Məhkəmə qərarları › İş №2(051)-426/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-426/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-426/2021 08.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC-nin məhkəməyə göndərdiyi iddia ərizəsində göstərilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu tarixli, 600804-769172/1 №li kredit müqaviləsinə əsasən cavabdehə illik 21.5 faizlə 15 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Cavabdeh krediti, kredit üzrə hesablanacaq faizləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Kreditin ödənilməsinin təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli, 600804-769172/1 №li zaminlik müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh1 müqavilənin şərtlərini pozaraq, krediti və kredit üzrə hesablanmış faizləri vaxtında ödəməmişdir. Kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməyən cavabdehin 1502.85 manat əsas borcu və 347.93 manat faiz borcu olmaqla, cəmi 1850.78 manat kredit borcu yaranmışdır. İddianın təmin olunmasını, 1850.78 manat kredit borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bildiriş göndərilərək tələbə dair etirazları olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməkləri bildirilmişdir. Lakin cavabdehlər tələbə dair etirazı məhkəməyə göndərməmiş. Məhkəmə iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu tarixli, 600804-769172/1 №li kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 21.5 faizlə, 15 ay müddətinə 3000 manat məbləğində kredit verilməyi, cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 600804- 769172/1 №li zaminlik müqaviləsindən görünür ki, cavabdeh zamin kimi kredit müqaviləsinin kredit alan tərəfdən tam yerinə yetirilməməsi halda məsuliyyəti öz üzərlərinə götürmüşdür. İşə əlavə edilmiş kassa məxaric orderindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu ildə İddiaçı ASC-dən 3000 manat məbləğində kredit almışdır. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 1502.85 manat əsas borcu və 347.93 manat faiz borcu olmaqla, cəmi 1850.78 manat kredit borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinin tələbinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdehlər müqavilədən irəli gələn öhdəlikləri icra etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddısinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, cavabdehlərdən 1502.85 manat əsas borc və 347.93 manat faiz borc olmaqla, cəmi 1850.78 manat kredit borcu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən dövlət rüsumu kimi ödənilmiş 30.40 manat pul alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216– 220, 360-cı maddələrini rəhbər tutub , məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1502.85 (bir min beş yüz iki manat səksən beş qəpik) manat əsas borc və 347.93 (üç yüz qırx yeddi manat doxsan üç qəpik) manat faiz borc olmaqla, cəmi 1850.78 (bir min səkkiz yüz əlli manat yetmiş səkkiz qəpik) manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat alınıb İddiaçı ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar