Məhkəmə qərarları › İş №2(051)-293/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-293/2022

17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-293/2022 17.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi və Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, iddiaçı "xxxx" X1 Qeyri Bank Kredit Təşkilatının cavabdehlər: Cavabdeh1, Cavabdeh2 qarşı «Borc» tələbinə dair kiçik iddiaya dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" X1 Qeyri Bank Kredit Təşkilatının nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 1289.00 manat məbləğdə əsas borc, 231 manat məbləğdə faiz borcu, 91.36 məbləğdə cərimə borcu olmaqla, cəmi 1611.36 manat məbləğdə borcunun və dövlət rüsumu kimi ödənilmiş 36.11 manat pulun tutularaq "xxxx" X1 Qeyri Bank Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə 07 dekabr 2021-ci il tarixdə daxil olmuş və cavadehlərə ərizənin daxil olduğu gündən 5 gün müddətində verilmiş tələbə qarşı etirazının və bunu təsdiq edən sübutlarının təqdim olunması barədə bildiriş göndərilmişdir. Lakin cavabdehlər verilmiş tələbə heç bir münasibət bildirməmişlər. Buna görə məhkəmə Azərbaycan Respublikasının MPM-nin 284-5.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. "xxxx" X1 Qeyri Bank Kredit Təşkilatının etibarnamə üzrə nümayəndəsi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 "xxxx" X1 Qeyri Bank Kredit Təşkilatının ilə arasında bağlanmış 21.01.2020-ci il tarixli, № **********0112 kredit müqaviləsinə əsasən kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 34 faiz dərəcəsi ilə 18 ay müddətinə 1600 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatının üsulu kimi Cavabdeh2 həmin tarixdə zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin cavabdehlər müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduqları kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, banka ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmamış və onların banka Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1289.00 manat məbləğdə əsas borc, 231 manat məbləğdə faiz borc və 91.36 manat cərimə olmaqla, cəmi 1611.36 manat və dövlət rüsumu kimi ödənilmiş 36.11 manat pulun tutularaq "xxxx" X1 Qeyri Bank Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə əlavə edilmiş iddiaçı "xxxx" X1 Qeyri Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 21.01.2020-ci il tarixli, **********0112 №li kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 18 ay müddətinə, 34 faiz dərəcəsi ilə 1600 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan "xxxx" X1 Qeyri Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 21.01.2020ci il tarixli **********0***-******* zaminlik müqaviləsindən görünür ki, cavabdeh zamin kimi kredit müqaviləsinin kredit alan tərəfdən tam yerinə yetirilməməsi halda məsuliyyəti öz üzərinə götürmüşdür. İşə əlavə edilmiş kassa məxaric orderin surətindən görünür ki, Cavabdeh1 "xxxx" X1 Qeyri Bank Kredit Təşkilatından 21.01.2020-ci ildə 1600 manat məbləğində kredit götürmüşdür. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 1289.00 manat əsas borc, 231 manat faiz borc və 91.36 manat cərimə olmaqla, cəmi 1611.36 manat kredit borcu mövcuddur. İşə əlavə edilmiş cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit və zaminliklə bağlı yaranan mülki hüquq münasibətləridir. Məhkəmə işin hallarına qanunvericiliyin kredit və zaminliyə aid müddəalarına, tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələri iddia tələbi üzrə cavabdehlərin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan hüquq normalarına əsasən, iddiaçının borcalana qarşı borcun ödənilməsi tələbi əsaslıdır. İddianın zamindən borcun ödənilməsi tələbi də əsaslıdır. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsində zaminlik müqaviləsinə verilən tərifə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zamin borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 36.11 manat məbləğdə pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 284.1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1289.00 manat məbləğdə əsas borc, 231 manat məbləğdə faiz borc və 91.36 manat cərimə olmaqla, cəmi 1611.36 manat məbləğdə borc alınıb "xxxx" X2 Bank Kredit Təşkilatına verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 36.11 manat pul cavabdehlərdən tutulub "xxxx" X1 Qeyri Bank Kredit Təşkilatına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar