Məhkəmə qərarları › İş №2(051)-451/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-451/2021

05.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-451/2021 05.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh xx xxxx 2006-cı il təvəəllüdlü qızı X6 və xx xxxxxx 2008-ci il təvəllüdlü oğlu X7 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarını artıraraq, hər ay hər bir uşaq üçün 175 (yüz yetmiş beş) manat, hər ay cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq izahatında göstərmişdir ki, Cavabdeh ilə 2005-ci ildə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahdan xx xxxx 2006-cı il təvəəllüdlü Leyla və xx xxxxxx 2008-ci il təvəllüdlü Sənan adlı övladları olmuşdur. Ailə münasibətləri pozulduğundan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2016cı il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, qızı Leyla və oğlu Sənanın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən ayda hər bir uşağa 90 manat, cəmi ayda 180 manat miqdarında aliment tutulması qət edilmişdir. Lakin keçən müddət ərzində uşaqlar 5 yaş böyüdükləri üçün onların geyim və ərzaq tələbatı da artmış, buna görə təyin olunmuş alimentlə övladlarının maddi tələbatını tam təmin edə bilmir. Bundan əlavə oğlu Sənanın sağlamlığında problemlər var, onun müalicəsi üçün də əlavə vəsait tələb olunur. Övladlarına tək baxır, onları böyütmək, maddi ehtiyaclarını qarşılamaq cavabdehin də borcudur. Ona görə də məhkəmədən Cavabdeh xx xxxx 2006-cı il təvəəllüdlü qızı Leylanın və xx xxxxxx 2008-ci il təvəllüdlü oğlu Sənanın yetkinlik yaşınadək saxlanması üçün tutulan alimentin miqdarını artıraraq, hər ay hər bir uşaq üçün 175 (yüz yetmiş beş) manat, hər ay cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, İddiaçı ilə 2005-ci ildə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Birgə nikahdan xx xxxx 2006-cu ildə Leyla adlı və xx xxxxxx 2008-ci ildə Sənan adlı övladları olmuşdur. Ailə münasibətləri pozulduğundan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2016cı il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, qızı Leylanın və oğlu Sənanın yetkinlik yaşına çatanadək saxlanmaları üçün ondan ayda hər bir uşağa 90 manat, cəmi ayda 180 manat miqdarında aliment tutulması qət edilmişdir. Qətnamə üzrə müəyyən olunmuş alimenti çətinliklə ödəyir. Çünki gəlirləri azdır. Aliment artırılarsa ödəniş etməkdə çətinlik çəkəcək və özünündə ağır olan maddi vəziyyəti daha da ağırlaşacaq. Hal hazırda yeni ailə qurmuşdur və xx.xx.2019-cu ildə Yarən adlı övladı olmuşdur. Həyat yoldaşı X1 Nərgiz Klinikasında laborant işləsə də hazırda analıq məzuniyyətindədir. Övladının və həyat yoldaşının maddi qayğıları da onun üzərinə düşür. Ona görə də iddianın rədd olunmasını xahiş edir. İddia ərizəsinə əlavə olunmuş Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2006-cı il tarixdə doğulmuşdur. Həmin şəhadətnamədə uşağın atası kimi Cavabdeh, anası kimi İddiaçı göstərilmişdir. İddia ərizəsinə əlavə olunmuş Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2008-ci il tarixdə doğulmuşdur. Həmin şəhadətnamədə uşağın atası kimi Cavabdeh, anası kimi İddiaçı göstərilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxxx 2005-ci ildə Mingəçevir şəhər VVADQ şöbəsində 107 nömrə ilə qeydə alınmış nikahın pozuması, boşanmadan sonra birgə nikahdan doğulmuş Leyla və Sənan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa 90 (doxsan), cəmi 180 (yüz səksən) manat miqdarında alimentin tutulması qət edilmişdir. İşdə olan Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında nikahının pozulması xx xxxx 2017-ci il tarixdə 66 № ilə qeydə alınmışdır. İşdə olan Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 nikahı xx.xx.2019-cu il tarixdə 67 nömrə ilə qeydə alınmışdır. İşdə olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2019cu il tarixdə doğulmuşdur. Həmin şəhadətnamədə uşağın atası kimi Cavabdeh, anası kimi X8 göstərilmişdir. İşdə olan X2 verilmiş 04 nömrəli, xx.xx.2021-ci il tarixli tibbi arayışdan görünür ki, X1 Nərgiz Klinikasında laborant vəzifəsində işləyir, X8 2019-cu ilin iyul ayından uşağın 3 yaşı tamam olana qədər ona qulluq etmək üçün analıq məzuniyyətindədir. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb, müqayisəli şəkildə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsidir. Lakin iddia tələbinin həllində başqa hüquq normaları da nəzərdən keçirilməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimum haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən olunmuşdur. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, alimentin müəyyən olunduğu dövrdən sonra tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşdur. Belə ki, aliment müəyyən olunduqdan sonra uşaq üçün müəyyən edilmiş yaşayış minimumu (2016-cı il üçün 117 manat) xeyli (yəni 2021-ci il üçün 175 manat) artmışdır. Bundan əlavə minimum əmək haqqı sözügedən tarixdən iki qat artmışdır. Məhkəmə hesab edir ki, alimentin məbləğinin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş qanuni əsaslar vardır. Məhkəmə tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaq üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün iddiaçının himayəsində olan uşaqların saxlanması üçün alimentin artırılaraq hər bir uşaq üçün hər ay 120, hər ay cəmi 240 manat müəyyən edilməsi məqsədə uyğun sayır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 112.1.3 və 119.1-ci maddələrinə əsasən cavabdehdən 30 manat dövlət rüsumu alınıb dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tutulan alimentin məbləği artırılaraq xx xxxx 2006-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün 120 (bir yüz iyirmi) manat, xx xxxxxx 2008-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün 120 (bir yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat müəyyən edilsin və hər ay tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat məbləğdə dövlət rüsumu alınıb dövlət hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. Hakim: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar