Məhkəmə qərarları › İş №2(051)-460/2021

Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-460/2021

25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-460/2021 25.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində borcun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. İddiaçının numayəndəsi məhkəməyə ərizə verərək cavabdehin iştirakı olmadan işə baxılmasına razı olmuş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh ilə bir müddət qonşu olmuşlar. Qonşu kimi yaxın münasibətləri olduğundan cavabdeh həmişə ondan borc olaraq pul almış və vaxtında da, qaytarmışdır. Sonuncu dəfə 03.12.2020-ci il tarixdə qaytarmaq şərti ilə ona 10 gün müddətinə 1500 manat məbləğində borc pul vermişdir. Ona borclu olması ilə bağlı qəbz yazıb vermişdir. Həmin qəbzdə göstərildiyi kimi borc ödənilənə kimi əmək haqqı kartını da ona vermiş, əgər borcu ödəyə bilməsə kartından pulunu götürə bilsin. Ona inanaraq 1500 manat borc pulu vermişdir. Pulu götürərkən kredit götürərək borcunu qısa müddətdə ödəyəcəyini də, bildirmişdir. lakin bu günə kimi borcundan heç bir ödəniş etməmiş və verdiyi kartı bağlatmışdır. Borcu ödəməyi tələb etdiyində müxtəlif bəhanələr gətirərək boyun qaçırmışdır. Hətta ona hədə qorxu gələrək, öldürməklə hədələyir. Bu səbəbdən məkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmədən Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində borcun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli hallar kimi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh borc 1500 manat pul vermiş, o həmin borc puldan heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri borc münasibətləri ilə bağlı yaranan mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Mülki Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 324.1-ci maddəsində əqdin anlayışı müəyyən edilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 389.1-ci maddəsində müqaviləyə verilən tərifə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Sadalanan hüquq normalarını sistemli təhlil edib işin faktik halları ilə müqayisə edəndə müəyyən olunur ki, cavabdehin iddiaçıya 1500 manat məbləğində borcu yaranmış, borcu ödəməyi cavabdeh öz üzərinə götürmüşdür. Bu razılıq onların arasında mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 389.1-ci maddəsi baxımından yanaşdıqda isə, iddiaçı ilə cavabdehin mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi haqqında razılaşması, yəni müqavilədir. Bu müqavilə qanuna zidd deyildir və tərəflər üçün öhdəliklər yaradır. Tərəflər arasında bağlanan müqavilənin növünü müəyyən etmək üçün onun həqiqi məzmunu tərəflərin iradəsi, rəftarı və s. xüsusatlar nəzərə alınmalıdır. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 329.3-cü maddəsində deyilir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Mülki Məcəllənin 324.5-ci maddəsinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu baxımdan tərəflər arasında bağlanmış yazılı müqavilə, hüquqi təbiətinə görə borc müqaviləsidir. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilmişdir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 241, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 1500 manat məbləğində borcun alınıb İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Mingəçevir şəhər məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar