Məhkəmə qərarları › İş №2(051)-401/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-401/2024

06.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-401/2024 06.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Əliyeva X1 Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh ondan aldığı borc pul məbləği olaraq 5500 manat pulun, məhkəmə xərcləri olaraq dövlət rüsumu kimi ödədiyi 85 manat pul, vəkilə hüquqi yardıma görə ödənilmiş 100 manat pulun, etibarnaməyə ödədiyi 17 manat olaraq, cəmi 5702 manatın tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin icraatında olan ********* saylı cinayət işi üzrə Cavabdeh təqsirləndirilmişdir ondan ötrü ki, əmlakı gizli olaraq talamaq məqsədilə xx.xx.20222-ci il tarixdə iddiaçının mülkiyyətində və istifadəsində olan ünvan 1 ünvanında ümumilikdə 2042 manat dəyərində zərər vurmaqla bəzək əşyaları gizli olaraq talayaraq həmin məbləğdə ziyan vurması istintaqla sübuta yertirilmişdir. Həmin cinayət işi üzrə cavabdeh xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində, xx.xx.2022-ci il tarixdə onunla üzləşmə zamanı ondan 5500 manat borc pul almasını etiraf etmişdir. Lakin cinayət işinin məhkəmə baxışı gedişində həmin məbləğlə bağlı iddia qəbul edilməmiş, ayrıca mülki iddia vermək hüququ izah olunmuşdur. Odur ki, Cavabdeh ondan aldığı borc pul məbləği olaraq 5500 manat pulun, məhkəmə xərcləri olaraq dövlət rüsumu kimi ödədiyi 85 manat pul, vəkil hüquqi yardıma görə ödənilmiş 100 manat pulun, etibarnaməyə ödədiyi 17 manat olaraq, cəmi 5702 manatın tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə göndərərək, iştirakı olmadan işə baxılmasını, iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, İddiaçı ilə 2 il bundan əvvəl tanış olmuş, qeyri–rəsmi münasibətləri olmuşdur. xx.xx.2022-ci il tarixdə o, obyekt açmaq məqsədilə iddiaçıdan 3 ay müddətinə qaytarmaq şərti ilə 5500 manat borc pul almışdır. Həmin pulu o, 3 aya qaytarmalı idi, lakin iddiaçı 1 aya qaytarmasını tələb etmişdir. O da işi alınmadığı üçün 4700 manat pulu 15 avqust 2022-ci ildə iddiaçıya geri qaytarmış, 19 avqust 2022-cü ildə isə qalan 800 manatı iddiaçının kartına köçürmüşdür. Odur ki, onun iddiaçıya heç bir borcu yoxdur. İddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar Bakı şəhəri Yasamal Ryon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(051)-102/2023 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmilmişdir. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin dindirilməsi protokolundan görünür ki, Cavabdeh izahatında bildirmnişdir ki, o, şəxsi obyekt açmaq məqsədilə İddiaçı 5500 manat borc pul almışdır. xx.xx.2023-cü il tarixli ********** mədaxil qəbzə əsasən Əliyeva X1 Şəhər Məhkəməsində iddia qaldırmaq üçün 85.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2023-cü il tarixli AR-İİİ nömrəli etibarnamədən görünür ki, İddiaçı tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü-Vəkil hüquq və səlahiyyətlərinə etibar etmiş və bununla bağlı 17.25 manat ödəniş etmişdir. xx.xx.2022-ci il tarixli Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin üzləşdirmə protokoldan görünür ki, Cavabdeh İddiaçı obyekt açmaq üçün 5500 manat borc pul aldığını etiraf etmişdir. xx.xx.2024-cü il tarixli, 29341 nömrəli qəbzdən görünür ki, İddiaçı “Güvən” Vəkil Bürosuna hüquqi yardıma görə 100 manat məbləğində pul ödəmişdir. İşin müəyyən olunmuş halları. İddiaçı müəyyən müddətə qaytarmaq şərtilə cavabdehə borca 5500 manat pul vermişdir. Cavabdeh iddiaçıdan 5500 manat borc aldığını etiraf edir. Cavabdeh borcu qaytardığını bildirir. Cavabdeh borcu qaytarması ilə bağlı sübut təqdim etmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin gəldiyi nəticə Məhkəmə tərəflər arasında olan işin müəyyən olunmuş hallarına qiymət verərəkiddiaçının cavabdehə 5500 manat pul verdiyini və cavabdehin iddiaçıdan borc aldığını qəbul etməsini nəzərə alaraq hesab edir ki, iddia borcun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində təmin edilməlidir. Cavabdehin həmin pulu iddiaçıya qaytarması barədə etirazına münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Qanunda borc müqaviləsinin predmetinin üç min manatdan çox olduğu halda yazılı qaydada bağlanması göstərilmişdir. Məhkəmə iş üzrə cavabdehin 5500 manat pulu cavabdehdən borc götürdüyünü onun etirafı kimi qəbul edərək tərəflər arasında etibarlı borc müqaviləsi bağlandığı qənaətinə gəlir. Eyni zamanda iş materialı ilə müəyyən olunur ki, iddiaçı iddia ərizəsi vermək üçün dövlət rüsumu kimi 85 manat, vəkilə hüquqi yardıma görə 100 manat, etibarnaməyə 17 manat ödəmişdir. İddia təmin edildiyindən göstərilən məhkəmə xərcləri cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh borc pul məbləği olaraq 5500 (beş min beş yüz) manat, məhkəmə xərci olaraq dövlət rüsumu kimi ödənilmiş 85 manat, vəkilə hüquqi yardıma görə ödənilmiş 100 manat, etibarnaməyə ödənilmiş 17 manat, cəmi 5702 manat pul tutularaq İddiaçı verilməlidir. . Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 233 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh borc pul məbləği olaraq 5500 (beş min beş yüz) manat, məhkəmə xərci olaraq dövlət rüsumu kimi ödənilmiş 85 manat, vəkilə hüquqi yardıma görə ödənilmiş 100 manat, etibarnaməyə ödənilmiş 17 manat, cəmi 5702 manat pul tutularaq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar