Məhkəmə qərarları › İş №2(051)-356/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-356/2022

15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-356/2022 15.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22.01.2020-ci il tarixli, 20053535 №li müqaviləyə əsasən cavabdeh İMEİ kodu **********88851 olan “Huawei” P30 Lite markalı telefon almışdır. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, iddiaçının xəbərdarlıqlarına baxmayaraq borcunu ödəməmişdir. Nəticədə İMEİ kodu **********88851 olan “Huawei” P30 Lite markalı telefon üçün 262 manat əsas borc, 26 cərimə olmaqla cəmi 288 manat borcu qalmışdır. Həmin borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş, məhkəməyə teleqram göndərərək iddianı qəbul etdiyi və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22.01.2020-ci il tarixli, 20053535 №li müqavilədən görünür ki, İddiaçı MMC Cavabdeh İMEİ kodu **********88851 olan “Huawei” P30 Lite markalı telefonu verməyi, Cavabdeh isə əşyanın qiymətini ödəniş cədvəlinə uyğun ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh iddiaçıdan aldığıəşyanın qiymətini 12 ay müddətinə, hər ay 57 manat olmaqla ödəməlidir. İşdə olan 22.01.2020-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********88851 olan “Huawei” P30 Lite markalı telefonu iddiaçıdan təhvil almışdır. İşə əlavə edilmiş cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsində göstərilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materialları ilə müəyyən edilir ki, aralarında bağlanmış 22.01.2020-ci il tarixli, 20053535 №li müqaviləyə əsasən iddiaçı qiymətini hissə-hissə ödəmək şərti ilə cavabdehə İMEİ kodu **********88851 olan “Huawei” P30 Lite markalı telefonu vermişdir. Lakin cavabdeh müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, cavabdehdən 262 manat əsas borc və 26 manat cərimə olmaqla, cəmi 288 manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh 262 (iki yüz altmış iki) manat əsas borc və 26 (iyirmi altı) manat, cəmi 288 (iki yüz səksən səkkiz) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat cərimə pul alınıb iddiaçı "xxxx" MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar