcəsi dəyişdirilmiş, İİİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Buna baxmayaraq, alimenti yəni 120 manatı hər bir gecikmə olmadan vaxtında və tam şəkildə ödəyir. İddia ərizəsini əsasız olduğunu düşünür. Ünvanlı sosial yardım almır və heç bir gəlir yeri yoxdur. Ailəlidir, səhhətində problem olan övladı var. Valideynlərin köməyi ilə kirayədə yaşayır. Bütün bunları nəzərə alaraq məhkəmədən deyilənləri nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X7 adlı uşağın atası Cavabdeh və anası İddiaçıdır. İşə əlavə olunmuş xx.xx.2010-cu il tarixi № 2214 xəstəlik haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikasını müdafiəsi zamanı hərbi travma almışdır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X6 adlı uşağın atası Cavabdeh və anası X3r. Azemis İnformasiya sisteminə verilmiş sorğuya əsasən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqiliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar – 3 qrup əlildir və 480 manat pensiya alır. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1354/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(051)-1526/2018 saylı qətnaməsi ilə təyin olunmuş aliment miqdarı artırılaraq xx.xx.2018-ci il təvəllüdlü X7 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 (bir yüz iyirmi) manat məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin müəliəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Məhkəmə, uşağın mənafeyini nəzərə alaraq, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iddiaçının tələb etdiyi məbləğdə aliment ödənilməsi üçün cavabdehin kifayət qədər gəlirə malik olmasını müəyyən edən hər hansı mötəbər sübutu iddiaçı məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1354/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilərək Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X4 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd etmək lazımdır ki, alimentin məbləği artırıldığı halda, miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2018-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1354/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləği həddində müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Məhkəmənin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar