Məhkəmə qərarları › İş №2(051)-337/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-337/2020

24.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-337/2020 24.07.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı «xxxxxxx» KB ASC-nin nümayəndəsi x1, Cavabdeh iştirakı ilə, iddiaçı «xxxxxxx» KB ASC-nin Cavabdeh qarşı kredit borcun ödənilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı «xxxxxxx» KB ASC Cavabdeh qarşı 426.50 ABŞ dolları məbləğində əsas kredit borcu 55.07 ABŞ dolları məbləğində faiz borcu, 113.13 ABŞ dolları olmaqla, cəmi 594.70 ABŞ dolları kredit borcun və dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi x1 iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə verərək izahatında bildirdi ki, iddiaçı “xxxxxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi əsasında cavabdehə illik 29 faiz hesablamaq şərtilə 12 ay müddətinə 800 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməmişdir. Cavabdeh banka kredit müqaviləsi üzrə 384.49 ABŞ dolları əsas borc 55.02 ABŞ dolları faiz borc və 85.39 ABŞ dolları cərimə olmaqla, cəmi 524.90 ABŞ dolları borcu vardır. Həmin borcun və dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun cavabdehdən tutulub iddiaçı «xxxxxxx» KB ASC-yə ödənilməsi barədə qətnamə qəbul olunması xahiş edilir. İddiaçının nümayəndəsi, həmçinin, izahatında bildirdi ki, ekspertizanın rəyində göstərilir ki, ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borcun hesablanma tarixi xx.xx.2015-ci il tarixə göstərildiyindən, həmin tarixdən sonra ödənilmiş 69.80 ABŞ dolları nəzərə alınmadı. Ancaq iddia tələbinin həcminin azaldılması barədə ərizə verən zaman ödənilmiş 69.80 ABŞ dolları nəzərə alınmışdır. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən “xxxxxxx” KB ASC-dən 800 ABŞ dollarıməbləğində kredit götürmüşdür. Ancaq o, kredit borcunu ödəmişdir. Hətta ona 319.75 manat kompensasiya hesablanmış, lakin həmin kompensasiya da ona verilməyərək, guya borcuna çıxılmışdır. Onun kredit borcu qalmamışdır. İddia əsassız olduğuna görə rədd olunmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş iddiaçı «xxxxxxx» KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 12 ay müddətinə, illik 29 faiz hesablamaqla, 800 ABŞ dolları məbləğində kredit verməyi, cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş kassa məxaric orderindən görünür ki, Cavabdeh «xxxxxxx» KB ASC-dən xx.xx.2014-cü ildə 800 ABŞ dolları məbləğində kredit götürmüşdür. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh banka 384.49 ABŞ dolları əsas borc, 55.02 ABŞ dolları faiz borcu və 85.39 ABŞ dolları cərimə olmaqla, cəmi 524.90 ABŞ dolları kredit borcu vardır. İşə əlavə edilmiş cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli 9/936 saylı məhkəmə-mühasibatlıq ekspertizası rəyindən görünür ki, Cavabdeh iddiaçı “xxxxxxx” KB ASC-yə olan borcu, əsas borc 425.62 ABŞ dolları, faiz borc 62.74 ABŞ dolları, cəmi 488.36 ABŞ dolları müəyyən edilir. Cərimə borcu hesablanmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliklərini qanunla müəyyən edilmiş ümumi tələblərə riayət etməmiş, tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişdir. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirələn, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Müqavilənin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı cavabdehə 85.39 ABŞ dolları məbləğində cərimə hesablamışdır. Lakin məhkəmə hesab edir ki, cavabdehə hesablanmış cərimənin məbləği azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx xxxx 2009-cu il tarixli qərarında da göstərmişdir ki, “MM-nin 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə xx xxxx 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. (§71) Borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır” İş materiallarından göründüyü kimi iddiaçı cavabdehə 85.39 ABŞ dolları məbləğində cərimə hesablamışdır. Cərimənin tənasübsüzlüyü qənaətinə gələrkən məhkəmə, cavabdehin maddi imkanını nəzərə alır. Ona görə də məhkəmə iddianın cərimənin alınması hissəsində 8 ABŞ dolları məbləğində təmin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək, ekspertizanın rəyini sübut kimi qəbul edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, 384.49 ABŞ dolları əsas borc, 55.02 ABŞ dolları faiz borcu və 8 ABŞ dolları cərimə olmaqla, cəmi 447.51 ABŞ dolları kredit borcu qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə cavabdehdən alınıb iddiaçı «xxxxxxx» KB ASC-yə verilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 №li, xx xxxxxx 2005-ci il tarixli qərarına əsasən əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən dövlət rüsumu kimi ödənilmiş 20 manat alınıb iddiaçıya və dövlət rüsumunun ödənilməmiş hissəsi olan 10 (on) manat isə alınıb dövlət büdcəsinə ödənilməlidir. İş üzrə ekspertiza xərci olan 145 manat cavabdehdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi : İddia qismən təmin olunsun. Cavabdeh 384.49 (üç yüz səksən dörd dollar qırx doqquz sent) ABŞ dolları əsas borc, 55.02 (əlli beş dollar iki sent) ABŞ dolları faiz borcu və 8 (səkkiz) ABŞ dolları cərimə olmaqla, cəmi 447.51 (dörd yüz qırx yeddi dollar əlli bir sent) ABŞ dolları kredit borcu qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat alınıb iddiaçı «xxxxxxx» KB ASC-yə verilsin. Dövlət rüsumundan ödənilməmiş 10 (on) manat cavabdehdən alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə ekspertiza xərci olan 145 (bir yüz qırx beş) manat Cavabdeh tutulub aşağıdakı rekvizitlər üzrə dövlət büdcəsinə keçirilsin: Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu 3 Ekspertiza xərci SAP (XİİS) hesabı Adı Dövlət Xəzinədarlığı Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000003944 SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** HESAB AZ34CTRE**********00088501 Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar