Məhkəmə qərarları › İş №2(051)-471/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-471/2025

23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-471/2025 23.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkil) Vəkil Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, reqres qaydada cavabdehdən zamin kimi ödəmiş olduğu 4609 manat məbləğində pulunun və ona dəymiş olan 5000 manat məbləğində mənəvi zərərin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, briqadanın hava hücumundan müdafiə rəisi vəzifəsindədir. X2 iştirakçısı və veteranıdır. Amma hal-hazırda işləyən bir çox şəxslərə veteran vəsiqəsi verilmədiyi kimi ona da tezliklə veriləcəyi bildirilmişdir. Amma “Vətən müharibəsi iştirakçısı “ medalı və digər medalların vəsiqəsi verilmişdir. Əvvəllər tanıdığı Cavabdeh ilə Bakı şəhərində hərbi Hissədə birgə xidmət etmişlər. Cavabdeh 2015-ci il tarixdə "xxxx" ASC-dən 7000 manat kredit götürən zaman o da Z-113GTUM151350005 saylı 15 may 2015-ci il tarixli zaminlik müqaviləsi üzrə zamin kimi üzərinə öhdəlik götürmüşdür. Bir müddət sonra cavabdehi işdən azad etdilər. Kredit borcunu ödəyə bilmədi. Sonra qalan 4609 manat kredit borcu onun hesabına yönləndilməklə birbaşa hesabından tutulmağa başlanıldı. Ümumiyyətlə, işləyən zaman da səhlənkarlıq edib borcunu ödəmədiyi üçün bir neçə dəfə o, ödəmişdir. İşdən çıxarıldıqdan sonra krediti ödəyə bilmədiyi üçün 2017-ci il tarixdə 60 ay uzadılması şərtilə onunla da Z- 113RGTK170180002 saylı xx.xx.2017-ci il tarixli yeni zaminlik müqaviləsi bağlanıldı. Ümumilikdə, onun tərəfindən 7000 manat kreditdən 4609 manat kredit borcu ödənilmişdir. Bununla bağlı "xxxx" ASC-dən əldə edilmiş ödəniş kartı üzrə çıxarışlar da iddia ərizəsinə əlavə edilmişdir. Cavabdehdən ona olan borcunu qaytarmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh bu günədək pulunun ona qaytarılması ilə bağlı bir dəfə də olsun cəhd göstərməyib. Odur ki, iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Vəkil məhkəmə iclası zamanı iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı bildirdi ki, təmsil etdiyi şəxs maddi imkanı olmadığı üçün borcdan ödəniş edə bilməmişdir. İddiaçının zamin kimi 4609 manat məbləğində pulu ödədiyini qəbul etsə də, mənəvi ziyan tələbini qəbul etmir. Odur ki, məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış Z-113GTUM151350005 saylı 15 may 2015-ci il tarixli və Z-113RGTK170180002 saylı xx.xx.2017-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, 113GTUM151350005 saylı 15 may 2015-ci il tarixli və 113RGTK170180002 saylı xx.xx.2017-ci il tarixli kredit müqavilələri üzrə Cavabdeh kreditor qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün İddiaçı məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan hesabdan çıxarışlardan görünür ki, 4609 manat kredit borcu zamin İddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən 20 iyun 2025-ci il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh Nizami filialında xx.xx.2017-ci il tarixdə rəsmiləşdirdiyi 4911.58 manat məbləğində 113RGTK170180002 saylı kredit müqaviləsi üzrə borcu tam olaraq ödənilib və hazırda bununla bağlı bank qarşısında öhdəliyi mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehdən 4609 manat məbləğində pulun alınmasını və mənəvi ziyana görə isə 5000 manat məbləğində zərər vurulmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və iş materiallarına əlavə edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış Z-113GTUM151350005 saylı 15 may 2015-ci il tarixli və Z-113RGTK170180002 saylı xx.xx.2017-ci il tarixli zaminlik müqavilələrinə əsasən 113GTUM151350005 saylı 15 may 2015-ci il tarixli və 113RGTK170180002 saylı xx.xx.2017-ci il tarixli kredit müqavilələri üzrə Cavabdeh kreditor qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün İddiaçı məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh kredit müqaviləsinin şərtlərinə tam əməl etmədiyi üçün kredit borcu yaranmışdır. 4609 manat kredit borcu "xxxx" ASC tərəfindən iddiaçıya məxsus kartdan aparılan tutulmalar hesabına ödənilmişdir. Bununla da cavabdehin ona 4609 manat məbləğində borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçıya olan borcunu ödəməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı reqres qaydada tələb hüququ yaranmışdır. Məhkəmə, həmçinin müəyyən etdi ki, Cavabdeh Nizami filialında xx.xx.2017-ci il tarixdə rəsmiləşdirdiyi 4911.58 manat məbləğində 113RGTK170180002 saylı kredit müqaviləsi üzrə borcu tam olaraq ödənilib və hazırda bununla bağlı bank qarşısında öhdəliyi mövcud deyil. 4609 manat kredit borcu zamin olan iş üzrə İddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. Cavabdeh isə zaminə dəyən ziyanı ödəməmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri ilə bağlı mübahisədir. Ona görə də mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilədən əmələ gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi mülki hüquq normaların tətbiq edilməsi əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxalayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2–ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. İş materiallarından göründüyü kimi cavabdehin bank qarşısında olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə iddiaçı tərəfindən 4609 manat məbləğində kredit ödənişi edilmişdir. Məhkəmə iddianın mənəvi zərərə aid hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə əsaslı deyildir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, iddiaçı mənəvi zərərə məruz qalmasına istinad etsə də, həmin hallara dair məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Belə ki, iddiaçı iztirab və sarsıntı keçirməsi ilə bağlı mötəbərliyi şübhə doğurmayan zəruri sənədləri məhkəməyə təqdim etməmişdir. Halbuki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008–ci il tarixli 7 nömrəli qərarının 1–ci bəndində qeyd olunmuşdur ki, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41–ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri–əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2–ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri–əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 4–cü bəndində göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması istənilən xarakterli qeyri–hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 7–ci bəndində göstərilmişdir ki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115–ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Qərarın 10–cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablarda dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının mənəvi zərərə məruz qalması ilə bağlı istinad etdiyi dəlillər iddianın həmin hissədə təmin edilməsi üçün yetərli olmadığından, iddianın vurulmuş mənəvi zərərə görə 5000 manat məbləğində ödənilməsinə dair hissəsi təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlə bank arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış 4609 manat məbləğində borc iddiaçı tərəfindən ödənildiyindən, cavabdehin həmin pulu qaytarmaması sübuta yetirildiyindən, habelə cavabdeh tərəf məhkəmə iclası zamanı iddiaçının zamin kimi 4609 manat məbləğində pulu ödədiyini qəbul etdiyindən, cavabdehdən 4609 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4609 (dörd min altı yüz doqquz) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar