Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-338/2023 23.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 1535 manat məbləğində pulun və ödənilmiş 34 manat dövlət rüsumunun alınaraq ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh ilə Bank Olmayan Kredit X5 AzərKredit MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli LD 15072/00454 saylı kredit müqaviləsi üzrə ona zamin olmuşdur. Bundan sonra Cavabdeh yaşayış və iş yerlərini tez-tez dəyişməklə həmin krediti ödəməkdən qəsdən yayınmış və 1000 ABŞ dolları kredit borcu faizlə birgə milli valyuta hesabı ilə 1280 manat olmaqla tam şəkildə onun tərəfindən BOKT “ Vijn Fond AzərKredit “ MMC-yə ödənilmişdir. O, dəfələrlə borclu Cavabdeh, onun əvəzinə banka ödədiyi 1280 manat pulun ona ödəməsini tələb etsə də, o, müxtəlif bəhanələrlə həmin məbləğdə pulu bu günə qədər ona qəsdən ödəməmişdir. Həmçinin o, cavabdehin arvadına 300 manat məbləğində borc pul vermişdir. Ona görə də hesab edir ki, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı “ Vijn Fond AzərKredit “ MMC-yə olan borcuna görə həmin banka ödədiyi 1280 manat, cavabdehin arvadına borc olaraq verdiyi 300 manat və iddia ərizəsi üzrə ödədiyi 34 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1569 manat pul Cavabdeh məhkəmə qaydasında tutularaq ona verilməlidir. O, bir neçə dəfə borcun onun tərəfindən ödənilməsi barədə arayışın verilməsi ilə bağlı BOKT “ Vijn Fond AzərKredit “ MMC-yə müraciət etsə də, ona arayış verilməsindən imtina edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iştirak etdiyi məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qismən qəbul etmiş və izahat verərək bildirmişdir ki, BOKT Vijn Fond Azkredit MMC ilə onun arasında bağlanmış xx.xx.2015-ci il tarixli LD/15072/00454 saylı kredit müqaviləsinə əsasən onun banka 1280 manat məbləğində borcu qalmışdır. Həmin borcdan isə heç bir ödəniş etməmişdir. Həmin məbləğdə borc iddiaçı tərəfindən ödənilmişdir. Bundan əlavə o, iddiaçının onun arvadına 300 manat məbləğində borc verməsi ilə bağlı tələbini qəbul etmir. Belə ki, onun arvadı iddiaçıdan borc pul almamışdır. Eləcə də, onun arvadının iddiaçıdan bor alması ilə bağlı heç bir mötəbər sübut yoxdur. Hesab edir ki, iddiaçının tələbi qismən əsaslıdır. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Milliön elektron ödəmə sistemi vasitəsi ilə 925 manat məbləğində ödəniş edilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli LD/15072/00454 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı Bank Olmayan Kredit X5 AzərKredit MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli LD/15072/00454 nömrəli kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. İşdə olan X3 Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli 09 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2016-xx.xx.2016-cı il tarixlərdə əmək haqqından 130 manat məbləğində kredit borcu tutularaq icra bölməsinə ödənilmişdir. xx.xx.2016-cı il tarixdə isə 30 manat məbləğində dövlət rüsumu tutularaq Vijn Fond AzərKreditin hesabına ödənilmişdir. İşdə olan BOKT Azkredit ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, LD/15072/00454 saylı kredit müqaviləsi üzrə ödənişlər milliön ödəniş terminalı vasitəsi ilə kredit alanın Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 537/2016 saylı xx.xx.2016-cı il tarixli qətnamə üzrə borcundan silinmişdir. Həmin milliön ödəniş terminalı vasitəsi ilə edilmiş ödənişlərin kim tərəfindən ödənildiyi müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iş materiallarına əlavə edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Bank Olmayan Kredit X5 AzərKredit MMC ilə cavabdeh X1 arasında xx.xx.2015-ci il tarixli LD 15072/00454 saylı kredit müqaviləsi bağlanmışdır. Həmçinin cavabdehin öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə iddiaçı ilə zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklər tam şəkildə ödənilmədiyindən, bank tərəfindən məhkəməyə müraciət edilmiş və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(051)-537/2016 saylı qətnaməsi ilə Cavabdeh və İddiaçı müştərək qaydada 1022 ABŞ dolları əsas borcun və 30 manat dövlət rüsumunun alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Qeyd edilən icra sənədi üzrə borclar iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə iclası zamanı hər iki tərəf bu faktların mövcudluğu etiraf etdiyindən, məhkəmə bu faktları işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Lakin iddiaçı tərəfindən ödənilən kredit borcunun məbləği barədə tərəflərin izahatları ziddiyətli olmuşdur. Belə ki, iddiaçı zamin olaraq cavabdehin əvəzinə kredit ödənişi etdiyini və cavabdehin arvadına 300 manat məbləğində borc pul verdiyini bildirərək ümumilikdə 1535 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsini tələb edir. Cavabdeh isə iddiaçı tərəfindən onun əvəzinə kredit ödənişi etdiyini, lakin arvadına 300 manat məbləğində borc pul vermədiyini bildirərək iddianı qismən qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri müqavilədən yaranan öhdəlik hüquq münasibətləri ilə bağlı mübahisədir. Ona görə də mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilədən əmələ gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi mülki hüquq normaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2–ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə işin müəyyən edilmiş hallarına tətbiq edilməli hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, Cavabdeh banka olan 1280 manat kredit borcu iddiaçı tərəfindən ödənilmişdir. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçıya olan borcunu ödəməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı reqres qaydada tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Məhkəmə iddiaçıya reqress qaydada ödənilməli olan pul vəsaitinin məbləği ilə bağlı hesab edir ki, iddiaçının tələb etdiyi və şəxsən ödədiyi 1280 manat hissəsi əsaslıdır. Belə ki, iş materiallarında olan X3 Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli 09 saylı məktubundan göründüyü kimi cavabdehin bank qarşısında olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə İddiaçı xx.xx.2016-xx.xx.2016-cı il tarixlərdə əmək haqqından 130 manat məbləğində kredit borcu tutularaq icra bölməsinə ödənilmişdir. xx.xx.2016-cı il tarixdə isə 30 manat məbləğində dövlət rüsumu tutularaq Vijn Fond AzərKreditin hesabına ödənilmişdir. Eləcə də xx.xx.2022-ci il tarixdə qəbz əsasında cavabdehin əvəzinə 925 manat ödəniş etmişdir. Ondan başqa iddiaçı qalan məbləğləri milliön ödəniş terminalı vasitəsi ilə etmişdir. Bu hal məhkəmə iclası zamanı cavabdeh tərəfindən etiraf edilmiş, həmçinin icra sənədi üzrə tələbkar olan kredit təşkilatı tərəfindən məhkəməyə ünvanlanmış arayışda da öz təsdiqini tapmışdır. Bununla belə iddianın 300 manat hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı onun tərəfindən cavabdehin özünə və yaxud arvadına 300 manat borc verməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə iddiaçının həmin hallarla bağlı bildirdiklərini iş üzrə sübut növü kimi qəbul etmir və nəzərə almır. Belə ki, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırkı mübahisə üzrə iddiaçının tərəfindən ödənilmiş cəmi 1535 manat məbləğində pulun məhz xx.xx.2016-cı il tarixli 2(051)- 537/2016 saylı icra sənədi üzrə ödənilməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehlə bank arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış borcun bir qisminin iddiaçı tərəfindən ödənilməsi, habelə cavabdehin həmin pulu qaytarmaması sübuta yetirildiyindən, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən əsaslı olduğundan, qismən təmin edilməli və cavabdehdən 1280 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin arvadına 300 manat məbləğində borc pul verdiyini yalnız formal mülahizələrlə birdirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehə aid edilməli və cavabdehdən 32.80 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1280 (min iki yüz səksən) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32.80 (otuz iki manat səksən qəpik) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-338/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-338/2023
23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver