Məhkəmə qərarları › İş №2(051)-447/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-447/2024

15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-447/2024 15.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı 500 manat dəyərində qızıl-zinət əşyası, 1500 ABŞ dolları (məzənnə ilə 2500 manat) və 200000 rubl (məzənnə ilə 3500 manat) pul, cəmi 6500 manat pul və sənədlərin alınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh X1na məxsus 500 manat dəyərində qızıl-zinət əşyasının, 1500 ABŞ dolları (məzənnə ilə 2500 manat) və 200000 rubl (məzənnə ilə 3500 manat) pulun, həmçinin Sadiq Məmmədova məxsus xarici pasportun, doğum şəhadətnaməsinin, 8 illik təhsil barədə şəhadətnamənin, Lipetsk şəhərində aldığı evin sənədlərinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh onun gəlinidir. X1 cavabdehlə qeyri-rəsmi evli olmuş və onlar iki uşağı ilə birlikdə Rusiya Federasiyasının Lipetsk şəhərində yaşamışlar. Keçən il Cavabdeh X9a bildirmədən uşaqlarını, həmçinin evdə olan Sadiqə məxsus 500 manat dəyərində qızıl sepi, 1500 dollar və 200.000 rubl pulu, həmçinin oğluna məxsus xarici pasportu, doğum şəhadətnaməsini, 8 illik təhsil barədə şəhadətnaməni, həmçinin Lipetsk şəhərində aldığı evin sənədlərini gizli olaraq heç kimdən icazə almadan götürüb Mingəçevir şəhərinə gəlmişdir. Oğlu ona zəng edib bunları bildirdikdən sonra o, oğlunun sənədlərini, pulu və qızılı Aynurədən tələb etmişdir. Lakin verməkdən imtina edir. Ona görə də qeyd etdiyi qızıl sepin, pulların və şəxsi sənədlərin cavabdehdən alınıb ona verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. X9 hazırda Rusiya Federasiyasındadır, sənədsiz yaşayır. Sənədi olmadığından ona etibarnamə verə bilmir. Lakin o, Sadiq Məmmədovun anasıdır, çıxılmaz vəziyyətdə qalıb məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1975-ci il tarixdə doğulmuş X2 atası X5, anası İddiaçıdır. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, X4 iddiaçının oğludur. Sadiq Məmmədov Cavabdeh ilə qeyri-rəsmi evli olmuşdur. Sadiq Məmmədov hazırda Rusiya Federasiyasındadır, sənədi olmadığından iddiaçıya etibarnamə verə bilməmişdir. İddiaçı hazırda X1na məxsus 500 manat dəyərində qızıl-zinət əşyasının, 1500 ABŞ dolları (məzənnə ilə 2500 manat) və 200000 rubl (məzənnə ilə 3500 manat) pulun, həmçinin Sadiq Məmmədova məxsus xarici pasportun, doğum şəhadətnaməsinin, 8 illik təhsil barədə şəhadətnamənin, Lipetsk şəhərində aldığı evin sənədlərinin cavabdehdən alınıb ona verilməsini tələb edir. Məhkəmə işin müəyyən olunmuş faktiki hallarına əsasən qənaətə gəlir ki, iddianın uğurluluq məsələsi həll edilmədən əvvəl, ilk növbədə iddiaçının hazırkı iddianı irəli sürərkən subyektiv hüquqa malik olub–olmaması məsələsi araşdırılmalıdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8–ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14–cü maddəsinin 1–ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6–cı maddəsinin 1–ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququndan istifadə edən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Mülki hüquq münasibətlərində iddiaçı cavabdehdən, yəni hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərini tənzim edən qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. Bununla bağlı məhkəmə hesab edir ki, subyektiv hüququn əmələ gəlməsinə əsas olan hallar, tərəflər arasında yaranmış hüquq münasibətinin xarakterindən asılıdır. Ona görə də iddiaçının subyektiv hüququnun mövcud olub–olmaması, həmçinin həmin hüququnun məhz cavabdeh tərəfindən pozulub–pozulmaması məsələsini müəyyən etmək üçün ilk növbədə tərəflərin hansı hüquqi münasibətdə olmaları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibəti əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalı, yəni cavadehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə nə məcmu halında, nə də ayrı-ayrılıqda mövcud olmamışdır. Belə ki, iddiaçının tələb etdiyi 500 manat dəyərində qızıl-zinət əşyası, pul, həmçinin sənədlər ona məxsus deyildir. İddiaçının da göstərdiyi kimi X1na məxsusdur. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırki vəziyyətdə iddia irəli sürməkdə subyektiv hüquqa malik olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008–ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyinə əsasən, subyektiv mənada hüquq normativ–hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələb üzrə iddia qaldırarkən subyektiv hüquqa malik olmadığına görə iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1–ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. İşin müəyyən edilmiş hallarına görə iddiaçının tələb etdiyi 500 manat dəyərində qızılzinət əşyası, pul, həmçinin sənədlər ona məxsus olmadığına görə hazırkı iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malik olmamış, yəni subyektiv hüququn birinci elementi olan hüquqi ixtiyar yaranmamış, subyektiv hüququn ikinci və üçüncü elementləri isə birinci elementin mövcudluğu ilə bağlı olduğundan, iddiaçının cavabdehdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçının hazırkı iddianı irəli sürərkən subyektiv hüququ mövcud olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı 500 manat dəyərində qızıl-zinət əşyası, 1500 ABŞ dolları (məzənnə ilə 2500 manat) və 200000 rubl (məzənnə ilə 3500 manat) pul, cəmi 6500 manat pul və sənədlərin alınması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar