Məhkəmə qərarları › İş №2(051)-3/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-3/2022

27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-3/2022 27.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcun tutulması tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 30 iyul 2013-cü il tarixli Qiyabi qətnaməsi ilə iddia təmin olunmuş, sonra cavabdehin qiyabi qətnamənin ləğvinə dair ərizəsinə baxılaraq məhkəmənin 19 noyabr 2021-ci il tarixli qətnaməsi ilə qiyabi qətnamə ləğv olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-ə məlumat verilmiş, nümayəndəsi məhkəməyə gəlməmiş, ancaq etibarnamə üzrə nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək məhkəmə iclasını onun iştirakı olmadan keçirib iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin məhkəməyə göndərdiyi iddia ərizəsində göstərilmişdir ki, 29.01.2007-ci il tarixli 7282 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-nin Əməliyyat idarəsi filialından illik 25 faizlə 12 ay müddətinə plastik kartla istehlak məqsədilə 2000 ABŞ dolları məbləğində borc almışdır. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 29.01.2007-ci il tarixli kredit müqaviləsinin 2.5.2-ci bəndinə əsasən kredit verilərkən verilmiş ödəniş cədvəli üzrə borclu öhdəliklərini vaxtnda icra etməsə borc vaxtı keçmiş kreditə aid edilir və ona ikiqat faiz hesablanaraq borcludan tələb edilir. Cavabdeh banka 2007-ci il 29 yanvar tarixli kredit müqaviləsi üzrə 1981.94 ABŞ dolları əsas borc, 1466.01 ABŞ dolları faiz borcu, 2561.38 ABŞ dolları cərimə olmaqla, cəmi 6009.33 ABŞ dolları kredit borcu vardır. 1981.94 ABŞ dolları əsas borc, 1466.01 ABŞ dolları faiz borcu, 2561.38 ABŞ dolları cərimə olmaqla, cəmi 6009.33 ABŞ dolları milli manat ekvivalentində və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutulub bankın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə baxışı iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 izahatında bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 29.01.2007-ci il tarixli 7282 saylı kredit müqaviləsi əsasında Cavabdeh illik 25% hesablamaq şərtilə 12 ay müddətinə 2000 ABŞ dolları məbləğində kredit almışdır. Maddi imkanı olmadığına görə Cavabdeh kredit borcunu qaytara bilməmişdir. İş üzrə ekspertiza rəyi ilə razıdır. Ancaq maddi imkanları olmamasını nəzərə alaraq cərimə borcun azaldılmasını xahiş edir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 29.01.2007-ci il tarixli 7282 saylı kredit xətti müqaviləsindən görünür ki, bank cavabdehə 25 faizlə, 12 ay müddətinə plastik kartdan istifadə etməklə 2000 ABŞ dolları məbləğində kredit limiti ayırmağı, cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh banka 1981.94 ABŞ dolları əsas borc, 1466.01 ABŞ dolları faiz borcu, 2561.38 ABŞ dolları cərimə olmaqla, cəmi 6009.33 ABŞ dolları kredit borcu vardır. İşə əlavə edilmiş cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. İşə əlavə edilmiş 04.03.2022-ci il tarixli 9/113 saylı ekspert rəyindən görünür ki, Cavabdeh İddiaçı ASC-yə olan borcu, əsas borc 1982.28 ABŞ dolları, faiz borc üzrə 1488.23 ABŞ dolları, cəmi 3470.51 ABŞ dolları müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişdir. Eləcə də iddia müddətinin tətbiqi üçün qanuni əsas yoxdur. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirələn, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Müqavilənin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı cavabdehə 04.03.2022-ci il tarixli 9/113 saylı kredit müqaviləsi üzrə 2561.38 ABŞ dolları cərimə hesablanmışdır. Lakin məhkəmə hesab edir ki, borcluya hesablanmış cərimənin məbləği yüksəkdir və azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. (§71) Borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır” Cərimənin tənasübsüzlüyü qənaətinə gələrkən məhkəmə, borcalanın maddi imkanını nəzərə alır. Ona görə də məhkəmə iddianın cərimənin alınması hissəsində 250 ABŞ dolları məbləğində təmin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 1981.94 ABŞ dolları əsas borc, 1466.01 ABŞ dolları faiz borcu, 250 ABŞ dolları cərimə olmaqla, cəmi 3697.95 ABŞ dolları qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə tutularaq iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 30 manat cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. İş üzrə ekspertiza xərci olan 50 manat Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216– 220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh 1981.94 (bir min doqquz yüz səksən bir dollar doxsan dörd sent) ABŞ dolları əsas borc, 1466.01 (bir min dörd yüz altmış altı dollar bir sent) ABŞ dolları faiz borcu, 250 (iki yüz əlli) ABŞ dolları cərimə olmaqla, cəmi 3697.95 (üç min altı yüz doxsan yeddi dollar doxsan beş sent) ABŞ dolları kredit borcu qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat alınıb iddiaçı Ləğv Prosesində olan İddiaçı ASCyə ödənilsin. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat Cavabdeh tutulub aşağıdakı rekvizitlər üzrə dövlət büdcəsinə keçirilsin: Büdcə təsnifatının kodu: 142595 Büdcə səviyyəsinin kodu 3 Ekspertiza xərci SAP (XİİS) hesabı Adı Dövlət Xəzinədarlığı Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** HESAB AZ34CTRE******************** Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar