Məhkəmə qərarları › İş №2(051)-384/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-384/2022

14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-384/2022 14.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə İddiaçı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 26.11.2020ci il tarixli müqaviləyə əsasən 791 manat ödənilməmiş hissə, 79 manat hesablanmış cərimə borcu olmaqla, cəmi 870 manat borc , 02.02.2021-ci il tarixli müqaviləyə əsasən 595.8 manat ödənilməmiş hissə, 59.2 manat hesablanmış cərimə borcu olmaqla, cəmi 655 manat , ümumilikdə 1525 manat borc və 35.25 manat dövlət rüsumunun tutularaq ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 31.01.2022-ci il tarixli, 2(051)-384/2022 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materialları iddia icraatına keçirilmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, tərəflər arasında bağlanmış 26.11.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh "xxxx" MMC-dən cəmi 1209.6 manat dəyərində LG LED TV və 02.02.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 615.8 manat dəyərində İMEİ Kodu **********81467 Samsung Galaxy A21s markalı telefon almışdır. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, müqavilələrin qeyd olunan şərtlərini pozaraq borcunu ödəməmiş, nəticədə 26.11.2020-ci il tarixli müqaviləyə əsasən 791 manat ödənilməmiş hissə, 79 manat hesablanmış cərimə borcu olmaqla, cəmi 870 manat borcu və 02.02.2021-ci il tarixli müqaviləyə əsasən 595.8 manat ödənilməmiş hissə, 59.2 manat hesablanmış cərimə borcu olmaqla, cəmi 655 manat , ümumilikdə 1525 manat borc ödənilməmiş qalmışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Odur ki, cavabdehdən 26.11.2020-ci il tarixli müqaviləyə əsasən 791 manat ödənilməmiş hissə, 79 manat hesablanmış cərimə borcu olmaqla, cəmi 870 manat borcu və 02.02.2021-ci il tarixli müqaviləyə əsasən 595.8 manat ödənilməmiş hissə, 59.2 manat hesablanmış cərimə borcu olmaqla, cəmi 655 manat , ümumilikdə 1525 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, işdə olan 02.02.2021-ci il tarixli 22251415 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Cavabdeh 615.8 manat dəyərində, 18 ay müddətinə isə hər ay 33.1 manat ödəmək şərtilə İMEİ Kodu **********81467 Samsung Galaxy A21s markalı telefon və 06.11.2020-ci il tarixli 22078256 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, 1209.6 manat dəyərində, 18 ay müddətinə isə hər ay 67.2 manat ödəmək şərtilə LG LED TV almışdır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı borcun ödənilməsini cavabdehdən tələb etmiş, öhdəliklərin icra edilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müqavilə üzrə 26.11.2020-ci il tarixli müqaviləyə əsasən 791 manat ödənilməmiş hissə, 79 manat hesablanmış cərimə borcu olmaqla, cəmi 870 manat borcu və 02.02.2021-ci il tarixli müqaviləyə əsasən 595.8 manat ödənilməmiş hissə, 59.2 manat hesablanmış cərimə borcu olmaqla, cəmi 655 manat , ümumilikdə 1525 manat borcu vardır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 02.02.2021-ci il tarixli 22251415 saylı alqısatqı müqaviləsinə əsasən 615.8 manat dəyərində, 18 ay müddətinə isə hər ay 33.1 manat ödəmək şərtilə İMEİ Kodu **********81467 Samsung Galaxy A21s markalı telefon və 06.11.2020-ci il tarixli 22078256 saylı alqı-satqı müqaviləsinə əsasən 1209.6 manat dəyərində, 18 ay müddətinə isə hər ay 67.2 manat ödəmək şərtilə LG LED TV almışdır. Cavabdeh nisyə alqı-satqı müqaviləsinin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə, onun iddiaçıya cəmi 1525 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında 02.02.2021-ci il tarixli 22251415 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçı "xxxx" MMC-dən 615.8 manat dəyərində İMEİ Kodu **********81467 Samsung Galaxy A21s markalı telefon almış, cavabdeh 18 ay müddətinə hər ay 33.1 manat və 06.11.2020-ci il tarixli 22078256 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçı "xxxx" MMC-dən 1209.6 manat dəyərində LG LED TV almış, cavabdeh 18 ay müddətinə hər ay 67.2 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. lakin cavabdeh öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı hüquqi şəxsin cavabdehə qarşı öhdəliyin icra edilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı– satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, cavabdehdən 02.02.2021-ci il tarixli 22251415 nömrəli müqavilə üzrə 595.8 manat əsas borc, 59.2 manat hesablanmış cərimə borcu olmaqla, cəmi 655 manat və 06.11.2020-ci il tarixli 22078256 nömrəli müqavilə üzrə 791 manat əsas borc, 79 manat hesablanmış cərimə borcu olmaqla, cəmi 870 manat , ümumilikdə 1525 manat borc cavabdehdən alınıb iddiaçı banka verilməlidir. MPM-in 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 35.25 manat məbləğdə pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-5.3, 284-6.1, 284-6.2 və 284-6.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdeh 02.02.2021-ci tarixli müqaviləyə əsasən 595.8 (beş yüz doxsan beş manat səksən qəpik) manat əsas borc, 59.2 (əlli doqquz manat iyirmi qəpik ) manat hesablanmış cərimə borcu olmaqla, cəmi 655 (altı yüz əlli beş ) manat və 06.11.2020-ci tarixli müqaviləyə əsasən 791 (yeddi yüz doxsan bir) manat əsas borc, 79 (yetmiş doqquz ) manat hesablanmış cərimə borcu olmaqla, cəmi 870 (səkkiz yüz yetmiş ) manat ,ümumilikdə 1525 (min beş yüz iyirmi beş ) manat məbləğində pul alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə ödənilsin. Cavabdeh X1 ödənilmiş dövlət rüsumunun əvəzi olan 35.25 (otuz beş manat iyirmi beş) manat məbləğində pul alınıb, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Hüseynov Ələkbər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar