Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-442/2024 23.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «Alimentin miqdarının artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə rəsmi nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü Əli və xx.xx.2011-ci il təvəllüdlü Abbas adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat müəyyən edilərək cavabdehdən alınıb ona verilməsi və 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh ilə birgə rəsmi nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü Əli və xx.xx.2011-ci il təvəllüdlü Abbas adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay hər uşağa 150 manat, cəmi 300 manat müəyyən edilməsi və cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə ərizə verərək cavabdehin iştirakı olmadan işə baxılmasına razı olmuş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır İddiaçı məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək göstərdi ki, Cavabdeh ilə 2009-cu ildə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü Əli və xx.xx.2011-ci il təvəllüdlü Abbas adlı uşaqları olmuşdur. İlk dövrlərdə ailə münasibətləri normal olmuş, mehriban yaşamışlar. Lakin ailədə yaranan söz-söhbətlər nəticəsində nikahları məhkəmə qaydasında pozulmuşdur. Mingəçevir şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü Əli və xx.xx.2011-ci il təvəllüdlü Abbas adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşağa 80 manat, cəmi 160 manat miqdarında alimentin tutulub ona verilməsi qət edilmişdir. Hazırkı məbləğ uşaqların saxlanması üçün yetərli deyil. O, uşaqların saxlanmasında çətinlik çəkir. Birgə nikahlarından doğulmuş uşaqlara o, tək baxır. Cavabdeh uşaqların saxlanmasında ona heç bir köməklik etmir. Təyin olunmuş aliment uşaqların gündəlik xərclərini belə qarşılamır. Ona görə də məhkəmədən Cavabdeh ilə birgə rəsmi nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü Əli və xx.xx.2011-ci il təvəllüdlü Abbas adlı uşaqların saxlanması üçün müəyyən edilmiş sabit pul məbləğində alimentin arıtırılaraq ayda 150 manat, cəmi 300 manat müəyyən edilməsi və cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İşə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin 2(051)-1574/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü Əli və xx.xx.2011-ci il təvəllüdlü Abbas adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 80 manat, cəmi 160 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş sürətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü Əli və xx.xx.2011-ci il təvəllüdlü Abbas adlı uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb, müqayisəli şəkildə qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsidir. Lakin iddia tələbinin həllində başqa hüquq normaları da nəzərdən keçirilməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, alimentin müəyyən olunduğu dövrdən sonra tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşdur. Həmin dövrdən sonra qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılmış uşaqların böyüyərək maddi tələbləri artmışdır. Buna görə də alimentin məbləğinin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş qanuni əsaslar vardır. Artırılan alimentin məbləği müəyyən edilərkən nəzərə alınmalıdır ki, iddiaçının maddi vəziyyəti aşağı səviyədədir və o uşağını saxlamaqda çətinlik çəkir. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir. Məhkəmə tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaq üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün iddiaçının himayəsində olan uşağın alimentinin artırılaraq hər ay hər uşağa 150 manat, cəmi 300 manat miqdarında tutulmasını məqsədə uyğun sayır. Məhkəmə, həmçinin iddiaçının ödədiyi 60 manat mediasiya xərcinin cavabdehdən tutulub ona ödənilməsinə dair tələbinə münasibətdə qeyd edir ki, ilkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də ilkin mediasiyaya çəkilmiş xərc tam məbləğində cavabdehdən tutulub iddiaçıya verilməlidir. Odur ki, Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı və Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü Əli və xx.xx.2011-ci il təvəllüdlü Abbas adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşağa 150 manat, cəmi 300 manat miqdarında müəyyən edilməli və hər ay tutularaq, İddiaçı verilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: Cavabdeh tutulan alimentin məbləği artırılaraq, xx.xx.2009-cu il təvəllüdlü Əli və xx.xx.2011-ci il təvəllüdlü Abbas adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşağa 150 manat, cəmi 300 manat miqdarında müəyyən edilsin və hər ay tutularaq, İddiaçı verilsin. Artırılan məbləğdə alimentin tutulmasına qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlansın. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 50 manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Mingəçevir şəhər məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-442/2024
Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-442/2024
23.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver