Məhkəmə qərarları › İş №2(051)-379/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-379/2022

28.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-379/2022 28.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edərək məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Cavabdeh ilə 2014-cü ildə ailə qurmuş, birgə nikahlarından 05 may 2015-ci il təvəllüdlü Elay adlı bir nəfər uşağı doğulmuşdur. Nikahlarının ilk dövründə ailə münasibətləri normal olmuş, mehriban yaşamışlar. Lakin bir müddət sonra cavabdehlə münasibətləri pozulmuş və aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Mingəçevir şəhər məhkəməsinin 05 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh Elay adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 manat aliment təyin edilmişdir. Müəyyən edilmiş aliment hazırda uşağın saxlanması üçün yetərli deyil, həmin məbləğlə uşağı saxlamaqda çətinlik çəkir, onu maddi cəhətdən təmin edə blmir. Cavabdeh fərdi əməklə məşğuldur, uşağın saxlanması üçün kifayət qədər maddi imkanı vardır. Ona görə də müəyyən edilmiş alimentin miqdarının artırılmasını, 05 may 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 (iki yüz) manat məbləğdə alimentin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddianı qəbul etməyrək məhkəmə iclasında izahatında bildirdi ki, uşağına baxmaqdan imtina etmir. Heç bir yerdə işləmir. Tələb olunan qədər aliment ödəməyə maddi imkanı yoxdur. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 05 may 2015-ci il təvəllüdlü X2 valideynləri Cavabdeh və İddiaçıdır. İşə əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahı 07 yanvar 2021-ci ildə ləğv edilmişdir. İşə əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 05 iyun 2020-ci il tarixli 2(051)-663/2020 №-li qətnaməsindən görünür ki, Cavabdeh 05 may 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat aliment tutulub X1 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci madəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflər ayrılmışlar, onların birgə nikahından doğulmuş Elay adlı uşaq iddiaçının yanında qalır. Məhkəmənin 05 iyun 2020-ci il tarixli 2(051)-663/2020 №-li qərarı ilə Cavabdeh 05 may 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat alimentin tutulub X1 verilməsi qət edilmişdir. Müəyyən edilmiş aliment hazırda uşağın təminatının səviyyəsinin maksimal saxlanması üçün kifayət deyildir. Lakin tələb olunan qədər aliment ödəməyə cavabdehin maddi imkanı olması məhkəmə iclasında sübut olunmadı. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, alimentin miqdarı nisbətən artırılmalı, cavabdehdən uşağın saxlanması üçün hər ay 140 (bir yüz qırx) manat miqdarında aliment tutulub iddiaçıya verilməlidir. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 05 may 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 140 (bir yüz qırx) manat sabit pul miqdarında aliment hər ay Cavabdeh tutulub, İddiaçı verilsin. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar