Məhkəmə qərarları › İş №2(051)-388/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-388/2025

24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-388/2025 24.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 750 manat pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 24 oktyabr 2024-cü il tarixində saat 09:00 radələrində idarə etdiyi **-BR-*** qeydiyyat nişanlı, Nissan X-Trail minik avtomobili ilə Mingəçevir şəhəri, Heydər Əliyev prospekti ilə Müəllimlər bağ Massivinə gedən yolun kəsişməsində hazırda çalışdığı X3 Təhsil İdarəsinə gedərkən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozaraq (araməsəfəsi qaydalarının pozulması) Cavabdeh idarə etdiyi ** FE *** qeydiyyat nişanlı Hyundai İ30 markalı avtomobillə toqquşaraq qəza törətmişdir. Qəza törədildikdən sonra qanunamüvafiq olaraq qəza halları ilə bağlı polis inspektoru hadisə yerinə dəvət olunmuş və məsələyə hüquqi qiymət verilmişdir. Həmçinin Cavabdeh tərəfindən idarə etdiyi avtomobilin icbari sığorta olunduğu Paşa Sığorta ilə əlaqə saxlanılmış, aidiyyəti üzrə qəzanın qiymətləndirilməsi həyata keçirilmiş və ümumilikdə sözügedən sığorta tərəfindən 420 manat məbləğində qiymətləndirmə həyata keçirilmişdir. Lakin sığorta tərəfindən pulun göndərilməsi müddətinədək onunla Cavabdeh arasında cavabdehin maşınına dəymiş ziyanın ödənilməsi ilə bağlı şifahi razılaşdırılma əldə olunmuşdur (yəni, iddiaçı onun maşına dəymiş ziyanı qarşılayacaq, o isə iddiaçıya sığorta tərəfindən ödənilən pulu verəcəkdir). Qeyd olunan razılaşmaya əsasən, cavabdehə 24 oktyabr tarixində 200 manat əlbəəl özünə, 31 oktyabr tarixində 200 manat və 03 noyabr 2024-cü il tarixində isə hər iki sonuncu ödəniş onlayn kart vasitəsilə olmaqla 350 manat, ümumilikdə onun təqdim etdiyi kart hesabına 750 manat məbləğində pul göndərmişdir. Lakin Paşa Sığorta tərəfindən 21 noyabr 2024-cü il tarixində maşına dəymiş ziyan məbləğinin (ödənilmiş məbləğ - 420 manat) Cavabdeh ödənilməsinə baxmayaraq, o həmin pulu müxtəlif bəhanələr gətirərək bu günə qədər qaytarmamışdır. Hyundai İ30 markalı minik avtomobilinin cavabdehin öz adına olmadığı üçün vəsait Paşa Sığorta tərəfindən X1 adına ödənilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, həqiqətən İddiaçıla qəza hadisəsi olan zaman aralarında dəymiş ziyanla bağlı müəyyən məbləğdə razılıq olmuşdur. İddiaçı ona 750 manat pul vermişdir. Sığorta şirkəti ona pulu verəndə Rüstəmə həmin məbləği qaytaracaqdı. Sığorta şirkəti tərəfindən avtomobilə dəymiş ziyan 420 manat müəyyən edilmiş və ona ödənilmişdir. Lakin avtomobilin xərcləri daha artıq çıxmağa başladığından iddiaçı ilə razılaşdırılmış məbləğdə ona pul verə bilməmişdir. İddiaçıya hissə-hissə olaraq təxminən 200 manat məbləğində pul qaytara bilər. İddianın qismən təmin edilməsini məhkəmədən xahiş edir. İş materialları xx.xx.2024-cü il tarixdə verilmiş ******* №li Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. ** FE *** qeydiyyat nişanlı Hyundai İ30 markalı avtomobilə aid fotoşəkillərdə avomobilin öndəki sol farasının zədələndiyi görünür. xx.xx.2024-cü il tarixli **********2 №li, xx.xx.2024-cü il tarixli 1-117242702 №li qəbzlərdən görünür ki, Cavabdeh təqdim etdiyi 552209******8459 №li kart hesabına ayrıayrılıqda 200 və 350 manat pul köçürülmüşdür. xx.xx.2024-cü il tarixli **********6 №li mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilmişdir. İşin müəyyən olunmuş halı Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı vurulmuş ziyanın ödənilməsində tərəflər arasında razılıq olmuşdur. İddiaçı cavabdehin avtomobilinə dəymiş ziyanın məbləğini cavabdehə ödəməyə, cavabdeh isə sığorta ödənişi aldıqda pulu iddiaçıya verəcəyi barədə razılaşmışlar. İddiaçı cavabdehə 750 manat məbləğində pul vermişdir. Sığorta məbləği 420 manat olmuşdur. Cavabdeh sığorta ödənişindən iddiaçıya pul verməmiş, xərcinin daha çox olmasını göstərmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsinin baş verməsində iddiaçı təqsirli bilinmişdir. Sığorta aktı tərtib edilmişdir. Ziyan 420 manat müəyyən edilmişdir. İddiaçı cavabdehə 750 manat pul vermişdir. Cavabdeh sığorta məbləği ödəniləndə iddiaçıya pulu verməyə razılaşmışdır. Cavabdeh sığorta məbləğini aldıqdan sonra iddiaçıya qaytarmamışdır. Tərəflər arasında razılaşma olduğundan cavabdeh razılaşdırılmış qaydada pulu iddiaçıya qaytarmalıdır. Yəni 420 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddia tələbinin qalan hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının özünün bildirdiyi kimi özü razılaşaraq həmin məbləği cavabdehə vermişdir. Belə olan halda iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli və Cavabdeh 420 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq

QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 420 (dörd yüz iyirmi manat) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar