Məhkəmə qərarları › İş №2(051)-300/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-300/2024

28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-300/2024 28.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin məhkəmə qaydasında tanınması və pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin məhkəmə qaydasında tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2718/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə 2(051)-2717/2023, 2(051)-2718/2023 saylı mülki işlər bir icraatda birləşdirilmişdir. İddiaçı məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, Cavabdeh özünə məxsus xx.xx.2021-ci il tarixdə torpaq sahəsini satmaq üçün onlara gəlmişdir. Aralarında razılaşmaya əsasən o, 1500 manat pul ona vermişdir. Sonra Cavabdeh ona zəng edərək, hazırda şəhərdə olmadığını və 500 manat pul tanışı Eldara verilməsini bildirmişdir. O da 500 manat pulu Eldara vermişdir. Sonra Eldar adlı şəxs bildi ki, Cavabdeh torpaq sahəsini ona satmış və ona görə də sahə polisinə şikayət etmişdir. Eldar adlı şəxs bildirdi ki, Cavabdeh sözügedən torpaq sahəsini ona satmışdır. Bundan başqa cavabdehə həmin torpaq müqabilində hər birinin dəyəri 250 manat olan 2 baş quzu vermişdir. Lakin cavabdeh hazırda cəmi 2500 manat məbləğdə borcu qaytarmaqdan imtina edir. O, dəfələrlə cavabdehdən borcunu qaytarmağını tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınır. Odur ki, məhkəmədən iddia ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, o, həqiqətən də İddiaçı 1500 manat pul almışdır. Belə ki, özünə məxsus olmayan torpağın alqı-satqısı üçün pul almış, lakin sənədləri düzəldə bilmədiyi üçün həmin torpağı sata bilməmişdir. Sözügedən torpaq sahəsini xx.xx.2021-ci ildən istifadəsi üçün iddiaçıya vermiş və həmin tarixdən iddiaçı torpağı istifadə edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İşin müəyyən olunmuş halları Tərəflər arasında torpağın alğı-satqısına dair şifahi razılaşma olmuşdur. Cavabdeh özünə məxsus olmayan torpaq sahəsini müəyyən haqq miqdarında iddiaçıya vermişdir. Daha sonra cavabdeh torpağın sənədlərini düzəldə bilmədiyindən, torpaq sahəsinin başqasına məxsus olduğundan iddiaçıdan torpaqdan çıxmasını istəmişdir. İddiaçı onunla cavabdeh arasında torpağın alğı-satqısına dair şifahi müqavilənin məhkəmə qaydasında tanınmasını və cavabdehdən 2500 manat pulun alınıb ona verilməsini istəyir. Cavabdeh bildirir ki, tərəflər arasında iddiaçının qeyd etdiyi kimi torpağın alğı-satqısına dair şifahi razılıq olmuşdur. O, torpaq sahəsini iddiaçıya vermiş, iddiaçı əvəzində ona 1500 manat pul ödəmişdir. Daha sonra torpağı sənədləşdirə bilməmişdir. Torpaq başqa şəxsə məxsusdur. Cavabdeh bildirir ki, iddiaçı da həmin pulun müqabilində 2021-ci ildən torpaq sahəsindən istifadə edir, gəlir götürür. Tətbiq edilən hüquq Mülki Məcəllə 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1 və 1092.1.1-ci maddələrinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. Mülki Prosessual Məcəllə 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək aşağıdakı nəticəyə gəlir. Tərəflər arasında daşınmaz əmlaka dair qanunun tələbinə uyğun müqavilə bağlanmamışdır. Qanunvericilikdə tərəflər arasında notariat qaydada təsdiq edilməmiş daşınmaz əmlakın alğı-satqısına dair müqavilənin məhkəmə qaydasında təsdiq edilməsinə aid norma nəzərdə tutulmamışdır. Cavabdeh özünə məxsus olmayan daşınmaz əmlakı iddiaçıya satması barədə razılaşmışdır. Bunun müqabilində özünün etiraf etdiyi kimi iddiaçıdan 1500 manat pul almışdır. Belə olan halda cavabdehin iddiaçıdan əsassız olaraq aldığı 1500 manat pul iddiaçıya geri qaytarmalıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə əlavə olaraq 1000 manat pul verdiyini yalnız formal mülahizələrlə birdirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən əsaslı olduğundan, qismən təmin edilməli və cavabdehdən 1500 (bir min beş yüz) manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Qalan hissədə iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar