Məhkəmə qərarları › İş №2(051)-358/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-358/2021

20.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-358/2021 20.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı 1085 manat maddi ziyan, 460 manat ödənilməyən icarə haqqı, ona hesablanmış cərimə (10%) 22080 manat və 30 manat dövlət rüsumu tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tərəf iddia tələbini belə əsaslandırmışdır ki, tərəflər arasında 05.09.2020-ci il tarixdə 12 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “xxxx” MMC “VAZ 21214” markalı **-OK-*** qeydiyyat nömrəli avtomobili Cavabdeh 5 günlük icarəyə vermişdir. Avtomobili 05.09.2020-ci il tarixli təhvil təslim aktına əsasən tam saz vəziyyətdə Cavabdeh Baram oğluna təhvil verilmişdir. 26.09.2020-ci il tarixdə Cavabdeh avto qəza törədərək avtomobilə maddi zərər vermişdir. Dəfələrlə dəymiş zərərin ödənilməsi üçün müraciət edilsə də, müxtəlif bəhanələrlə bundan boyun qaçırmışdır. “xxxx” MMC tərəfindən verilmiş 01.10.2020-ci il tarixli ekspert rəyinə əsasən avtomobilə 1085 manat zərər dəymişdir. Ona görə də Cavabdeh 1085 manat maddi ziyan, 460 manat ödənilməyən icarə haqqı, ona hesablanmış cərimə (10%) 22080 manat və 30 manat dövlət rüsumu tutularaq “xxxx” MMC-yə ödənilməsi haqda qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı tərəf məhkəməyə 19 may 2021-ci il tarixdə ərizə ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri, ekspert rəyini və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan 261377 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ 21214” markalı **-OK-*** qeydiyyat nömrəli avtomobil alqı-satqı müqaviləsi əsasında 21.05.2018-ci il tarixdə Səfərov Rəşad Əliqiyas oğlunun adına qeydiyyata alınmışdır. İşdə olan 20.05.2020-ci il tarixli etibarnamədən görünür ki, Səfərov Rəşad Əliqiyas oğlunun adından onun verdiyi etibarnamə əsasında hərəkət edən nümayəndəsi X1 Rəşad Əliqiyas oğlunun adına qeydiyyata alınmış VAZ 21214” markalı **-OK-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsindən 1 il müddətə müvəqqəti istifadə etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi “xxxx” MMC-yə etibar etmişdir. İşdə olan 05.09.2020-ci il tarixli 12 nömrəli icarə müqaviləsindən görünür ki, “xxxx” MMC ilə Cavabdeh arasında icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən “xxxx” MMC “VAZ 21214” markalı **-OK-*** qeydiyyat nömrəli avtomobili 05.09.2020-ci il tarixdən 23.09.2020-ci il tarixədək 460 manat icarə haqqı ödəməklə Cavabdeh icarəyə vermişdir. İşdə olan “xxxx” MMC nin 05.09.2020-ci il tarixli icarəyə verilən avtomobilin texniki vəziyyəti və təhvil-təslimi haqqında aktdan görünür ki, “VAZ 21214” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomaşın tam saz vəziyyətdə Cavabdeh verilmişdir. İşdə olan “xxxx” MMC tərəfindən verilmiş rəydən görünür ki, “VAZ 21214” markalı **- OK-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanın ümumi məbləği 1085 manat müəyyən edilmişdir. İşdə olan, iddiaçının vəsatəti əsasında məhkəmənin 01.03.2021–ci il tarixli qərardadı ilə təyin edilmiş, məhkəmə–əmtəəşünaslıq ekspertizasının 23.04.2021–ci il tarixli 9/1594 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan «xxxx» MMC tərəfindən təqdim edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışı «VAZ21214» markalı, ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 995 manat müəyyən edilir. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, həmin ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbulediləndir. Beləliklə, məhkəmə müəyyən etdi ki, tərəflər arasında 05.09.2020-ci il tarixdə bağlanmış 12 nömrəli icarə müqaviləsinə əsasən iddiaçı istifadəsində olan “VAZ 21214” markalı **-OK-*** qeydiyyat nömrəli avtomobili cavabdehə 05.09.2020-ci il tarixdən 23.09.2020-ci il tarixədək 460 manat icarə haqqı ödəmək şərti ilə saz vəziyyətdə icarəyə vermişdir. 26.09.2020-ci il tarixdə Cavabdeh avto qəza törədərək avtomobilə maddi ziyan dəymişdir. Ondan sonra cavabdeh həm icarə haqqını, həm də avtomobilə dəymiş ziyanı ödəməmiş, nəticədə iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası MPM–nin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında etibarlı şəkildə müqaviləsi mövcud olduğundan, onlar arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əmələ gəlmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, cavabdehlə iddiaçılar arasında mübahisəli minik avtomobilinə dair sadə yazılı formada icarə müqaviləsi tərəfləri imzaları ilə təsdiq edilmədiyindən, bağlandığı andan tərəflərin birbirinə qarşı hüquq və vəzifələrinin əmələ gəlməsinə əsas olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əssən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əssən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 685.1-ci maddəsinə əsaən əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq, müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. Həmin Məcəllənin 697.4-cü maddəsinə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh icarəyə götürüdüyü nəqliyyat vasitəsini saz vəziyyətdə qəbul etməsinə baxmayaraq, razılaşdırılmış 460 manat məbləğində icarə haqqını ödəməmiş, həmçinin təyinatına uyğun istifadəsi zamanı lazımi diqqətlilik və ehtiyatlılıq göstərməyərək yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə, müqavilənin predmeti olan nəqliyyat vasitəsinə zərər dəymişdir. Bunula da iddiaçının razılaşdırılmış icarə haqqının və zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası MM–nin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehdən avtomaşına dəymiş maddi zərərə görə 995 manat, ödənilməyən icarə haqqına görə 460 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Bununla yanaşı, məhkəmə, həmçinin qeyd edir ki, iddiaçının 05.09.2020-ci il tarixli icraə müqaviləsinin 3.3-cü maddəsinə istinad edərək cavabdehdən gecikdirilmiş hər saat üçün ümumi icarə müqaviləsinin qiymətinin 10% həcmində 22080 manat cərimə tələb etməsi, tərəflər arasında yaranmış münasibətin xarakterinə və işin həqiqi hallarına uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 705-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Göründüyü kimi qanunverici qeyd olunan maddi hüquq normasında icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçinin icarəyə götürdüyü əşyanı qaytarmadığı, həmçinin illik icarə haqqından icarəçinin həmin il ərzində icarə faydaları əldə etdiyi və ya əldə edə biləcəyi halda, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi həmin faydalara uyğun hissəni tələb etmək hüququna malikdir. Lakin nə iddia ərizəsində, nə əlavə edilmiş sənədlərdə, nə də işin müəyyən edilmiş hallarında müqavilə predmeti olan nəqliyyat vasitəsinin müqavilə müddəti bitdikdən sonra cavabdehdə qalması və yaxud cavabdehin ondan fayda götürməsi üz əksini tapmamışdır. Əksinə, iddiaçı tərəf özü də qeyd etmişdir ki, cavabdeh nəqliyyat vasitəsindən istifadə edəın zaman yol-nəqliyyat hadisəsi törətmişdir. Bu halda cavabdehin müqavilə predmeti olan əşyanı özündə saxlaması və yaxud ondan istifadə edib fayda götürməsi inandırıcı deyildir. Məhkəmə hesab edir ki, iddianın 22080 manat cərimə tələbi hissəsi əsassız olduğundan təmin edilməlidir. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehdən maddi zərərə görə 995 manat, ödənilməmiş icarə haqqına görə 460 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, iddiaçının nümayədəsinin vəsatəti əsasında təyin edilmiş məhkəmə–əmtəəşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 100 manat məhkəmə xərci iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117.1–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh “VAZ 21214” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş maddi zərərə görə 995 (doqquz yüz doxsan beş) manat və icarə haqqına görə 460 (dörd yüz altmış) manat məbləğində pul alınıb iddiaçı “xxxx” MMC –yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb iddiaçı “xxxx” MMC –nə verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı “xxxx” MMC-dən məhkəmə–əmtəəşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar