Məhkəmə qərarları › İş №2(051)-372/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-372/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-372/2021 01.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Məmmədov Qurban oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən xx xxxx 2019-cu il tarixli 600804-673220/1 nömrəli kredit müqaviləsi üzrə 1247.18 manat əsas kredit borcu, 201.93 manat faiz borcu olmaqla, cəmi 1449.11 manat məbləğində pulun və ödənilmiş 30.40 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(051)-372/2021 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materialları iddia icraatına keçirilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmsil etdiyi hüquqi şəxsin adından əlavə olaraq göstərdi ki, bankla Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 600804-673220/1 nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 29 faiz olmaqla 36 ay müddətinə 1600 manat məbləğində kredit vermişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişlər. Nəticədə, onun xx.xx.2020-ci il tarixədək 1247.18 manat əsas kredit borcu, 201.93 manat faiz borcu olmaqla, cəmi 1449.11 manat məbləğində kredit borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməmiş və kredit müqaviləsi üzrə borclarını ödəməmişlər. Nəticədə təmsil etdiyi bank əlverişsiz vəziyyətə düşmüşdür. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qismən qəbul edərək izahatında göstərdi ki, həqiqətən o, xx xxxx 2019-cu il tarixli 600804- 673220/1 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətindən illik 29 faiz olmaqla 36 ay müddətinə 1600 manat məbləğində kredit götürmüşdür. Məlum pandemiya ilə əlaqədar olaraq, o, sürücü kimi fəaliyyət göstərə bilməmişdir. Ona görə də borcunu ödəmək qabiliyyətini itirmişdir. İddiaçıya olan borcun ödənilməli olduğunu bilir, lakin buna imkanı olmamışdır. Hesab edir ki, banka olan borcun ödənilməsi üçün ona vaxt verilməlidir. O halda o,borcunu hissə-hissə ödəyəcəkdir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iddiaçı bankın nümayəndəsinin və cavabdehin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 600804-673220/1 nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 29 faiz olmaqla 36 ay müddətinə 1600 manat məbləğində kredit vermişdir. İşdə olan ödəmə qrafikindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh kredit məbləğinin xx.xx.2019-xx.xx.2022-ci il ərzində hər ay 67.05 manat olmaqla ödənilməsinə razı olmuşlar. Cavabdeh həmin məbləğdə pulu hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı ASC–yə aid xx xxxx 2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, həmin tarixdə Cavabdeh iddiaçı bankın Mingəçevir filialından 1600 manat məbləğində kredit götürmüşdür. İşdə olan cavabdehlərə ünvanlanmış xx.xx.2020-cü il tarixli bildirişdən görünür ki, cavabdehlərə banka olan borcu xatırladılaraq, onlardan borclu olduqları məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan İddiaçı ASC–yə aid maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixə Cavabdeh banka olan 1247.18 manat əsas kredit borcu, 201.93 manat faiz borcu olmaqla, cəmi 1449.11 manat təşkil edir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı bankla cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 600804-673220/1 nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 29 faiz olmaqla 36 ay müddətinə 1.600 manat məbləğində kredit vermişdir. Tərəflər arasında razılaşdırılmış qrafikə uyğun olaraq cavabdeh hər ay krediti faizləri ilə birlikdə qaytarmalı olmasına baxmayaraq, öhdəliyinə əməl etməmişdir. Nəticədə onun xx.xx.2020-ci il tarixədək 1247.18 manat əsas kredit borcu, 201.93 manat faiz borcu olmaqla, cəmi 1449.11 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi cavabdehin iddiaçı banka 1247.18 manat əsas kredit borcu, 201.93 manat faiz borcu olmaqla, cəmi 1449.11 manat borcu qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, xx xxxx 2019-cu il tarixli 600804-673220/1 saylı kredit müqaviləsinə əsasən cavabdehdən 1247.18 manat əsas kredit borcu, 201.93 manat faiz borcu olmaqla, cəmi 1449.11 manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx xxxx 2019-cu il tarixli 600804-673220/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh 1247.18 (bir min iki yüz qırx yeddi manat on səkkiz qəpik) manat əsas kredit borcu, 201.93 (iki yüz bir manat doxsan üç qəpik) manat faiz borcu olmaqla, cəmi 1449.11 (bir min dörd yüz qırx doqquz manat on bir qəpik) manat alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.40 (otuz manat qırx qəpik) manat pul alınıb İddiaçı ASC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar